ABŞ çoxsaylı insan itkisi ilə üz-üzə qala bilər
Dünya xəbərləri

ABŞ çoxsaylı insan itkisi ilə üz-üzə qala bilər

ABŞ hökumət orqanlarının hesablamalarına görə, ölkənin cənub-şərqini vuran “Helen” qasırğası nəticəsində yüzlərlə insan həlak ola bilər.

"Respublika" xəbər verir ki, ABŞ Prezidentinin daxili təhlükəsizlik üzrə müşaviri Liz Şervud-Randall təbii fəlakət nəticəsində həlak olanların sayının 600 nəfərə yüksələ biləcəyini deyib. Onun sözlərinə görə, hazırda fəlakət bölgələrində yaşayan 600 nəfərlə əlaqə saxlamaq mümkün olmur.

Son rəsmi məlumata görə, ABŞ-da “Helen” qasırğası nəticəsində ölənlərin sayı 110 nəfərə çatıb.

“Helen” qasırğası cümə axşamı yerli vaxtla saat 23:10-da (Bakı vaxtı ilə cümə günü saat 7:10) Florida ştatının şimalını vurub. Qasırğanın mərkəzində küləyin sürəti saatda 225 kilometr olub. Leysan yağışları səbəbindən bölgədə daşqınlar baş verib. Təbii fəlakət səbəbindən Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Alabama və Virciniya ştatlarında fövqəladə vəziyyət rejimi elan olunub. Həmin ştatların 2 milyondan çox sakini işıqsız qalıb.

Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi tropik siklonların şiddətinə və tezliyinə birbaşa təsir göstərir. ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Agentliyi Atlantik okeanın bu il orta göstəricidən daha çox qızdığına görə müstəsna qasırğaların gözlənildiyi barədə xəbərdarlıq edib.