Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən 30 illik işğalı dönəmində ABŞ vasitəçilik missiyası altında işğalın və təcavüzün, münaqişənin davamlılığı üçün, faktiki olaraq, bütün səylərini səfərbər etmişdi. Hazırkı Ermənistan ərazisi olan tarixi Azərbaycan torpaqlarından etnik azərbaycanlıların, o cümlədən Qarabağ və Şərqi Zəngəzurdan Azərbaycan vətəndaşlarının didərgin salınmasına, bir milyondan artıq insanın misli görünməmiş vəhşiliklərə, müharibə cinayətlərinə, etnik təmizləməyə, ayrı-seçkiliyə və digər qəbuledilməz məhrumiyyətlərə düçar olmasına baxmayaraq, Amerika Birləşmiş Ştatları açıq formada Ermənistanı işğalçı və təcavüzkar adlandırmaqdan çəkinmişdir. Üstəlik, "Azadlığa Dəstək Akt"ına 907-ci düzəlişi qəbul etməklə işğala və təcavüzə ədalətsiz formada dəstək vermişdir.
Eyni zamanda ABŞ ötən dövr ərzində Ermənistana davamlı hərbi-siyasi yardımları ilə vasitəçi kimi bitərəf olmadığını göstərmiş, işğalçı dövləti hərbi və siyasi cəhətdən gücləndirməklə Cənubi Qafqazda təcavüz meyillərinin davamlılığının iştirakçısı kimi çıxış etmişdir. Azərbaycanın səyləri ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü və Təşkilatın idarəçiliyində əsas mövqe tutan dövlət olsa da, bu sənədlərin icrası istiqamətində tamamilə fəaliyyətsiz qalmış, beynəlxalq hüququn aliliyinin ikinci, yaxud üçüncü dərəcəli məsələ olduğunu nümayiş etdirmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə başlanan şərəfli yol, cənab İlham Əliyevin rəhbərliyi ilə siyasi müstəqilliyimizin möhkəmləndirilməsi, tam iqtisadi müstəqilliyə nail olunması, həyata keçirilən ordu quruculuğu, xalq, dövlət, ordu birliyi regionda ABŞ da daxil olmaqla Qərb imperializminin saxlamağa çalışdığı status-kvonu əsaslı formada dəyişdi. Azərbaycan ilk növbədə BMT Nizamnaməsini və beynəlxalq hüququn ümumtanınmış normalarında əksini tapan prinsipləri rəhbər tutaraq öz ərazilərini işğaldan azad etdi, Qarabağ iqtisadi rayonunda qanunsuz xunta rejiminin sonunu gətirdi. Yaxın və Orta Şərqdə, Asiyada, Şimali Afrikada milyonlarla insanın məhvinə səbəb olan ABŞ-dan fərqli olaraq, Azərbaycan öz torpaqlarını işğaldan, təcavüzdən və separatizmin təsirlərindən azad edərkən beynəlxalq humanitar hüququ rəhbər tutaraq, mülki əhalinin heç bir formada hədəfə alınmamasına nail olmaqla dünyaya, o cümlədən ABŞ-a insanlıq dərsi keçdi. BMT idarəçiliyində yer tutan və beynəlxalq hüququn aliliyinin təmin olunmasına görə birbaşa məsuliyyət daşıyan aparıcı dövlət olmasına baxmayaraq, çox təəssüf ki, ABŞ Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsinə, 30 ildən artıq davam etmiş işğal, təcavüz, çoxsaylı müharibə cinayətləri və separatizmə son qoymasına gözlənilən reaksiyanı yox, qeyri-adekvat yanaşmaları nümayiş etdirdi. Belə ki, Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində zəfərləri ilə işğala, təcavüzə son qoymasına, beynəlxalq hüququn təmin olunmasına ABŞ öz maraqlarına təhdid kimi yanaşaraq bu ölkənin Konqresində, o cümlədən xarici siyasət idarəsində Azərbaycan əleyhinə ciddi kampaniyalara başladı. İstər Konqresin Nümayəndələr Palatası, istərsə də Senatda dəfələrlə Azərbaycanın haqq işinə münasibətdə qərəz və böhtan dolu, reallıqları əks etdirməyən davamlı bəyanatlar qəbul olunduğuna şahidlik etdik. Habelə ABŞ Dövlət Departamentinə və birbaşa Ağ Evə bağlı olan çoxsaylı media qurumları, o cümlədən "qeyri-hökumət" təşkilatları özlərinin saxta hesabatlarında Azərbaycanı az qala işğalçı və təcavüzkar kimi bütün dünyaya təqdim etməyə çalışan yanaşma ortaya qoydular.
ABŞ-ın qeyri-adekvat davranışlarına region dövlətlərinin lazımi reaksiya verməməsi ciddi narazılığa səbəb olur. Şimal qonşumuz və regionun təhlükəsizlik konfiqurasiyasının aparıcı həlqələrindən biri olan Rusiyanın Ermənistanda ABŞ-ın möhkəmlənməsinə və Rusiyanın bu bölgədə sıxışdırılmasına münasibəti sadəcə təəccüb doğurur. Rusiya Xarici İşlər Nazirliyi rəsmisinin prosesləri görməzdən gələn və yersiz arxayınlıqla ehtiva olunan bəyanatları fonunda əminliklə demək olar ki, bu gedişlə ABŞ Rusiyanı bölgədən, konkret olaraq, Ermənistandan sıxışdırmağı bacaracaq. Bu isə öz növbəsində regiona yaxşı heç nə vəd etmir. Əlbəttə, proseslərin istənilən istiqamətdə inkişafı suveren və müstəqil siyasi kursa malik Azərbaycan üçün heç bir təhdid yaratmır. Lakin regionda qüvvələr balansının dəyişməsi bölgənin aparıcı dövlətlərindən biri kimi Rusiya maraqları üçün təhdid deməkdir. Xüsusən, Ermənistan sərhədlərinin mühafizəsinin hələ də Rusiya təhlükəsizlik qüvvələri tərəfindən təmin olunduğu bir dövrdə ABŞ-ın ordu hissələrinin Ermənistana gəlməsi, Zəngəzur dəhlizi istiqamətində mövqelərin qurulması ilə bağlı məlumatların yayılması Rusiyada ciddi şəkildə araşdırılmalıdır. O cümlədən qardaş Türkiyə bu məsələlərdə daha aktiv olmalıdır. Çünki elə Türkiyə rəsmilərinin özlərinin də ifadə etdiyi kimi, İraqın və Suriyanın şimalındakı terrorçulara dəstək verilməsindən tutmuş, Türkiyə daxilində FETO əli ilə çevrilişlərə can atılmasına yol açan vəziyyətin yaranmasının təməlində məhz rəsmi Vaşinqton dayanır. Eyni zamanda Yunanıstanla Türkiyə arasında ritorikanın gərginləşdiyi dönəmdə ABŞ-ın Türkiyənin Qərb qonşusuna verdiyi açıq dəstəyi görməmək olmur. Bu durumda Vaşinqtonun Ermənistanda möhkəmlənməsi, ən azı Rusiyaya olduğu qədər Türkiyənin maraqlarına da təhdid yaradır.
Proseslərin gedişatında xüsusilə təəssüf doğuran mövqeni isə İrandan müşahidə edirik. Belə ki, özünün hərbi-siyasi doktrinasında ABŞ-ı əzəli düşmən elan edən, regiona üçüncü qüvvələrin gəlməsini təhdid sayan, o cümlədən Vətən müharibəsi dönəmində Ermənistanın sərhədlərinin "dəyişməsini" özünün qırmızı cizgisi elan edən İran bu gün şimal sərhədində - Ermənistan ərazisində, konkret desək, İran-Ermənistan magistralının tam şəkildə ABŞ hərbçilərinin nəzarətinə keçməsinə sadəcə susqunluqla yanaşır. Heç şübhəsiz ki, rəsmi Tehran Zəngəzur dəhlizində yerləşən ABŞ ordusunun ilk hədəfinin məhz İran olduğunu bilməmiş deyil, lakin bununla belə, cənub qonşumuzun susqunluğu, yaxud aidiyyəti adekvat reaksiya göstərməməsi təəccüblüdür. Təbii ki, qeyd etdiyimiz kimi, Azərbaycan regionda sülh və sabitlik arzu edir, eyni zamanda Vaşinqtonla enerji və təhlükəsizlik sahəsində uğurlu əməkdaşlığa malikdir. Biz regionda Vaşinqtonu görməkdən qətiyyən narahat deyilik, lakin ABŞ regionda yalnız və yalnız bərabərhüquqlu tərəfdaşlıq zəminində sülh və sabitliyə gətirib çıxaran mövqedə çıxış etməlidir. Vaşinqtonun Cənubi Qafqaza hazırkı tempdə gəlişi regiona yaxşı heç nə vəd etmir, xüsusən, Ermənistan və erməni xalqı başa düşməlidir ki, bu ölkə ABŞ-a hazırkı durumda qucaq açmaqla özünü Qərb və Şərq qütbləri arasında hərbi plasdarma çevirir ki, bu da Ermənistan üçün son deməkdir. Lakin cənab İlham Əliyevin regionda yaratdığı geosiyasi reallıq, o cümlədən Azərbaycanın siyasi və iqtisadi cəhətdən tam müstəqil olması, çoxsaylı dövlətlərin milli və enerji təhlükəsizliyində aparıcı mövqe əldə etməsi rəsmi Vaşinqtonun regionda dağıdıcı təsirlərini minimuma endirirdi. Digər tərəfdən, Rusiya-Ukrayna münaqişəsinin başlaması ilə Moskvanın Cənubi Qafqazda zəifləyəcəyini düşünən ABŞ Ermənistanı özünün forpostuna çevirməklə regionda dayaq nöqtəsi yaratmağı hədəfləyən siyasi kurs başladı. Məhz bu çərçivədə Ermənistan tərəfi ilə əməkdaşlığın genişləndirilməsi, Rusiyanın bölgədən sıxışdırılıb çıxarılması, o cümlədən Azərbaycanın qələbəsində ehtiva olunan status-kvonun Ermənistanın xeyrinə dəyişdirilməsi istiqamətində konkret tədbirlər planı işə salındı. Bu gün əminliklə demək olar ki, necə ki 30 illik münaqişə dövründə ABŞ bölgədə sülh və sabitlik qarşısında əngəl kimi çıxış edib, eləcə də Azərbaycan və Ermənistan arasında postmünaqişə dövründə yekun sülh müqaviləsinin imzalanmasında da əsas əngəllərdən biri ABŞ-dır. Azərbaycan regionun lider dövləti olaraq təbii ki, prosesləri diqqətlə izləyir. Vətən müharibəsi və antiterror tədbirlərindən sonra regionda yaranan hərbi-siyasi konfiqurasiyaya və əməliyyat şəraitinə tam şəkildə nəzarət edən dövlət kimi Azərbaycan regionda ssenarinin istənilən inkişaf tendesiyasına hazırdır.
Bəhruz MƏHƏRRƏMOV.