2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Ümid Partiyası tərəfindən namizədliyi 80 saylı Lerik-Astara seçki dairəsi üzrə irəli sürülmüş Əliyev Ramin Arif oğlu 8 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək, onun namizəd kimi qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 20/75 saylı qərarını mübahisələndirmiş, həmin qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən, Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında mahiyyəti üzrə baxılmışdır.
Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun araşdırma prosesində və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.
Dairə seçki komissiyası namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş R.A.Əliyevin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə 6 avqust 2024-cü il tarixli 20/75 saylı qərarını onunla əsaslandırmışdır ki, toplanmış 499 seçici imzası olan 10 ədəd imza vərəqəsi və onlara əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, komissiyanın nəzdində fəaliyyət göstərən işçi qrupu imza vərəqələrini yoxlayarkən dairə seçki komissiyasına daxil olmuş bir sıra vətəndaşların müraciətləri əsasında bəzi imzaların yoxlanmasına zərurət yarandığını nəzərə alaraq namizədin təqdim etdiyi imza vərəqələrindəki imzaların yoxlanılması üçün xətşünas ekspertlərin ayrılması barədə Mərkəzi Seçki Komissiyasına müraciət etmişdir. Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən İşçi qrupunun mütəxəssisləri sırasından xətşünas ekspertlər ayrılmış və yoxlamaya təqdim edilmiş imza vərəqələrindəki imzaların düzgünlüyünün yoxlanılması barədə ekspertlərin rəyindən və işçi qrupunun protokolundan görünür ki, yoxlamaya təqdim olunan 10 ədəd imza vərəqəsində olan 499 ədəd imzadan 180 ədəd imza yoxlanılmış, həmin imzalardan 102 ədəd imza qeyri-düzgün hesab olunmuşdur. Təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazım olan saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsas olmuşdur.
Araşdırma prosesində namizəd R.A.Əliyev tərəfindən təqdim edilmiş imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasından tələb edilərək götürülmüş və təkrar olaraq yoxlanılması üçün Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən İşçi qrupuna təqdim edilmişdir. Mübahisələndirilən və qeydiyyatdan imtina üçün əsas olmuş seçici imzaları təkrarən digər xətşünas ekspertlər tərəfindən yoxlanılmış, imzalar üzrə əvvəl aparılmış ekspertizanın nəticəsi bir daha öz təsdiqini tapmışdır.
Seçki Məcəlləsinin 59.2-ci maddəsinə görə, işçi qrupunun tərkibinə müvafiq orqanların mütəxəssisləri sırasından cəlb edilən ekspertlərin rəyləri imza vərəqələrində olan məlumatların düzgün olub-olmamasını təsdiq edən əsas kimi qəbul edilir.
Seçki Məcəlləsinin 147.1-ci maddəsinə əsasən, namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanılmalıdır.
Seçki Məcəlləsinin 60.2.4-cü maddəsinin tələbinə görə, namizədin müdafiəsi üçün təqdim edilmiş etibarlı (düzgün) seçici imzalarının lazımi saydan az olması namizədin qeydə alınmasından imtina üçün əsasdır.
Göstərilənlərlə müəyyən edilir ki, etibarlı (düzgün) seçici imzalarının sayı R.A.Əliyevin namizədliyinin qeydə alınması üçün kifayət etmədiyindən dairə seçki komissiyasının onun namizədliyinin qeydə alınmasından imtina edilməsi barədə gəldiyi hüquqi nəticə Seçki Məcəlləsinin tələblərinə uyğun olmuşdur.
Beləliklə, namizəd R.A.Əliyevin müraciəti əsassız olduğundan təmin edilməməli, namizədliyin qeydə alınmasından imtinaya dair 80 saylı Lerik-Astara seçki dairəsi dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 20/75 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 56-cı, 57-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci, 147-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Azərbaycan Ümid Partiyası tərəfindən namizədliyi 80 saylı Lerik-Astara seçki dairəsi üzrə irəli sürülmüş Əliyev Ramin Arif oğlunun 8 avqust 2024-cü il tarixli 18 saylı müraciəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 20/75 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov