NETANYAHU: İSRAİL YAXIN ŞƏRQDƏ GÜC BALANSINI DƏYİŞİB
Yəmən və Livana endirilən zərbələr hazırda Yaxın Şərqdə güc balansını dəyişən İsrailin gücünü göstərir. “TASS” agentliyinin xəbərinə görə, bu fikri İsrailin baş naziri Benyamin Netanyahu bəyan edib.
“Biz Qəzzada HƏMAS-ı məğlub etdik, onun komanda zəncirinin çoxunu məhv etdik, “Hizbullah”a güclü zərbə vurduq, Nəsrullahı məhv etdik, biz sistematik olaraq onun yüksək səviyyəli komandirlərini, o cümlədən bu gün Livandakı digər komandirləri sıradan çıxarırıq. Paralel olaraq bir müddət əvvəl İsrail Müdafiə Qüvvələri Yəməndə düşmənlərimizə yenidən zərbələr endirib. Hər kəs bizə hücum edənlərin aqibətini görür”, - deyə o qeyd edib.
Bununla yanaşı, baş nazirin sözlərinə görə, onun ölkəsi hazırda yeddi cəbhədə müharibə apararaq böyük, lakin eyni zamanda çətin dövrlərdən keçir: “Gözəl günlərdir, çünki biz Yaxın Şərqdəki strateji reallığı dəyişirik. Dəyişən güc balansı İsrailin qalib gəlməsi ilə bölgəmizdə yeni ittifaqlar ehtimalını da meydana gətirir. Düşmənlərimiz və dostlarımız yenidən İsraili güclü, qətiyyətli, qüdrətli ölkə kimi görürlər”.
EMMANUEL MAKRON ƏN GÜCLÜ RƏQİBİNİ BU ŞƏKİLDƏ BİTİRMƏYƏ ÇALIŞIR
Fransanın “Milli birlik” Partiyasının sədri Marin Le Pen prezidentlik yarışında qalib gəlməyə həmişəkindən daha yaxındır. Bunu rəy soruğalırının nəticələri sübut edir. Lakin bu gündən başlayan məhkəmə onun siyasi gələcəyinə zərbə vura bilər. Bu barədə “Politico” nəşri məlumat yayıb.
Verilən xəbərə görə, Marin Le Pen və partiyası Avropa Parlamentinin vəsaitlərini mənimsəməkdə ittiham olunur. Belə ki, iddia edilən mənimsəmə 2004-2016-cı illər arasında baş verib.
Xanım siyasətçi iki aylıq məhkəmə prosesindən sonra təqsirli bilinərsə, onu 10 ilə qədər həbs və 1 milyon avroya qədər cərimə gözləyir. Belə uzunmüddətli həbs cəzası ehtimalı az olsa da, Le Penin 2027-ci ildə prezidentliyə namizədliyini irəli sürməsinə mane olacaq. Siyasətçi qarşıdan gələn seçkilərdə iştirak niyyətini artıq bəyan edib.
Qeyd edək ki, son sorğular göstərir ki, əgər prezident seçkiləri bu gün keçirilsə, Le Pen ilk turda 40 faizə qədər səs toplaya bilər. Son seçkilərdə onun əsas rəqibi hazırkı prezident Emmanuel Makron idi. Le Pen həm də Makronun sərt tənqidçilərindəndir. Bu baxımdan, cinayət işinin Fransa prezidentinin sifarişi ilə başladığı istisna edilmir.
ALMANİYA PREZİDENTİ İTALİYADAN RƏSMİ ŞƏKİLDƏ ÜZR İSTƏYİB
Almaniya prezidenti Frank-Valter Ştaynmayer 1944-cü ildə nasistlərin İtaliyanın Marzabotto qəsəbəsində törətdiyi və 770 nəfərin həyatına son qoyan qətliama görə üzr istəyib. “Trend” agentliyinin məlumatına görə, Ştaynmayer İtaliyaya səfər edərək Bolonya şəhərinə gəlib və Marzabotto qətliamının 80-ci ildönümü ilə bağlı keçirilən tədbirdə iştirak edib. Hər iki prezident qətlə yetirilənlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyublar.
Ştaynmayer mərasimdə çıxış edərək deyib: “Səksən il əvvəl burada baş verənləri sözlə ifadə etmək mümkün deyil. Almaniya Prezidenti kimi ancaq ağrı və utanc hissi keçirirəm. Ölkəm adından üzr istəyirəm”.
Marzabotto qəsəbəsində 1944-cü ilin sentyabrın 29-dan oktyabrın 5-dək nasist qoşunları qadınlar, uşaqlar və qocalar da daxil olmaqla 770 dinc sakini amansızcasına qətlə yetirib. Bu hadisə İkinci Dünya müharibəsinin son illərində nasistlərin İtaliyada törətdiyi ən dəhşətli qırğınlardan biri olaraq xatırlanır.
XƏRÇƏNG XƏSTƏLİYİNİN MÜALİCƏSİNDƏ İNQİLABİ KƏŞF
İsveç alimləri xərçəngin müalicəsində inqilabi metod hazırlayıblar. “Science” jurnalının məlumatına görə, Lund Universitetinin tədqiqatçıları bədxassəli şiş hüceyrələrini aldadaraq, onların özlərinə hücum etməsini təmin etməyə müvəffəq olublar.
Xəbər verilir ki, bu metodun mahiyyəti xərçəng hüceyrələrini xüsusi bir immun hüceyrə növünə - “cDC1”ə yenidən proqramlaşdırmaqdır. Bu dəyişdirilmiş hüceyrələr bədxassəli şişləri məhv etmək üçün şişin qoruyucu maneəsini dəf edə bilirlər.
Bununla yanaşı, sözügedən metodun effektivliyi bir sıra təcrübələrlə təsdiqlənib. Belə ki, əvvəlcə yenidən proqramlaşdırılmış hüceyrələr xərçəng şişi hüceyrələrinə yeridilib. Bu uğurlu sınaqdan sonra təcrübə siçanlarda təkrarlanıb. Burada yeni metodun immunoterapiya ilə birləşməsi şişlərin böyüməsinin və yayılmasının qarşısını almaqda müsbət nəticələr göstərib.
Yeni metodun insanların müalicəsində potensialını qiymətləndirmək üçün tədqiqatçılar laboratoriyada insan hüceyrələri üzərində uğurlu sınaqlar aparıblar. Alimlər hesab edirlər ki, onların bu inqilabi kəşfi xərçəngin müalicəsində əsl sıçrayış ola bilər.
İRAN “HİZBULLAH”A KÖMƏK ÜÇÜN QOŞUN GÖNDƏRMƏK NİYYƏTİNDƏ DEYİL
İran öz hərbçilərini “Hizbullah” hərəkatına kömək etmək üçün göndərmək niyyətində deyil, buna səbəb Livanın öz maraqlarını müdafiə etmək qabiliyyətini nümayiş etdirməsidir. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani məlumat verib.
XİN rəsmisi vurğulayıb ki, Livan və Fələstin də daxil olmaqla Yaxın Şərq regionunun dövlətləri və xalqları İsrailin hərəkətlərinə qarşı çıxmaq üçün lazım olan hər şeyə malikdirlər.
Eyni zamanda, diplomat Livanın İsrailə qarşı müstəqil şəkildə müqavimət göstərə bildiyini izah edib. Nasir Kənani əlavə edib ki, İran İslam Respublikası könüllülərin və ya əlavə qüvvələrin göndərilməsinə ehtiyac görmür.
Qeyd edək ki, bu ərəfədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, İslam İnqilabı Keşikçiləri Korpusunun general-mayoru Abbas Nilforuşanın ölümünə görə məsuliyyəti İsrail daşıyacaq. O da “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah kimi Beyruta endirilən hava hücumunun qurbanı olub.
PENTAQON YAXIN ŞƏRQDƏ QOŞUNLARIN SAYINI ARTIRA BİLƏR
Pentaqon “Hizbullah” lideri Həsən Nəsrullahın öldürülməsindən İran və ya hərəkat tərəfindən cavab vermə ehtimalını nəzərə alaraq Yaxın Şərqdəki qoşun sayının artırılması variantlarını nəzərdən keçirir. “Report” agentliyinin məlumatına görə, bu barədə öz mənbələrinə istinadən “NBC” telekanalı xəbər yayıb.
Bildirilir ki, hərbi məmurlar regionda əlavə hərbi dəstək variantlarını müdafiə naziri Lloyd Ostinə təqdim ediblər, o, öz növbəsində prezident Cozef Bayden və digər milli təhlükəsizlik liderləri ilə danışıqlarda hazırkı hərbi vəziyyət və bəzi variantları müzakirə edib. Telekanal qeyd edib ki, hələlik heç bir qərar verilməsə də, Ostinin bölgəyə qoşun göndərmək səlahiyyəti mövcuddur.
NORVEÇ RUSİYA İLƏ SƏRHƏDDƏ HASAR ÇƏKMƏYİ NƏZƏRDƏN KEÇİRİR
Norveç hakimiyyəti Rusiya ilə sərhəddə Finlandiyada ucaldılan maneəyə bənzər hasarın tikintisi imkanını nəzərdən keçirir. “NRK” nəşrinin xəbərinə görə, bunu Norveçin ədliyyə naziri Emili Enger Mel bildirib.
“Sərhəd hasarı təkcə çəkindirici rol oynaya bildiyinə görə deyil, həm də insanların sərhədə yaxınlaşıb-yaxınmadığını aşkar edə bilən sensorlar və texnologiyaya malik olduğu üçün çox vacibdir”, - deyə nazir vurğulayıb.
Ədliyyə nazirinin fikrincə, belə bir hasar Norveç-Rusiya sərhədi və ya onun bir hissəsi üçün də aktualdır. Nazir bildirib ki, Norveç hökuməti sərhədi ən qısa zamanda bağlamağa hazırdır: “Biz bir sıra tədbirləri nəzərdən keçirməyə çalışırıq. Bu, Storskoqdakı sərhəd stansiyasının ətrafında olan hasarlar, sərhəd nəzarəti və oradakı axının öhdəsindən gələ bilmək üçün tədbirlər haqqında ola bilər”.
Finlandiya hakimiyyəti ölkədə təhlükəsizlik vəziyyətində dəyişiklikləri əsas gətirərək 2022-ci ildə Rusiya ilə sərhəddə hasar çəkməyə qərar verib. Plana görə, uzunluğu təxminən 200 km və hündürlüyü təxminən 3,5 m olan hasar 2026-cı ilin sonuna qədər hazır olacaq.
Hazırladı:
Vamiq ABBASOV,
“Respublika”.