2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 avqust 2024-cü il tarixli 14 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 avqust 2024-cü il tarixli 14 saylı müraciətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş Carullayeva Dünyaxanım Cahan qızı 7 avqust 2024-cü ildə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 26/63 saylı Qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini və onun namizədliyinin qeydə alınmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”da nəzərdə tutulmuş müddətdə və qaydada verildiyindən Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılaraq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah olunmuş, onun və Müsavat Partiyasının səlahiyyətli nümayəndəsinin araşdırmada və Komissiyanın iclasında iştirakı təmin edilmişdir.

Namizəd D.C.Carullayeva şikayətində iddia etmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 89 saylı İsmayıllı seçki dairəsi üzrə namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş, həmin seçki dairə¬sinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri dairə seçki komissiyasına təqdim edilmiş, lakin əmlakları barədə təqdim etdiyi məlumat düzgün hesab edilmədiyinə görə dairə seçki komissiyasının mübahisələndirdiyi qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmiş, namizədliyin qeydə alınması ilə bağlı sənədlər yoxlanılarkən dairə seçki komissiyasına dəvət olunmamış, seçki sənədlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün ona şərait yaradılmamışdır.

D.C.Carullayeva şikayətində, həmçinin Carullayev Füzuli Vəzir oğlu ilə birgə nikahda olduqlarını, qərarda imtinanın əsası kimi göstərilən, həyat yoldaşının adına olan Bakı şəhərində yerləşən bir mənzilin və bir minik avtomobilinin müvafiq olaraq alqı-satqı müqaviləsi və etibarnamə verilməsi yolu ilə özgəninkiləşdirildiyini bildirmişdir.

Dairə seçki komissiyası D.C.Carullayevanın nami¬zədliyinin qeydə alınmasından imtina edilməsinə dair 6 avqust 2024-cü il tarixli 26/63 saylı Qərarını onunla əsaslandırmışdır ki, namizəd təqdim etdiyi əmlak barəsində məlumatda ümumi birgə mülkiyyət hüququ əsasında ona məxsus olan və Bakı şəhərində yerləşən bir mənzili və bir nəqliy¬yat vasitəsini müvafiq seçki sənədində göstərməmiş və buna görə də Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə görə onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma ilə namizəd D.C.Carullayevanın həyat yoldaşı F.V.Carullayevin adına birgə nikah dövründə alınmış Bakı şəhərində yerləşən mənzilin 7 iyul 2004-cü il tarixli AN-I №-00118243 saylı daşın¬maz əmlakın alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirildiyi, lakin alıcı tərəfindən mülkiyyət hüququnun qeydə alınması üçün həmin əmlak barədə daşınmaz əmlakın dövlət reyestrinə məlumat təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də rəsmi sorğuya cavab olaraq həmin mənzilin F.V.Carullayevin mülkiyyətində olması göstərildiyindən, dairə seçki komissiyası bunu namizədliyin qeydə alınmasından imtinanın əsası kimi göstərmişdir. Aparılan araşdırma ilə müəyyən edildi ki, bu hal D.C.Carullayevanın namizəd kimi qeydə alınmasından imtina edilməsi üçün əsas hesab edilə bilməz.

Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən verilmiş rəydən görünür ki, dairə seçki komissiyasına təqdim olunan əmlaka dair məlumatda göstərilməyən D.C.Carullayevanın həyat yoldaşı F.V.Carullayevə məxsus birgə nikah dövründə əldə edilmiş bir ədəd minik avtomobilinin özgəninkiləşdirilməsi faktı öz təsdiqini tapmadığından həmin minik avtomobili hazırda sonuncunun mülkiyyətindədir.

Bu səbəbdən dairə seçki komissiyası düzgün nəticəyə gələrək qeyd edilən əsasla D.C.Carullayevanın namizədliyinin qeydə alınmasından imtina edilməsinə dair qərar qəbul etmişdir.

Namizədliyin qeydə alınması ilə bağlı seçki sənədləri yoxlanılarkən dairə seçki komissiyasına dəvət olunmadığına, eləcə də seçki sənədlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün ona şərait yaradılmadığına dair D.C.Carullayevanın iddiaları araşdırılarkən dairə seçki komissiyasının sədrindən, katiblərindən və həmin dairə seçki komissiyası nəzdində yaradılmış işçi qrupunun üzvündən alınan izahatlardan müəyyən edilir ki, imza vərəqələri və digər zəruri seçki sənədləri yoxlanılarkən həmin sənədlərdə qəsdən buraxılmayan səhvlər aşkar edilmədiyi üçün namizəd və Müsavat Partiyasının səlahiyyətli nümayəndəsi dairə seçki komissiyasına dəvət olunmamış, əksinə, namizədin qeydə alınması məsələsinə baxılarkən onlar dairə seçki komissiyasının iclasına dəvət olunmuş və dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixdə keçirilən iclasında iştirak etmişlər. Sonda dairə seçki komissiyasının qərarı və işçi qrupunun rəyi onlara təqdim olunmuşdur.

Beləliklə, Bakı şəhərində yerləşən yuxarıda qeyd olunan mənzilin özgəninkiləşdirildiyi təsdiq olunsa da, ümumi birgə mülkiyyətdə olan və əmlak barədə məlumatda göstərilməyən bir minik avtomobili hal-hazırda F.V.Cərullayevin mülkiyyətində olduğundan D.C.Carullayevanın namizəd kimi qeydə alınmasından imtinaya dair 89 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 26/63 saylı Qərarının ləğv edilməsi üçün hüquqi əsaslar yaranmamışdır.

Göstərilənlərə əsasən namizəd D.C.Carullayevanın 7 avqust 2024-cü il tarixli 14 saylı şikayəti əsassız olduğundan təmin edilməməli, 89 saylı İsmayıllı seçki dairəsi dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 26/63 saylı Qərarı qüvvədə saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 60-cı, 112-ci, 112-1-ci, 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyi 89 saylı İsmayıllı seçki dairəsi üzrə Müsavat Partiyası tərəfindən irəli sürülmüş Carullayeva Dünyaxanım Cahan qızının 7 avqust 2024-cü il tarixli 14 saylı şikayəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 6 avqust 2024-cü il tarixli 26/63 saylı Qərarı qüvvədə saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr                   Məzahir Pənahov

Katib                  Arifə Muxtarova

Katib                  Mikayıl Rəhimov