Yevlaxda 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib.
Ümumşəhər tədbirində Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, veteranları rayon ictimaiyyətinin nümayəndələri Yevlax Şəhər Şəhidlər Xiyabanında vətənimizin azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin məzarlarını və xatirələrinə inşa edilmiş abidəni ziyarət etmiş, məzarların və abidənin üzərinə tər gül dəstələri düzmüş, əziz ruhlarına ehtiramlarını ifadə etmişlər.
Şəhər icra hakimiyyətinin başçısı ziyarət zamanı şəhid ailələrinin üzvləri, qazilər və veteranlarla görüşərək söhbət etmiş, onların vəziyyəti ilə maraqlanmışdır. Sonra dövlət rəsmiləri və iştirakçılar Anım Günü ilə bağlı ağacəkmə aksiyasında iştirak etmişlər. Şəhər icra hakimiyyəti tərəfindən təşkil olunan aksiya çərçivəsində rayonun iqlim şəraitinə uyğun 500 ədəd müxtəlif növ ağaclar əkilmiş, onlara aqrotexniki qulluq göstərilmiş, suvarılması təmin edilmişdir. Daha sonra Yevlax Şəhər Mədəniyyət Mərkəzi tərəfindən şəhidlərin xatirəsinə həsr edilmiş "Qəhrəmanlıq zirvəsinə ucalanlar" adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir. Tədbirin davamı olaraq, Yevlax şəhərindəki "Təbiət" sarayında 27 Sentyabr - Anım Günü ilə əlaqədar vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsinə ehsan süfrəsi təşkil edilmişdir. Tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Şəhid ailələrinin üzvləri və qazilər dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
Zabit XƏLİLOV,
"Respublika".