XXXII GÜN. RETROSPEKTİV
Tarix

XXXII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, "32-ci gün" ötən ay ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 6 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 sentyabr

  • Sentyabrın 1-də ölkəmizin bütün suveren ərazisində VII çağırış Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının xarici işlər naziri Marko Curiçi qəbul edib.

2 sentyabr

  • Azərbaycan paraatleti Səid Nəcəfzadə "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.
  • Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər.

Kəlbəcər bərpa-quruculuq və inkişaf nümunəsinə çevrilib

Bu gün dünya Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı quruculuq işlərinə şahid olur. Dövlət bütün imkanlarını işğaldan azad olunmuş torpaqlarımızda həyatın canlanmasına, keçmiş məcburi köçkünlərin tezliklə öz el-obalarına qayıtmasına səfərbər edib. Qısa zaman içərisində inanılmaz işlər görülüb. Yollar, elektrik və su xətləri, dəmir yolları çəkilib, hava limanları tikilib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə ermənilər tərəfindən dağıdılan kəndlər, şəhərlər, tarixi mədəni-dini abidələr nümunəvi qaydada yenidən qurulur. Aparılan kompleks bərpa işləri Prezident İlham Əliyevin qətiyyətinin və iradəsinin təcəssümüdür.

3 sentyabr

  • Bakıda Fransanın işğalı altındakı Qəmər Adaları İttifaqının Mayot adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib.
  • Azərbaycan paraatleti Lamiyə Vəliyeva "Paris-2024" Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

4 sentyabr

  • Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı və növbəti dəfə medal qazanan Raman Saleyi təbrik edib.
  • Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya işgüzar səfər edib.

5 sentyabr

  • Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
  • İtaliyanın Baş naziri Prezident İlham Əliyevlə görüşüb.
  • Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

6 sentyabr

  • Cənab İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyada çıxış edib.
  • Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb.

7 sentyabr

  • Şuşaya daha 27 ailə köçüb.
  • Azərbaycan Prezidenti İlham Əliyev braziliyalı həmkarı Luiz İnasio Lula da Silvaya bu ölkənin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
  • Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu və növbəti medalını qazanan Lamiyə Vəliyevanı təbrik edib.

8 sentyabr

  • İtaliyada keçirilən Çernobbio Beynəlxalq Forumunda jurnalistlərin suallarını cavablandıran Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanı Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə adlandırıb.

9 sentyabr

  • Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına məktub ünvanlayıb.

10 sentyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.
  • Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb.

11 sentyabr

  • Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib.
  • Laçına növbəti köç baş tutub.

12 sentyabr

  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığı baş tutub.

13 sentyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Gulfstream Aerospace" şirkətinin prezidenti Mark Börnsü qəbul edib.
  • Prezident İlham Əliyev "Vista Equity Partners" şirkətinin icraçı direktorunu qəbul edib.
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç ilə görüşüb.

14 sentyabr

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

15 sentyabr

  • Prezident İlham Əliyev Formula 1-in prezidenti və baş icraçı direktorunu, məsləhətçisini və britaniyalı supermodeli qəbul edib.
  • Bakı növbəti dəfə Formula 1 Azərbaycan Qran-Prisinə uğurla ev sahibliyi edib.

16 sentyabr

  • Mərkəzi Seçki Komissiyası Milli Məclisə növbədənkənar seçkilərə yekun vurub.

17 sentyabr

  • Energetika naziri Pərviz Şahbazov Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) enerji nazirlərinin dördüncü iclasında çıxış edib.

18 sentyabr

  • Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında" Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

19 sentyabr

  • Prezident İlham Əliyev Qarabağa səfər edib. Ölkə başçısı Ağdam, Xankəndi və Şuşada görülən işlərlə tanış olub.
  • Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilib.

Birlik və inamdan güc alan siyasi qətiyyət

Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq müstəvidə yüksək nüfuza malik olması reallığıdır.

Azərbaycanın Konstitusiya quruluşunun bərpa olunması, beynəlxalq hüquqdan qaynaqlanan ərazi üstünlüyü prinsipinin qeyd-şərtsiz həyata keçirilməsi bir daha təsdiq etdi ki, suveren ərazimizdə ölkə qanunlarından kənarda heç bir "boz zona" ola bilməz. Bundan sonra hər il sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək.

20 sentyabr

  • Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışı olub.
  • Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Ölkə başçısı Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşüb.

Tam suveren Azərbaycanın müasir təhsil ocağı

Qarabağ tarix boyu Azərbaycan elminin inkişafında mühüm rol oynayıb. Burada elmin və mədəniyyətin tərəqqisinə böyük töhfələr verən təhsil ocaqları hər zaman mövcud olub, ənənəvi elm və təhsil mərkəzləri fəaliyyət göstərib və bu mərkəzlərdə yüzlərlə tanınmış şəxsiyyət yetişib. Burada təhsil alan şəxslərin çoxu sonradan elm sahəsində mühüm simalar kimi tanınıblar. Ötən il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra ölkəmiz suverenliyini tam bərpa edib. Bu, həm də Qarabağda elm və təhsil sahəsinin yenidən öz azadlığına qovuşması demək idi. Bir vaxtlar keçmiş xuntanın istinadgahı olan Xankəndi şəhərində Pedaqoji İnstitut yerləşirdi. Ötən əsrdə ümummilli lider Heydər Əliyevin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji İnstitutu artıq Qarabağ Universiteti adı ilə ikinci həyatına başlayır.

21 sentyabr

  • Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Hökuməti, "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti arasında İnvestisiya müqaviləsinə dair Birbaşa Razılaşma"nı təsdiqləyib.

22 sentyabr

  • Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın "The Sunday Times" qəzetində Dominik Lauson tərəfindən Azərbaycanla bağlı yazılan qərəzli məqaləyə cavab verib.

23 sentyabr

  • Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib.

İdeoloji savaşa qarşı ayıq-sayıq olmalıyıq

Azərbaycanın müasir geosiyasi və diplomatik mübarizədə üzləşdiyi təzyiqlər beynəlxalq hüququn, ədalət prinsipinin və demokratik dəyərlərin açıq-aşkar pozulmasıdır. Müstəqillik qazandığı gündən bəri ölkəmizə qarşı sistemli kampaniyalar aparılıb, lakin İkinci Qarabağ savaşından sonra bu hücumlar həm güclənib, həm də motivləri dəyişib. Prezident İlham Əliyev yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisin ilk iclasında çıxışı zamanı verdiyi mesajlarla qərəzli dairələrin çürük ideologiyalarını növbəti dəfə ifşa etdi. Dövlətin mənafeyini, milli maraqları qorumaq üçün təxribatlara qarşı güclü informasiya siyasəti, diplomatik fəaliyyət və daxili sabitlik strategiyası vacibdir.

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı ünvanlayıb.
  • Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən qəsəbə məscidindən paylaşım edib.

24 sentyabr

  • Prezident İlham Əliyev "ADEX-2024" və "Securex Caspian" sərgiləri ilə tanış olub.

Hərbi gücümüzü daha da artırmalıyıq

Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq qarşıya qoyulur.

Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Məhz "ADEX-2024" və "Securex Caspian" sərgilərinə cənab Prezidentin birbaşa diqqət ayırması olduqca təqdirəlayiq haldır. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir. Ölkə rəhbərinin yeni regional və qlobal konyukturanın təhlükələrlə zəngin olması barədə açıqlamalarının rəqəmlərlə təhlili göstərir ki, bölgədə Qafqazın ən güclü ordusunun yaxın gələcəkdə daha da güclənməsinə ciddi ehtiyac yaranıb. Belə ki, müharibədən sonra Ermənistan-Hindistan və Ermənistan-Fransa hərbi əlaqələri, silah mübadiləsi kontekstində kifayət qədər artan dinamika var. Postmüharibə dövründə də Azərbaycan ordu quruculuğunu inkişaf etdirib və müasir ordu modelinə keçib, Türkiyə və Rusiya ilə müttəfiqlik haqqında sənəd imzalayıb. Ölkəmizdə komando tipli hərbi hissələr yaradılıb. Daşkənddə "Rəqəmsal əsrdə həqiqət axtarışı: dezinformasiya ilə mübarizə" mövzusunda Azərbaycan-Özbəkistan Media Forumunun açılışı olub.

25 sentyabr

  • Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub.

26 sentyabr

  • Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib.
  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda görüş keçiriblər.

27 sentyabr

  • Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Tarixin böyük sınağından uğurla çıxan Dövlət-Ordu-Xalq birliyi

2020-ci il 27 sentyabr... Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatına başlaması barədə əmr verdi. 30 il ərazi bütövlüyümüzə xor baxan, torpaqlarımızı işğal edən mənfur düşmənə qarşı döyüş başlandı. Qəhrəman Azərbaycan əsgəri uğrunda canından keçməyə hazır olduğu Vətən torpaqlarının müdafiəsinə qalxdı. Düşmənin ərazi iddialarına son qoymaq vaxtı çatdı və İkinci Qarabağ müharibəsi dünya hərb tarixinə XXI əsrin müharibəsi kimi daxil oldu.

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan "La Repubblica" qəzetinə geniş müsahibə verib.

28 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə təbrik məktubu ünvanlayıb.

29 sentyabr

  • Prezident İlham Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına müraciət ünvanlayıb.

30 sentyabr

  • Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb.
  • Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib.
  • Ölkə başçısı bir qrup prokurorluq işçisini təltif edib.

“Respublika”.