Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Kosmos insan ürəyini sürətlə qocaldır

Amerikalı elm adamları kosmosda insan ürəyinin qısa müddətdə qocaldığını müəyyən ediblər. Tədqiqatçılar bu orqanın necə işlədiyini ölçmək üçün Beynəlxalq Kosmos Stansiyasına ürək toxuması göndəriblər.

Tədqiqat üçün dizayn edilmiş ürək toxuması 30 gün ərzində sınaqdan keçirilib. Qeyd edək ki, toxuma dəstlərindən ibarət dizayna sahib olan sistem çip-ürək adlanır. Tədqiqatçılar real vaxt rejimində stansiyada toxumaların büzülmə və döyünmə nümunələrini izləmək üçün sensorlardan istifadə ediblər. Müqayisə üçün eyni toxuma nümunəsi Yerdə də izlənilib. 12 gündən sonra toxumaların büzülmə gücü demək olar ki, yarıya qədər azalıb. Yerdə isə nisbətən sabit qalıb. 30 günlük sınaq müddəti bitdikdən sonra insan ürəyinin molekulyar və genetik dəyişikliklərə məruz qaldığı müşahidə olunub. Bundan əlavə, mikroqravitasiyanın astronavtların bədənlərinə zərər verdiyi, ürək-damar sistemində nizamsız ürək döyüntüləri kimi dəyişikliklərə səbəb olduğu da aşkar edilib. Tədqiqatçılar gələcəkdə digər orqanların toxumalarını da kosmosa göndərməyi planlaşdırırlar.

Daha bir ekzoplanet kəşf olunub

James Webb Kosmik Teleskopu vasitəsilə son dərəcə nadir xüsusiyyətlərə malik ekzoplanet kəşf edilib.

WASP-107 b adlanan bu maraqlı planet Günəşdən 210 işıq ili uzaqlıqda yerləşən kiçik narıncı bir ulduzun ətrafında fırlanır. İlk dəfə 2017-ci ildə kəşf edilən planetin həcmi Yupiterlə təxminən eynidir, lakin kütlələri arasında böyük fərq var. Yeni ekzoplanetin kütləsi Yupiterin kütləsinin cəmi 10 faizi qədərdir. O, öz ulduzuna çox yaxın və bağlı bir planetdir, yəni həmişə eyni tərəfi gündüz olur. Planetin 1 ili isə cəmi 5 gün çəkir. Bu səbəbdən, onun bir tərəfi digər tərəfindən daha çox şişkin görünür.

Qeyd edək ki, ekzoplanet digər planetlər qədər isti olmasa da səyahət üçün əlverişli yer hesab edilmir. Çünki planetin səthinin temperaturu 477 dərəcə Selsiyə qədər çatır. Tədqiqatçılar bu quruluşun ekzoplanetlər arasında nadir olduğunu vurğulayırlar. Qeyd edək ki, planetin xassələri və quruluşu JWST-nin göyərtəsindəki ötürücü spektroskopiya cihazı ilə tədqiq edilib.

"Meta" yeni eynəyini təqdim edib

ABŞ-ın texnologiya nəhəngi "Meta"nın baş direktoru Mark Zuckerberg Meta Connect 2024 tədbirində "dünyanda ən qabaqcıl eynək" adlandırdığı "Orion"u rəsmi olaraq təqdim edib.

"Orion" digər artırılmış reallıq (AR) məhsullarından fərqli olaraq, holoqramları eynəklərə proyeksiya etmək üçün mini proyektorlardan istifadə edir. Onun dizaynı Magic Leap, Microsoft Hololens və Google Glass kimi əvvəlki AR məhsullarından az həcmli hesab olunur. VR qulaqlıqlarından fərqli olaraq, "Orion" istifadəçilərə cihazdakı kameralar vasitəsilə ətrafda baş verənlərdən də xəbərdar olmağa imkan verir.

Yeni eynək həm daxili məkan, həm də açıq havada yüngül və funksional olmaq üçün nəzərdə tutulub. "Meta", həmçinin istifadəçilərə ətraf mühiti daha yaxşı başa düşmək imkanı vermək üçün kontekstual süni intellektləri "Orion"a inteqrasiya edib. Şirkət iddia edir ki, "Orion" hələ inkişaf mərhələsində olsa da, sadəcə bir tədqiqat prototipi deyil, "indiyə qədər inkişaf etdirdiyimiz ən vacib məhsul prototiplərindən biridir".

Müəllimsiz ilk süni intellekt sinfi açıldı

Londonun "David Game College"ində süni intellekt dəstəkli müəllimsiz ilk sinif istifadəyə verilib. "Sabrewing" adlanan bu proqram tələbələrin fərdi ehtiyaclarına uyğun tədris təcrübəsi təqdim edir.

Tələbələr ənənəvi tədris metodlarından fərqli olaraq öz inkişaf tempinə uyğun təhsil alacaqlar. "Sabrewing" proqramı tələbələrin ənənəvi tədris üsullarından uzaq olan süni intellekt dəstəkli platformalarla təhsil almalarına şərait yaradır. Həmçinin evdə öyrənmə və ya sinif mühitlərini çətin hesab edənlər üçün alternativ bir həll təklif edir.

Tələbələrin motivasiyasını və inkişafını dəstəkləmək məqsədilə xüsusi olaraq tədris məşqçiləri seçilib. İlk tələbə qəbulu 2024-cü ilin sentyabr ayında baş tutub və proqramda başlanğıc üçün 20 tələbə və 3 məşqçi yer alıb. "David Game College" tələbələrə yalnız akademik bilik deyil, həm də həyati bacarıqlar öyrətməyi hədəfləyir. Bundan əlavə, "Sabrewing" proqramı tələbələrin müstəqillik, dözümlülük və uyğunlaşma bacarıqlarının inkişafına da töhfə verə bilər.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".