VIII GÜN. RETROSPEKTİV
Tarix

VIII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 4 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

22 sentyabr

  • Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Britaniyanın "The Sunday Times" qəzetində Dominik Lauson tərəfindən Azərbaycanla bağlı yazılan qərəzli məqaləyə cavab verib.

23 sentyabr

  • VII çağırış Azərbaycan R
  • espublikası Milli Məclisinin ilk iclası keçirilib. Prezident İlham Əliyev iclasda iştirak edib və nitq söyləyib.

İdeoloji savaşa qarşı ayıq-sayıq olmalıyıq

Azərbaycanın müasir geosiyasi və diplomatik mübarizədə üzləşdiyi təzyiqlər beynəlxalq hüququn, ədalət prinsipinin və demokratik dəyərlərin açıq-aşkar pozulmasıdır. Müstəqillik qazandığı gündən bəri ölkəmizə qarşı sistemli kampaniyalar aparılıb, lakin İkinci Qarabağ savaşından sonra bu hücumlar həm güclənib, həm də motivləri dəyişib. Prezident İlham Əliyev VII çağırış Azərbaycan Respublikası Milli Məclisin ilk iclasında çıxışı zamanı verdiyi mesajlarla qərəzli dairələrin çürük ideologiyalarını növbəti dəfə ifşa etdi. Dövlətin mənafeyini, milli maraqları qorumaq üçün təxribatlara qarşı güclü informasiya siyasəti, diplomatik fəaliyyət və daxili sabitlik strategiyası vacibdir.

  • Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkiana başsağlığı məktubu ünvanlayıb.
  • Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Əhmədlidə əsaslı təmirdən sonra istifadəyə verilən qəsəbə məscidindən paylaşım edib.
  • Rəsmi Bakı Kanada XİN başçısının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü hədəf alan bəyanatını pisləyib.

24 sentyabr

  • Prezident İlham Əliyev "ADEX-2024" və "Securex Caspian" sərgiləri ilə tanış olub.

Hərbi gücümüzü daha da artırmalıyıq

Müharibədən sonra ordu quruculuğu üçün əlavə addımlar atılır və buna böyük ehtiyac var. Çünki dünyada geosiyasi vəziyyət gərginləşir, bölgəmizdə yeni təhdidlər mövcuddur, Ermənistanda revanşist qüvvələr baş qaldırır. Bütün bunları nəzərə alaraq, ordumuzun daha da gücləndirilməsi bir nömrəli vəzifə olaraq qarşıya qoyulur.

Buna nail olmaq üçün təbii ki, kompleks tədbirlər görülür. Məhz "ADEX-2024" və "Securex Caspian" sərgilərinə cənab Prezidentin birbaşa diqqət ayırması olduqca təqdirəlayiq haldır. Vətən müharibəsindən sonra yeni silahların alınması prosesi davam edir. Ölkə rəhbərinin yeni regional və qlobal konyukturanın təhlükələrlə zəngin olması barədə açıqlamalarının rəqəmlərlə təhlili göstərir ki, bölgədə Qafqazın ən güclü ordusunun yaxın gələcəkdə daha da güclənməsinə ciddi ehtiyac yaranıb. Belə ki, müharibədən sonra Ermənistan-Hindistan və Ermənistan-Fransa hərbi əlaqələri, silah mübadiləsi kontekstində kifayət qədər artan dinamika var. Postmüharibə dövründə də Azərbaycan ordu quruculuğunu inkişaf etdirib və müasir ordu modelinə keçib, Türkiyə və Rusiya ilə müttəfiqlik haqqında sənəd imzalayıb. Ölkəmizdə komando tipli hərbi hissələr yaradılıb.

  • Daşkənddə "Rəqəmsal əsrdə həqiqət axtarışı: dezinformasiya ilə mübarizə" mövzusunda Azərbaycan-Özbəkistan Media Forumunun açılışı olub.
  • Bakı Ekspo Mərkəzində keçirilən "ADEX" 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerlə görüşüb.
  • Qərbi Azərbaycan İcması Kamala Harrisin Qərbi azərbaycanlıların qayıdış hüququnu görməzdən gəlməsini qınayan bəyanat yayımlayıb.

25 sentyabr

  • Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub.
  • Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığının perspektivləri müzakirə olunub.

26 sentyabr

  • Prezident İlham Əliyevin yanında iqtisadi məsələlərə həsr olunmuş müşavirə keçirilib.

İqtisadi inkişaf prioritetdir

Cənab Prezident İlham Əliyevin iqtisadi müşavirədə səsləndirdiyi fikirlər bir daha Azərbaycanın inkişafının əsas səbəblərini göstərmiş oldu. Daim aparılan islahatlar, əldə olunan qlobal nailiyyətlər iqtisadi gücümüzü daha da artırır. Cənab Prezidentində qeyd etdiyi kimi, bu il iqtisadi artım 4,3 faiz təşkil edib. Qeyri-neft sektorumuz 7 faiz artmışdır. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar öz bəhrəsini verməkdədir.

  • Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ABŞ Dövlət katibi Antoni Blinkenin təşəbbüsü və iştirakı ilə Nyu-Yorkda görüş keçiriblər.
  • XİN Emmanuel Makronun Azərbaycan əleyhinə söylədiyi fikirlərə cavab verib.

27 sentyabr

  • Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda inşası davam etdirilən Zəfər parkında olub.

Tarixin böyük sınağından uğurla çıxan Dövlət-Ordu-Xalq birliyi

2020-ci il 27 sentyabr… Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı qoşunların bütün cəbhəboyu sürətli əks-hücum əməliyyatına başlaması barədə əmr verdi. 30 il ərazi bütövlüyümüzə xor baxan, torpaqlarımızı işğal edən mənfur düşmənə qarşı döyüş başlandı. Qəhrəman Azərbaycan əsgəri uğrunda canından keçməyə hazır olduğu Vətən torpaqlarının müdafiəsinə qalxdı. Düşmənin ərazi iddialarına son qoymaq vaxtı çatdı və İkinci Qarabağ müharibəsi dünya hərb tarixinə XXI əsrin müharibəsi kimi daxil oldu.

  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İtaliyanın aparıcı mətbu orqanlarından olan "La Repubblica" qəzetinə geniş müsahibə verib.

28 sentyabr

  • Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Si Cinpinə təbrik məktubu ünvanlayıb.

“Respublika”.