2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə (bundan sonra – Milli Məclis) növbədənkənar seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsindən qeydə alınmış namizəd Atakişiyev Namus Hacı oğlu 2024-cü il sentyabrın 3-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək səsvermə günü həmin seçki dairəsinin seçki məntəqələrində qanun pozuntularının baş verdiyini iddia etmiş, bu pozuntuların araşdırılmasını və səsvermənin nəticələrinin etibarsız hesab olunmasını xahiş etmişdir.
Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində fəaliyyət göstərən ekspert qrupunun üzvü tərəfindən nəzərdən keçirilmiş, bu barədə müvafiq rəy verilmiş və Mərkəzi Seçki Komissiyasının iclasında baxılmışdır.
Seçki Məcəlləsinin tələbinə görə, iddia olunan qanun pozuntuları ilə bağlı müraciətlər ilkin olaraq dairə seçki komissiyasına verilməli, həmin müraciət üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərardan, hərəkətdən (hərəkətsizlikdən) Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər.
Seçki Məcəlləsinin 112-1.12-ci maddəsinə və yuxarıda göstərilən Təlimatın 8.6-cı bəndinə uyğun olaraq müraciət aidiyyət qaydalarının pozulması ilə daxil olmuşdursa, onda həmin müraciətin aidiyyəti üzrə göndərilməsinə dair qərar qəbul edilməlidir.
Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə və “Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozul¬ması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın 4-cü və 8-ci hissəsinə əsasən qərara alır:
1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 33 saylı Xətai birinci seçki dairəsindən qeydə alınmış namizəd Atakişiyev Namus Hacı oğlunun Mərkəzi Seçki Komissiyasına daxil olmuş 3 sentyabr 2024-cü il tarixli 36 saylı müraciəti araşdırılması üçün aidiyyəti üzrə həmin seçki dairəsinin dairə seçki komissiyasına göndərilsin.
2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov