2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 iyul 2024-cü il tarixli 05 saylı şikayətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 31 iyul 2024-cü il tarixli 05 saylı şikayətə baxılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərli Fikrət Novruz oğlu 2024-cü il iyulun 31-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair həmin seçki dairəsi dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.

Şikayət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsinin) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Namizəd F.N.Cəfərli şikayətində bildirmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş, həmin seçki dairəsinin ərazisində seçicilərin imzası toplanaraq imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədləri vaxtında dairə seçki komissiyasına təqdim edilmiş, lakin namizəd öz gəlirlərinin miqdarı və mənbəyi haqqında düzgün məlumat vermədiyinə görə dairə seçki komissiyasının mübahisələndirdiyi qərarı ilə onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir. Eyni zamanda, o, şikayətində namizədliyin qeydə alınması ilə bağlı məsələyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığını, seçki sənədlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün ona şərait yaradılmadığını göstərmişdir.

Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.

Dairə seçki komissiyası namizədliyi irəli sürülmüş F.N.Cəfərlinin namizəd kimi qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, işçi qrupunun namizədin gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatların yoxlanılmasına dair rəyində onun 2023-cü ilin son 6 ayı üzrə muzdlu işdən gəlir əldə etdiyi müəyyən edilmiş və namizəd gəlirlərinin miqdarı və mənbəyi haqqında məlumatları seçki sənədində düzgün göstərməmişdir, buna görə də Seçki Məcəlləsinin 58.1.4-cü və 60.2.3-cü maddələrinə əsasən onun namizədliyinin qeydə alınmasından imtina edilmişdir.

Araşdırma ilə əlaqədar namizəd F.N.Cəfərli tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 2 avqust 2024-cü il tarixli rəyindən məlum olur ki, namizəd F.N.Cəfərlinin öz gəlirlərinin miqdarı və mənbəyi barədə təqdim etdiyi məlumata əsasən 1 iyul 2023-cü il tarixdən 1 iyul 2024-cü il tarixədək olan dövrdə 25571,60 (iyirmi beş min beş yüz yetmiş bir manat altmış qəpik) manat məbləğində qeyd etdiyi gəlirlər qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərdən ibarətdir. Aparılan araşdırma nəticəsində həqiqətən də onun gəlirlərinin miqdarı və mənbəyi barəsində təqdim etdiyi həmin məlumatda göstərmədiyi, lakin 2023-cü ilin son altı ayını əhatə edən dövr üzrə muzdlu işdən 2070,0 (iki min yetmiş) manat məbləğində gəlirlərinin olduğu aşkar edilmişdir. Göstərilən məbləğ isə namizədin gəlirlərinin miqdarı və mənbələri barədə olan Qaydalara 1 saylı əlavədə “Əsas iş yerindən aylıq əməkhaqqı” bölümündə öz əksini tapmamışdır.

Bundan başqa, namizəd tərəfindən təqdim olunmuş 15 iyul 2024-cü il tarixli Kapital Bankın ödəniş kartı (debet) üzrə çıxarışda müxtəlif tarixlərdə köçürülmüş məbləğlərdə namizədə aid olan 2023-cü ilin son altı ayı üzrə hər ay üçün ayrı-ayrılıqda minimum əməkhaqqı məbləğində (345,0 manat) olan ödənişlər öz əksini tapmamışdır.

Beləliklə, F.N.Cəfərlinin öz gəlirlərinin miqdarı və mənbəyi barədə dairə seçki komissiyasına verdiyi məlumatların düzgün olmaması Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədliyin qeydə alınmasından imtina üçün əsasdır və dairə seçki komissiyası bu əsaslarla F.N.Cəfərlinin namizədliyinin qeydə alınmasından imtina etməkdə düzgün qənaətə gələrək qərar qəbul etmişdir.

F.N.Cəfərlinin şikayətində göstərdiyi namizədliyin qeydə alınması ilə bağlı məsə-ləyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığına, eləcə də seçki sənədlərində aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün ona şərait yaradılmadığına dair iddiaları araşdırılarkən dairə seçki komissiyasının sədrindən, katiblərindən və həmin dairə seçki komissiyası nəzdində yaradılmış işçi qrupunun rəhbərindən alınan izahatlardan aydın oldu ki, F.N.Cəfərli imza vərəqələri və digər zəruri seçki sənədlərini 26.07.2024-cü il tarixdə dairə seçki komissiyasına təqdim etmişdir. Dairə seçki komissiyasının nəzdində yaradılmış işçi qrupunda təqdim edilmiş seçki sənədləri və imza vərəqləri nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, bir neçə imza vərəqəsində və seçki sənədində qəsdən buraxılmayan səhvlər mövcuddur. Bununla əlaqədar F.N.Cəfərli və səlahiyyətli nümayəndəsi Abdulnasir Şahlar oğlu Əliyev 28.07.2024-cü il tarixdə dairə seçki komissiyasına dəvət olunmuş, həmin səhvlər aradan qaldırılmışdır.

Nəhayət, təqdim edilən izahatlardan o da məlum olur ki, 28.07.2024-cü il tarixdə dairə seçki komissiyasında olarkən F.N.Cəfərlinin dairə seçki komissiyasının sədrindən namizədliyinin qeydə alınması məsələsinə qısa müddətdə baxılmasına dair xahişinə cavab olaraq dairə seçki komissiyasının sədri həmin məsələyə 30.07.2024-cü il saat 1200 - 1300 aralığında baxılacağını bildirmişdir. Lakin nə F.N.Cəfərli, nə də onun səlahiyyətli nümayəndəsi həmin iclasa gəlməmişdir.

Beləliklə, aparılan tam və hərtərəfli araşdırma göstərdi ki, F.N.Cəfərlinin şikayətində göstərdiyi namizədliyin qeydə alınması ilə bağlı məsələyə baxılarkən dairə seçki komissiyasının iclasına dəvət olunmadığına, eləcə də seçki sənədlərində aşkar edilmiş qəsdən buraxılmayan səhvlərin aradan qaldırılması üçün ona şərait yaradılmadığına dair iddiaları öz təsdiqini tapmır. Əksinə, dairə seçki komissiyası imza vərəqələri və digər seçki sənədlərində aşkar edilmiş qəsdən buraxılmayan səhvlərin aradan qaldırılması üçün zəruri addımlar atmışdır, yəni namizəd və onun səlahiyyətli nümayəndəsi təqdim olunmuş sənədlərin yoxlanılması prosesində iştirak etmiş və qeyd edilən sənədlərdə imza atmaq yolu ilə mövcud çatışmazlıqlar aradan qaldırılmışdır.

Göstərilənlərə əsasən F.N.Cəfərlinin 31 iyul 2024-cü il tarixli 5 saylı şikayəti əsas-sız olduğundan təmin edilməməli, onun namizədliyinin qeydə alınmasından imtinaya dair dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərli Fikrət Novruz oğlunun 31 iyul 2024-cü il tarixli 5 saylı şikayəti əsassız olduğundan təmin edilməsin, həmin dairə seçki komissiyasının 30 iyul 2024-cü il tarixli 17/49 saylı qərarı dəyişdirilmədən saxlanılsın.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr      Məzahir Pənahov

Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov