Bu metal Alzheymer riskini artırır
Amerikalı alimlər məhsulların qablaşdırılmasında istifadə olunan aliminium kağızın (folqa) Alzheymer xəstəliyi riskini artıra biləcəyini müəyyən ediblər.
"Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu elmdə sübut edilib. Əlbəttə ki, bu metal xəstəliyin inkişafının yeganə səbəbi deyil, ancaq onu təhrik edən digər amilləri gücləndirə bilər", - araşdırma müəlliflərindən biri izah edib.
Araşdırmanın nəticələri göstərib ki, alüminiumun reproduktiv, endokrin, sinir və ürək-damar sistemlərinin fəaliyyətinə də mənfi təsir etmə ehtimalı yüksəkdir. Bu metalın duzları təkcə folqada deyil, diş məcunlarında və dezodorantlarda da olur. Kosmetik məhsullarda adətən təhlükəsiz miqdarda istifadə olunur. Bu səbəbdən, belə məhsullardan bacardıqca az istifadə etmək lazımdır. Bundan əlavə, folqa və alüminium çörək qablarının istifadəsini də minimuma endirmək məsləhət görülür.
Bal arısının zəhəri xərçəngi məhv edirmiş
Harri Perkins İnstitutunun və Qərbi Avstraliya Universitetinin alimləri müəyyən ediblər ki, bal arılarının zəhərində olan melittin peptidi xərçəng hüceyrələrini məhv edə bilər.
"NPJ Nature Precision Oncology" jurnalında dərc olunan araşdırmaya görə, mütəxəssislər 312 bal və eşşək arılarının zəhərini tədqiq edərkən melittinin unikal antikanserogen xüsusiyyətlərini aşkar ediblər. Süd vəzi xərçəngi olan siçanlar üzərində sınaqdan keçirilən bu maddənin çox güclü təsirə malik olduğu ortaya çıxıb. Melittin xərçəng hüceyrələrinin membranlarını cəmi 60 dəqiqə ərzində yox edə bilib. Bu maddənin yeridildikdən 20 dəqiqə sonra xərçəng hüceyrələrinin böyüməsi və bölünməsi üçün gərəkli kimyəvi siqnalların ötürülməsinin qarşısını ala bildiyi müəyyən edilib.
Elm adamları, həmçinin hesab edirlər ki, melittin kiçik molekullar və ya dosetaksel kimi kimyaterapiya dərmanları ilə birlikdə süd vəzinin aqressiv formalarının müalicəsində effektiv ola bilər. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, melittin və dosetakselin birləşməsi şişlərin böyüməsini əhəmiyyətli dərəcədə ləngidir.
50 yaşdan sonra öldürür...
Amerikalı elm adamları gənclik dövründə sağlamlıq üçün təhlükəli olmayan içkilərin 50 yaşdan sonra mənfi təsir göstərdiyini müəyyən ediblər. Alimlər iddia edirlər ki, şəkərli və qazlı içkilər diabet, ürək-damar xəstəlikləri və xərçəngə yol açır.
Tədqiqatlar göstərib ki, şəkərli və qazlı içkilər 50 yaşdan yuxarı insanlar üçün ən təhlükəli içkilərdir. Məlum olub ki, bu cür içkilər hər il dünyada 184 mindən çox insanın ölümünə səbəb olur. Mütəxəssislər hesab edirlər ki, insan yaşa dolduqca insulin müqavimətinin inkişaf riski artır. 19 yaşında bir stəkan şirin içkinin təsiri bədəndə iz qoymadan keçirsə, 50 yaşdan sonra artıq diabetlə nəticələnə bilər.
O da bildirilib ki, ağ şəkərin insan orqanizminə heç bir xeyri yoxdur. Alimlərin fikrincə, əgər şəkərin istehlakı dayansa, minlərlə insanın həyatını xilas etmək mümkün olar. Yəni orqanizm ehtiyac duyduğu fruktoz və qlükozanı meyvə və tərəvəzlərdən də ala bilər. Bu səbəbdən də şirin içki istəyini təmin etmək üçün mineral suyu təzə sıxılmış meyvə şirəsi ilə qarışdırmaq tövsiyə olunur.
Günəbaxan yağı istifadə edənlər, mütləq oxuyun
İspaniyalı elm adamları indiyə qədər günəbaxan yağı ilə bağlı stereotipləri alt-üst ediblər. Belə ki, bu yaxınlarda aparılan araşdırma zamanı mətbəxdə ən çox istifadə edilən yağlardan biri olan günəbaxan yağının sağlamlığa təhlükə yaratdığı ortaya çıxıb.
Ta qədimdən xalq təbabətində istifadə edilən bu yağın əslində orqanizmə bir çox faydaları var. Günəbaxan yağının tərkibi linolin və lionolen doymamış yağ turşuları ilə zəngindir. Orqanizmin esensial turşusuna və F vitamininə olan ehtiyacını bu yağdan istifadə etməklə ödəmək mümkündür. Dietoloqların çoxu iddia edirlər ki, hətta günəbaxan yağı kərə yağından faydalıdır. Tərkibində E vitamini vardır ki, o da hüceyrələri sərbəst radikallardan qoruyur, tromb əmələ gəlməsinə mane olur, onkoloji xəstəliklərə qarşı təsir edir. F vitamini, eləcə də A və D vitaminləri isə ateroskleroz, miokard infarktı, ürək-damar sisteminin digər xəstəliklərinin əmələ gəlməsinə mane olur. Lakin yeni araşdırmanın nəticələri göstərib ki, günəbaxan yağı qaraciyərdə iltihaba yol açır. Bu, nəinki günəbaxan yağına, həm də balıq yağına aid edilir.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".