2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Şahverdiyev Araz Vəli oğlu 2024-cü il sentyabrın 4-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) müraciət edərək səsvermə günü adıçəkilən seçki dairəsinin bəzi seçki məntəqələrində qanun pozuntularına yol verildiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və bununla bağlı müvafiq tədbirlərin görülməsini xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə görə iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə əsasən, şikayət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin şikayətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Beləliklə, müraciət Seçki Məcəlləsinin və göstərilən Təlimatın aidiyyət qaydalarına dair tələblərin pozulması ilə daxil olmuşdur və ona görə də araşdırılması üçün aidiyyəti üzrə 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsinin dairə seçki komissiyasına göndərilməlidir.
Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü və 8-ci hissəsinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 120 saylı Cəbrayıl–Qubadlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Şahverdiyev Araz Vəli oğlunun 2024-cü il 4 sentyabr tarixli 38 saylı müraciəti aidiyyəti üzrə araşdırılması üçün həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov