2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 82 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI
Hüquqi aktlar

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə Mərkəzi Seçki Komissiyasına daxil olmuş 11 sentyabr 2024-cü il tarixli 82 saylı müraciətə baxılmasına dair Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 82 saylı İmişli–Saatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəcəfquliyeva Leyla Rəhim qızı 2024-cü il sentyabrın 11-də Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına (bundan sonra – Mərkəzi Seçki Komissiyası) yazılı müraciət edərək seçki günü həmin seçki dairəsinin əksər seçki məntəqələrində müxtəlif xarakterli qanun pozuntularına yol verildiyini iddia etmiş, həmin seçki dairəsi dairə seçki komissiyasının 9 sentyabr 2024-cü il tarixli 26/62 saylı qərarını mübahisələndirmiş, qərarın ləğv edilməsini, seçki dairəsi üzrə nəticələrin etibarsız sayılmasını xahiş etmişdir.

Müraciət Azərbaycan Respublikası Seçki Məcəlləsinin (bundan sonra – Seçki Məcəlləsi) 112-ci və 112-1-ci maddələrinin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun üzvü tərəfindən icraata qəbul edilmiş, bu barədə müvafiq rəy verilmiş və Komissiyanın iclasında baxılmışdır.

Araşdırma ilə bağlı şikayətçi ilə əlaqə saxlanılmış, araşdırma və iclasda iştirak etmək, həmçinin digər hüquqlarının olması izah edilmişdir.

Araşdırma müddətində, 13 sentyabr 2024-cü il tarixdə namizəd L.R.Nəcəfquliyeva Mərkəzi Seçki Komissiyasına yazılı müraciət edərək, heç bir şikayətinin və tələbinin olmadığını bildirmiş, həmin müraciətin araşdırılmasına xitam verilməsini xahiş etmişdir.

Beləliklə, namizəd L.R.Nəcəfquliyevanın ərizəsi nəzərə alınmalı və müraciətin araşdırılmasına xitam verilməlidir.

Yuxarıda göstərilənləri əsas götürərək, Mərkəzi Seçki Komissiyası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 28.2-ci, 112-ci, 112-1-ci maddələrinə əsasən qərara alır:

1. 2024-cü il sentyabrın 1-də keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərdə 82 saylı İmişli–Saatlı seçki dairəsi üzrə qeydə alınmış namizəd Nəcəfquliyeva Leyla Rəhim qızının 11 sentyabr 2024-cü il tarixli 82 saylı müraciətinin araşdırılmasına xitam verilsin.

2. Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.

Sədr               Məzahir Pənahov

Katib              Arifə Muxtarova

Katib              Mikayıl Rəhimov