27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Hər günü tarixə yazılan 44 günlük Vətən müharibəsi daim qəhrəmanlıq və qürur mənbəyimiz olacaq.
1 oktyabr
- Saat 01:00. Azərbaycan Müdafiə Nazirliyi qarşı tərəfin müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonlarının Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən məhv edildiyi xəbərini yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri səhər saatlarından etibarən Tərtər şəhərini yenidən artilleriya atəşinə tutub.
- Saat 09:00. Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx olduğu əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Tərtər şəhər avtovağzalına düşmüş top mərmisinin qəlpələrindən 1982-ci il təvəllüdlü Həsənov Zabil Məhəmməd oğlu həlak olub, avtovağzala ciddi ziyan dəyib.
- Saat 11:00. Müdafiə Nazirliyi Ermənistan ordusunun artilleriya qurğularının məhv edilməsinin videogörüntülərini yayımlayıb. Ermənistanın Gorus rayonu ərazisindən Azərbaycanın Cəbrayıl-Füzuli cəbhə xətti ərazisi raket zərbələri ilə atəşə tutulub. Rəsmi məlumata görə, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi, Füzuli rayonunun Horadiz şəhəri, Goranboy, Tərtər və Ağdam rayonlarının cəbhəboyu kəndləri Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulub.
- Saat 13:00. Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonu Hacıməmmədli kəndində yaşadıqları evə düşmüş top mərmisinin qəlpələrindən 1966-cı il təvəllüdlü Məmmədov Mürşid Rəşid oğlu və onun 1996-cı il təvəllüdlü oğlu Samir Məmmədov həlak olub, yaşadıqları evə külli miqdarda ziyan dəyib. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Azərbaycan Ordusu tərəfindən işğal altında olan Hadrut yaşayış məntəqəsindəki Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının qərargahına, onun tabeliyində olan 1-ci motoatıcı alayının infrastrukturuna və Xocavənddəki 3-cü motoatıcı alayın qərargahına atəş zərbələri endirilib.
- Saat 14:40. Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edərək Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurma ilə bağlı yaranmış vəziyyətlə maraqlanıb. Dövlətimizin başçısı Belarus Prezidentini Ermənistan tərəfinin törətdiyi təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları barədə məlumatlandırıb. Prezident İlham Əliyev qeyd edib ki, artıq Ermənistan ərazisindən də Azərbaycan mövqeləri atəşə tutulur ki, bu da qəti şəkildə yolverilməzdir. Dövlətimizin başçısı vurğulayıb ki, Ermənistanın hərbi təcavüzünə son qoyulmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Dövlət başçısı onu da bildirib ki, Ermənistan hərbi təxribatlara rəvac verməklə yanaşı, danışıqlar prosesinə də böyük zərbə vurur.
- Saat 15:40. Ermənistan tərəfi Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus 3 təyyarə, 2 helikopter və 6 PUA-nın vurulması ilə bağlı məlumat yayımlayıb. Bir neçə dəqiqə sonra isə bu xəbər təkzib edilib və bugünkü döyüşlərdə döyüş təyyarəsi və helikopterlərin tətbiq olunmadığı bildirilib, yayılmış məlumatın dezinformasiya olduğu açıqlanıb.
- Saat 16:35. Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Ermənistan ordusunun hava hücumundan müdafiə vasitələrini və yaylım atəşli reaktiv sistemlərini məhv etdiyini göstərən video yayımlayıb.
- Saat 17:50. Ermənistan ordusunun bölmələri Füzuli rayonunun Horadiz şəhərinin mülki obyektlərini artilleriya atəşinə tutub.
- Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriyadan atəşə tutub. Nəticədə mülki əhali arasında həlak olanların sayı 19-a, xəsarət alanların sayı 55-ə çatıb. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.
- Düşmənin məhv edilən döyüş texnikasının siyahısı açıqlanıb. Füzuli istiqamətində ələ keçirilən düşmən texnikasının görüntüləri yayılıb.
- Saat 23:00. Ermənistan tərəfi Azərbaycan Ordusunun Nərimanlı və Böyük Məzrə kəndlərini atəşə tutması barədə məlumat yayımlayıb. İran mediasının verdiyi məlumata əsasən, Ermənistan ordusunun atdığı raketlər Cənubi Azərbaycanın Pərvizxanlı kəndinə düşüb, bir mülki şəxs yaralanıb, altı ev və bəzi nəqliyyat vasitələri zərər görüb.
- Müdafiə Nazirliyi xəbər verib ki, Vətən müharibəsinin beşinci gününün sonunadək düşmən bütün cəbhə boyunca tutduqları mövqelərdən və ərazinin vacib sahələrindən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları bölmələrimiz tərəfindən dəqiq atəşlə məhv edilib. Vətən müharibəsi başladığı gündən düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası, 1 ədəd "S-300" zenit-raket kompleksi sıradan çıxarılıb.
"Respublika".