2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 sentyabr 2024-cü il tarixli 61 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 7 sentyabr 2024-cü il tarixli 61 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 60 saylı Quba–Qusar seçki dairəsi üzrə qeydə alınmış namizəd İsayev Zahir Qəzənfər oğlu 2024-cü il sentyabrın 7-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci, 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində yaradılmış ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Daxil olmuş müraciət nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, şikayət seçki qanunvericiliyində nəzərdə tutulmuş müddət ötürülməklə verilmiş və bu səbəbdən də ekspert qrupunun üzvü müraciətin geri qaytarılması barədə rəy vermişdir.

Seçki Məcəlləsinin 112.1-ci maddəsinə görə, seçki subyektləri vətəndaşların seçki hüquqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) həmin qərarın dərc edildiyi və ya alındığı, hərəkətin (hərəkətsizliyin) baş verdiyi gündən və ya maraqlı şəxsin bu haqda məlumat aldığı gündən başlayaraq 3 gün müddətində şikayət edə bilər.

Seçki Məcəlləsinin 112-1.14.1-ci maddəsinə əsasən şikayət qanunla müəyyən olunmuş qaydada və müddətdə, yəni qərardan, hərəkətin (hərəkətsizliyin) baş verməsindən və ya maraqlı tərəfin xəbərdar olmasından sonra 3 gün ərzində daxil olmalıdır.

Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 60 saylı Quba–Qusar seçki dairəsi üzrə qeydə alınmış namizəd İsayev Zahir Qəzənfər oğlunun 7 sentyabr 2024-cü il tarixli 61 saylı müraciəti şikayətvermə müddətinin ötürülməsi ilə daxil olduğundan onu təqdim edən şəxsə geri göndərilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr   Məzahir Pənahov

Katib   Arifə Muxtarova

Katib   Mikayıl Rəhimov