2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sərkərnamazova Könül Əhməd qızı 2024-cü il avqustun 10-da Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək namizəd kimi qeydə alınmasından imtinaya dair həmin seçki dairəsi dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 18/39 saylı qərarını mübahisələndirmiş, müvafiq qərar qəbul edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpa olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”a uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən araşdırılmış, rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.
Araşdırma prosesində ərizəçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmiş, onun Komissiyanın iclasında iştirakı təmin olunmuşdur.
Namizəd K.Ə.Sərkərnamazova şikayətində bildirmişdir ki, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə namizədliyinin qeydə alınması üçün imza vərəqələri və ona əlavə edilmiş digər seçki sənədlərini 35 saylı Xətai üçüncü seçki dairəsinin dairə seçki komissiyasına təqdim etmiş, namizəd tərəfindən gəlirlərin miqdarı və mənbəyi haqqında düzgün məlumat verməməsi səbəbindən onun namizəd kimi qeydə alınmasından imtina edilmişdir.
Dairə seçki komissiyası namizədin qeydə alınmasından imtina edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, namizədin gəlirlərinin miqdarı və mənbəyi barədə məlumatlar müvafiq seçki sənədində düzgün göstərilməmişdir.
Araşdırma ilə əlaqədar namizəd K.Ə.Sərkərnamazova tərəfindən namizədliyin qeydə alınması üçün təqdim edilmiş sənədlər dairə seçki komissiyasından tələb edilərək yoxlanılması üçün Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən işçi qrupuna verilmişdir. İşçi qrupunun 12 avqust 2024-cü il tarixli rəyindən məlum olur ki, namizəd K.Ə.Sərkərnamazova “Namizədin gəlirlərinin miqdarı və mənbələri haqqında məlumat” blankında 29 iyul 2023-cü il tarixdən 29 iyul 2024-cü il tarixədək olan dövr üçün heç bir gəlirinin olmadığını göstərsə də, araşdırma zamanı onun muzdla 2024-cü ilin ilk 6 ayı (yanvar-iyun) üzrə gəlirinin olduğu müəyyən edilmiş, lakin müvafiq seçki sənədinə bu barədə məlumat daxil etməmişdir.
Beləliklə, namizəd K.Ə.Sərkərnamazova öz gəlirlərinin miqdarı və mənbəyi barədə dairə seçki komissiyasına verdiyi məlumatların düzgün olmaması Seçki Məcəlləsinin 60.2.3-cü maddəsinə əsasən namizədliyin qeydə alınmasından imtina üçün əsasdır və dairə seçki komissiyası bu əsasla onun namizədliyinin qeydə alınmasından imtina etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 58-ci, 59-cu, 60-cı, 112-ci, 112-1-ci və 148.1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci hissələrinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Sərkərnamazova Könül Əhməd qızının 10 avqust 2024-cü il tarixli 22 saylı şikayəti əsassız olduğundan təmin edilməsin, dairə seçki komissiyasının 8 avqust 2024-cü il tarixli 18/39 saylı qərarı dəyişdirilmədən saxlanılsın.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov