Hər günü bir tarix idi...
Tarix

Hər günü bir tarix idi...

Vətən müharibəsinin 3-cü və 4-cü günləri

27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsi xalqımızın 30 illik həsrətinə 44 gündə son qoydu. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq. Hər günü tarixə yazılan 44 günlük Vətən müharibəsi daim qəhrəmanlıq və qürur mənbəyimiz olacaq.

29 sentyabr

  • Saat 07:00-08:00. Füzuli-Cəbrayıl istiqamətində yerdəyişmə etmək istəyən düşmənin 1 tankı, 1 avtomobil texnikası və 10 nəfərədək şəxsi heyəti artilleriya zərbəsi ilə məhv edilib. Cəbhənin Füzuli-Cəbrayıl istiqamətində Ermənistan qoşunlarının daha dörd tankı vurulub. Düşmənin Xocavənd rayonu ərazisində yerləşdirdiyi 3-cü "Martuni" motoatıcı alayı darmadağın edilib. Bu barədə Müdafiə Nazirliyində keçirilən brifinqdə məlumat verilib.
  • Saat 10:15. Azərbaycan Müdafiə Nazirliyi iki erməni tankının Azərbaycan PUA-ları tərəfindən məhv edildiyi görüntülərini yayımlayıb. Həmçinin Azərbaycan Ordusunun cəza tədbirləri nəticəsində müvəqqəti işğal altında olan Cəbrayıl rayonu istiqamətində yerləşdirilən Ermənistan ordusunun 18-ci motoatıcı diviziyasının artilleriya rəisi polkovnik Karen Babayan məhv edilib.
  • Saat 11:00. Azərbaycan Ordusu Xocavənd rayonu istiqamətindəki Ermənistan silahlı qüvvələri bölmələrinin "Uraqan" yaylım atəş sistemini sıradan çıxarıb.
  • Saat 12:00. Eçmiədzin rayonunda dislokasiya olunan və işğal edilmiş ərazilərdə gedən döyüşlərə cəlb edilmiş Ermənistan ordusunun 61-ci əlahiddə mühəndis alayının 13516 saylı hərbi hissəsinin zabiti Spartak Köçəryan öldürülüb. Ermənilər kütləvi şəkildə Xankəndi şəhərini tərk etməyə başlayıblar. Azərbaycan Müdafiə Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, "Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı gedən rayonu tərk edirlər.
  • Saat 13:00. Ermənistan ordusunun dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Ağdam rayonu, Qaradağlı kəndində tibb məntəqəsinə düşmüş top mərmisinin qəlpələrindən kənd sakini 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu həlak olub, məntəqənin binası dağılıb, ərazidəki sakinlər təxliyə edilib.
  • Saat 13:20. Almaniya Kansleri Angela Merkel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Angela Merkel Ermənistan-Azərbaycan təmas xəttində silahlı qarşıdurmanın baş verməsi ilə bağlı ölkəsinin narahatlığını ifadə edib və hadisələrin gedişi ilə maraqlanıb. Dövlətimizin başçısı bildirib ki, Ermənistanın hərbi təxribatı ilə bağlı hadisələrin gələcək inkişafına görə məsuliyyət Ermənistanın siyasi və hərbi rəhbərliyinin üzərinə düşür, Azərbaycan Ordusu öz torpaqlarında vuruşur və Ermənistan ordusu Azərbaycan torpaqlarında olmamalıdır. Prezident İlham Əliyev əlavə edib ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır və bu, müharibə cinayəti sayılır. Söhbət zamanı atəşkəsin və danışıqlar prosesinin bərpa edilməsi imkanları barədə müzakirələr aparılıb.
  • Keçmiş Ağdərə rayonunun işğal altında olan Köyarx kəndi yaxınlığındakı yüksəklik ətrafında gedən döyüşlərdə Ermənistan ordusunun daha bir tankının məhv edildiyi bildirilib. Xocavənd rayonunun Hadrut yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan ordusunun 1-ci alayının, 3-cü taborunun komanda-müşahidə məntəqəsi dəqiq atəşlə darmadağın edilib. Füzuli rayonunun işğal altında olan Aşağı Veysəlli kəndi istiqamətindən Azərbaycan Ordusunun üzbəüz mövqelərinə basqın etməyə cəhd göstərən Ermənistan ordusunun hərəkətinin qarşısının alındığını və düşmənin geri çəkilməyə məcbur edildiyi bildirilib. Bundan əlavə, geri çəkilərkən məhv edilmiş erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb.
  • Saat 16:00. Azərbaycan Ordusu tərəfindən Ermənistanın daha bir yüksəkrütbəli zabiti R.Atabekyan məhv edilib. Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun artilleriya bölmələrinin düşmənə sarsıdıcı zərbələr endirdiyini əks etdirən video yayımlayıb. Bundan 1 saat sonra Qarabağda yerləşən Ermənistan Silahlı Qüvvələrinin 18-ci motoatıcı diviziyasının 9-cu mexanikləşdirilən piyada alayının artilleriya rəisi, polkovnik Artem Poqosyan məhv edilib.
  • Saat 18:25. Prezident İlham Əliyev "COVID-19 dövrü və sonrakı dönəmdə Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu il Gündəliyinin maliyyələşdirilməsi" mövzusunda dövlət və hökumət başçılarının toplantısında videoformatda çıxış edib.
  • Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib: Ermənistanın növbəti silahlı təxribatına cavab verildi! Azərbaycan Ordusu öz Vətənini müdafiə edərək, uğurlu əks-hücum əməliyyatı keçirir və Azərbaycanın işğal altında olan ərazilərini azad edir. Azərbaycan dövlətinə və xalqına dəstək olaraq öz prinsipial və ədalətli mövqeyini nümayiş etdirən bütün insanlara, təşkilatlara və dövlətlərə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, qardaş Türkiyə xalqına və şəxsən Prezident Rəcəb Tayyib Ərdoğana minnətdaram. Onların həmrəyliyi və mənəvi dəstəyi bu gün hər bir azərbaycanlıya qürur hissi yaşadır. Azərbaycanın bütün əsgərlərinin, zabitlərinin həyatı və sağlamlığı üçün dua edirəm! Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin.
  • Saat 21:30. Azərbaycan Prezidenti İlham Əliyev "Rossiya-1" telekanalının "60 dəqiqə" proqramında Vətən müharibəsi ilə bağlı sualları cavablandırıb. Cəbhədə vəziyyət gərgindir. Ermənilərin sentyabrın 27-də səhər başladıqları hərbi təxribat nəticəsində Azərbaycanın yaşayış məntəqələri və bizim döyüş mövqelərimiz şiddətli artilleriya atəşinə məruz qalıb. Bu təcavüz nəticəsində Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olub, hərbi qulluqçular arasında da həlak olanlar var. Biz təcavüzkara adekvat cavab verməyə və beləliklə, öz xalqımızı, öz adamlarımızı və torpağımızı müdafiə etməyə məcbur idik. Beləliklə, artıq üçüncü sutkadır ki, şiddətli döyüşlər gedir, bu döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra yaşayış məntəqələrini işğaldan azad edib, həmçinin müxtəlif istiqamətlərdə strateji yüksəklikləri tutub. Bu gün vəziyyət elədir ki, fəal döyüş əməliyyatları aparılır.
  • Saat 23:00. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına əsasən, Azərbaycan Ordusunun artilleriya zərbələri nəticəsində Tərtər rayonunun Həsənqaya yaşayış məntəqəsi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin 5-ci motoatıcı alayının 1-ci taboru və Talış istiqamətində yerləşən 6-cı motoatıcı alayının 1-ci taborunun mövqeləri dağıdılıb. Məlumatda vurğulanıb ki, Ermənistan silahlı qüvvələri cəbhənin Füzuli-Cəbrayıl və Ağdərə-Tərtər istiqamətlərində itirdikləri mövqeləri geri qaytarmaq üçün bir neçə dəfə əks-hücum cəhdi göstərib. Azərbaycan Ordusunun bu istiqamətlərdə yerləşən bölmələri uğurla müdafiə olunaraq düşmənin bütün cəhdlərinin qarşısını dərhal alıb.
  • Gecə döyüşlərində cəbhənin Ağdərə istiqamətində düşmənin Madagizdən hərəkət edən zirehli və avtomobil texnikasından ibarət qarışıq kolonu və onların hərəkətinə atəş dəstəyi verən artilleriya batareyası Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və cəbhənin bu istiqamətdə yerləşən qoşunlarımız tərəfindən məhv edilib. Azad etdiyimiz ərazilərin bir qarışı belə itirilməyib. Düşmənin 2 tankı, Ermənistan ordusunun alayı darmadağın edilib. Ermənistan ordusunun daha bir zabiti məhv edilib. Ağdərə istiqamətində düşmənin tankı məhv edilib. Artilleriya bölmələri düşmənə sarsıdıcı zərbələr endirib. Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir.

30 sentyabr

  • Saat 00:20. Azərbaycan Ordusunun İsrail istehsalı Harop dağıdıcı dronun dəqiq zərbəsi nəticəsində yüksəkrütbəli erməni zabitlərinin toplaşdığı bunker dağıdılıb. Bunkerdə Ermənistan silahlı qüvvələrinin bir generalı, bir neçə polkovniki və digər yüksək rütbəlilərinin olduğu bildirilib.
  • Saat 01:10. Azərbaycan Müdafiə Nazirliyi, Cəbrayıl rayonu ərazisindəki tanklar da daxil olmaqla, bir neçə erməni hərbi texnikasının məhv edildiyini göstərən görüntülər yayımlayıb.
  • Saat 10:20. Azərbaycan Müdafiə Nazirliyi cəbhənin Ağdərə-Tərtər istiqamətində mühasirəyə alınan erməni qüvvələrinin artilleriya vasitələri ilə məhv edilməsi və ərazinin təmizlənməsi əməliyyatı keçirilməsi barədə məlumat yayımlayıb. Bir neçə dəqiqə sonra Ermənistan silahlı qüvvələrinin artilleriya bölmələri Goranboy rayonunun Aşağı Ağcakənd kəndini atəşə tutub.
  • Saat 11:40. Azərbaycan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin düşmən mövqelərinə artilleriya zərbələri endirdiyini göstərən video yayımlayıb. Həmçinin Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun şəxsi heyəti ağır itkilərə məruz qalaraq müdafiə mövqelərini özbaşına tərk edərək qaçması barədə məlumat verilib.
  • Saat 13:50. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşüblər. Ali Baş Komandan deyib: Allah şəfa versin. Əziz uşaqlar, siz Vətən uğrunda gedən döyüşlərdə müxtəlif xəsarətlər almısınız, yaralanmısınız. Həkimlər sizə yaxşı baxırlar. Əminəm, həkimlər əllərindən gələni edəcəklər ki, siz tezliklə sağalıb normal həyata qayıdasınız. Mənə verilən məlumata görə, bizim bütün yaralı əsgər və zabitlərimiz bir arzu ilə yaşayırlar ki, tezliklə sağalıb yenə də döyüş bölgələrinə getsinlər, Vətən uğrunda haqlı savaşını davam etdirsinlər. Bizim işimiz haqq işidir, biz öz torpağımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Uzun illər ərzində məcburi köçkün kimi yaşayan soydaşlarımız da öz doğma dədə-baba torpaqlarına qayıdacaqlar.
  • Saat 15:10. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən Tonaşendə düşmənin iki tankının məhv edildiyi görüntülərini yayımlayıb. Digər məlumata görə isə Azərbaycan Ordusunun bölmələri Ermənistan silahlı qüvvələrinin Füzuli istiqamətində yerləşən 4-cü taborunu ağır artilleriya atəşinə məruz qoyub. Həmçinin Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının 5-ci dağatıcı alayının Ağdərə yaşayış məntəqəsində yerləşən qərargahına zərbə endirilib. Döyüşlərdə Ermənistan silahlı qüvvələri "Toçka-U" taktiki raket kompleksini tətbiq etsə də, hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlər partlamayıb.
  • Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən cəbhənin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələrinin 1 ədəd "Uraqan" yaylım atəşli reaktiv sistemi, 2 ədəd "9K33 Osa" zenit-raket kompleksi, 4 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi, 1 ədəd piyadanın döyüş maşını, 4 ədəd D-20 haubitsa-topu, 16 ədəd tank və şəxsi heyətlə 2 ədəd yük maşını məhv edilib.
  • Saat 16:00. Ermənistan silahlı qüvvələrinin dinc Azərbaycan əhalisinin sıx yaşadığı əraziləri növbəti dəfə ağır artilleriyadan atəşə tutması nəticəsində Füzuli rayonu, Horadiz şəhərində yerləşən yanacaqdoldurma məntəqələrinin birinin yaxınlığına düşmüş top mərmisinin qəlpələrindən 1990-cı il təvəllüdlü Rüstəmov Murad Tahir oğlu həlak olub, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, məntəqəyə ciddi ziyan dəyib.
  • Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağatıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taborunun döyüş bayrağı və sənədləri ələ keçirilib. Azərbaycan Ordusunun bölmələrinin axşam saatlarında keçirdiyi döyüş əməliyyatları nəticəsində Ermənistan ordusunun 8 ədəd BM-21 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib.
  • Saat 19:05. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Prezident İlham Əliyevə zəng edib. Avropa İttifaqı Şurasının Prezidenti təmas xəttində hərbi əməliyyatların başlamasından narahatlığını ifadə edib və münaqişənin sülh yolu ilə nizamlanmasının zəruri olduğunu bildirib. Dövlətimizin başçısı Şarl Mişeli Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı ilə bağlı vəziyyət barədə məlumatlandırıb. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan Ordusu buna cavab olaraq əks-hücum əməliyyatları həyata keçirir. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə başqa ölkələrdən xarici vətəndaşların qanunsuz məskunlaşmasını həyata keçirir ki, bu da Cenevrə Konvensiyasına görə beynəlxalq hüququn ciddi pozulmasıdır, hərbi cinayətdir. Prezident İlham Əliyev bildirib ki, Ermənistan baş naziri hələ sentyabrın 27-si hərbi toqquşmalar baş verməzdən əvvəl on minlərlə könüllüdən ibarət hərbi birləşmələrin yaradılması barədə qərar verib. Bu, Ermənistanın növbəti təcavüzə hazırlaşması mənası daşıyırdı.
  • Azərbaycan Baş Prokurorluğunun məlumatına əsasən, düşmənin top atəşi nəticəsində Horadiz şəhərində bir mülki şəxs həlak olub, üç nəfər isə xəsarət alıb. Bununla da həlak olan mülki şəxslərin sayı 15-ə, xəsarət alanların sayı isə 49-a çatıb.
  • Müdafiə Nazirliyi Azərbaycan Ordusunun qətiyyətli əks-hücum əməliyyatını davam etdirdiyi barədə məlumat yayıb. Məlumata görə, əks-hücum əməliyyatının başlandığı dörd gün ərzində düşmənin ümumilikdə 2300-dən artıq canlı qüvvəsi məhv edilib. Bundan başqa, Ermənistan ordusunun 130-dək tank və digər zirehli texnikası, 200-dən artıq artilleriya, yaylım atəşli raket sistemləri, minaatan, 25-dən çox hava hücumundan müdafiə vasitələri, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 50-dən artıq tank əleyhinə vasitələr, 55-dən çox avtomobil texnikası sıradan çıxıb.

"Respublika".