Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər
Nazarbayev Mərkəzi
Əfsanəvi britaniyalı memar Norman Foster tərəfindən layihələndirilən Nazarbayev Mərkəzi Qazaxıstanın paytaxtı Astanada inşa olunub. Tikintisi 2014-cü ildə başa çatan və ölkənin simvoluna çevrilən bina nəhəng mavi göz şəklində dizayn edilib və bu səbəbdən də yerli əhali onu "Göz" adlandırıb. Daşın ağırlığını azaltmaq məqsədilə mərmərlər pətək şəklində hazırlanan torun üzərinə laminasiya edilib. Binanın dam hissəsi tamamilə şüşədən hazırlanıb. Gündüzlər məkanın daha işıqlı olması üçün nəhəng "göz"ün üzərinə günəş panelləri quraşdırılıb. Bir neçə istiqamət üzrə fəaliyyət göstərən mərkəzdə elmi-tədqiqat və ekspert-analitik, humanitar, təhsil-tərbiyə, kitabxana, arxiv-informasiya bölmələri yaradılıb. Qazaxıstanın müasir tarixinə həsr olunan muzeyin ilk ziyarətçilərini Nursultan Nazarbayev şəxsən qəbul edib.
Ümumi sahəsi 30 000 kvadratmetrdən çox olan mərkəz 9 mərtəbədən ibarətdir. 535 kvadratmetr sahəni əhatə edən mərkəzin atriumunun diametri 26 metrdir. Binanın fasadında istifadə olunan ağ mərmərin qalınlığı isə cəmi 15 millimetrdir. Muzeydə 1000-ə yaxın eksponat, o cümlədən Nursultan Nazarbayevin ordenləri sərgilənir. Mərkəzin arxiv bölməsində isə 140 000 sənəd, foto və videomateriallar saxlanılır. Eksponatların arasında həmçinin qazax xalqının dahi şəxsiyyətlərinin geyimləri, musiqi alətləri, silah və zinət əşyaları da var.
Fərziyyə Kafedralı
Helsinki və bütün Finlandiyanın ən mühüm pravoslav kilsəsi olan Fərziyyə Kafedralı Katajanokka adasının qərb hissəsində inşa olunub. Şimali və qərbi Avropanın ən böyük pravoslav kilsəsi kimi tanınan dini kompleks İmperator II Aleksandrın hakimiyyəti dövründə tikilib. 1857-ci ilin martında Finlandiya general-qubernatoru F.F.Berq Fərziyyə Kafedralının tikintisini təsdiqləyən sənəd imzalayıb və 1859-cu ildə qraf memar Aleksey Maksimoviç Qornostayevi Helsinkiyə dəvət edib. Əzəmətli kafedralın təməlqoyma mərasimi isə 1862-ci il avqustun 15-də Böyük Hersoq Aleksey Aleksandroviç və Nikolay Konstantinoviçin iştirakı ilə baş tutub. İlkin mərhələdə tikintiyə memar Qornostayevin özü rəhbərlik edib, lakin onun ölümündən sonra işi İ.A.Varnek davam etdirib. Kafedralın tikintisində istifadə olunan qırmızı kərpic Alan adalarında yerləşən və 1854-cü ildə Krım müharibəsi zamanı dağıdılan Bomarsund qalasından dəniz yolu ilə gətirilib. Məbəd 1868-ci il oktyabrın 13-də Vıborq yepiskopu Pavel tərəfindən təqdis edilib.
Romanesk, psevdo-Bizans və ya rus-Bizans üslubunda dizayn edilən məbədin hündürlüyü 51 metrdir. Təxminən 17 000 üzvü olan dünyaca məşhur Kafedralı hər il yarım milyon turist ziyarət edir.
Feniks adası
Böyük Çin Səddindən sonra ölkənin tarixində ən böyük layihə olan Fenix adası Haynan adasının cənubunda inşa olunub. Təxminən 700 milyon ABŞ dollarına başa gələn heyrətamiz adanın tikintisinə 2007-ci ildə başlanılıb. "MAD Studio" memarlıq bürosu tərəfindən layihələndirilən kompleks BƏƏ-dəki məşhur Palma adalarına bənzədiyinə görə "Şərqin Dubayı" adlandırılıb. 2008-ci ildə istifadəyə verilən Feniks adasında işlər hələ də tamamlanmayıb, buna baxmayaraq kompleks bütün dünyanın diqqətini çəkib. Pekində keçirilən Yay Olimpiya Oyunlarının məşəli də estafeti məhz Feniksdən başlayıb və bütün Çini gəzib. Buradan otellərlə yanaşı, lüks mənzilləri olan yaşayış binaları, biznes mərkəzi, restoranlar, yaxta klubu, idman və ticarət kompleksləri tikilib. Adanın mərkəzində yerləşən istirahət zonasında Çin mədəniyyətində xoşbəxtlik və uğurların təcəssümü olan odlu Feniksin əlli metrlik heykəli ucaldılıb.
Feniks adasının sahəsi 365 013 kvadratmetr, eni isə 350 metrdir. Ada səkkiz hissəyə bölünür. Ölkənin ən bahalı yaşayış kompleksləri burada yerləşir. Bütün binaların fasadına 33 min kvadratmetrə yaxın LED panellər quraşdırılıb ki, bu da gecə saatlarında adanın daha da ecazkar görünməsini təmin edir.
Hazırladı:
Arzu ASİFQIZI,
"Respublika".