...bir də belə tanıyaq!
Maraqlı

...bir də belə tanıyaq!

Barat Şəkinskaya

Xalq artisti Barat Şəkinskaya... Daha çox "O olmasın, bu olsun" filmindəki qulluqçu Sənəm obrazı ilə məşhurlaşan bu aktrisanın həyatı rolları kimi rəngarəng olmayıb...

Barat Şəkinskaya Şuşada bəy ailəsində anadan olub. Anası Gövhər xanım yazıçı Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı idi. Aktrisa ilk təhsilini Şuşada alıb, daha sonra ailəsi ilə birgə Gəncəyə köçüb. 13 yaşından Gəncə Qadınlar Klubunun dram dərnəyində iştirak edib.

Klubun direktoru Mir İbrahim Həmzəyev ona aşiq olur. Anasının bütün etirazlarına baxmayaraq, Barat rejissorla evlənir. Daha doğrusu, qoşulub qaçırlar. Bu evlilikdən onların bir qızı dünyaya gəlir. Amma ailə həyatının ömrü cəmi iki il çəkir. Çünki bir gün Barat xanım qucağında körpəsi Solmazla yay teatrına gələrkən ərini skamyada bir qadınla görür.

Barat xanım ikinci dəfə görkəmli rejissor Şəmsi Bədəlbəyli ilə ailə qurur. Bu nikahdan isə onların Rövşanə adlı bir qızı doğulur. Onun doğulduğu günün maraqlı tarixçəsi var. Belə ki, Barat xanım "Romeo və Cülyetta" tamaşası zamanı hamilə olur. Tamaşada Cülyettanın anası sinyora Kapuletti (Qəmər Topuriya) ağlaya-ağlaya yerə uzanmış Cülyettanı qucaqlayır. Barat xanım güclə ona pıçıldayır ki, möhkəm sancılanmışam, elə et tamaşaçılar sifətimi görməsinlər. Qəmər xanım rolda ağlaya-ağlaya plaşını çıxarıb onun üstünə salır. Yanında fənər tutanlardan birinə yavaşca deyir ki, səhnədən çıx, oradakılara de, təcili maşın hazırlasınlar, Baratın halı pisdir, xəstəxanaya aparmaq lazımdır. Hərənin bir tərəfə qaçışdığı, hay-küy qopduğu epizodda fənər tutan aktyorun səhnədən çıxması təbii hal kimi qəbul olunur. Tamaşa qurtarır. Gurultulu alqışlar qopur. Barat xanım yıxılmasın deyə Ülvi Rəcəb və Qəmər xanım hərəsi onun bir qolundan yapışır. Nəhayət, pərdə axırıncı dəfə bağlanır. Aktrisanı xəstəxanaya aparırlar və onun qızı dünyaya gəlir.

Aktrisanın üçüncü evliliyi isə teatr rejissoru Mehdi Məmmədovla olur. Bu evlilikdən oğlu Elçin Məmmədov dünyaya gəlir. Lakin onun bu evliliyi də ərinin ona xəyanəti üzündən bitir. Mehdi Məmmədov aktrisa Şəfiqə Məmmədova ilə ailə qursa da, Barat xanım ömrünün sonuna qədər evlənmir.

Deyilənə görə, aktrisa çox mərhəmətli insan olub. O, bir dəfə şəhid anası ilə tanış olur. Öyrənir ki, qadının evi yoxdur. Barat xanım qadına söz verir ki, ona ev verilməsinə kömək edəcək. Dediyi kimi də edir. Dövlət rəsmilərindən biri ilə zəngləşəndən sonra həmin qadına ev verilir.

Aktrisa "O olmasın, bu olsun", "Görüş", "Qızmar günəş altında" kimi məşhur filmlərə çəkilib. Ona ən çox uğur gətirən isə "O olmasın, bu olsun" filmindəki qulluqçu Sənəm obrazı olub. Həmin filmin çəkilişləri zamanı Rüstəm bəy rolunu ifa edən Ağasadıq Gəraybəyli masanın üzərindəki stəkanı masaya çırpanda stəkanın qırıqları ətrafa səpələnir.

Çəkiliş zamanı baş verən bu hadisədə şüşə qırıqları Barat xanımın əlini kəsir. Çəkilişdən sonra ona təcili yardım çağırılır.

Aktrisanın səhnədən getməsinin səbəbi də sənətə olan hörməti olub. Belə ki, 70-ci illərdə artıq yaşlandığını hiss edən aktrisa səhnəni tərk etməli olduğunu bilib və bu reallığı belə ifadə edib: "Bir gün məşqdə idim. Məşq gedirdi. Bir də gördüm yuxu məni basdı. Əsnədim möhkəm. Çöndüm sağa baxdım, sola baxdım ki, məni görən olmadı ki? Öz-özümə dedim ki, hə Barat, səninki burada qurtardı".

Barat xanım ömrünün son illərində təsadüf nəticəsində bir gözünün nurunu itirir. Qızı Solmaz xanım müsahibələrinin birində bu haqda deyir: "Anam təqaüdə çıxandan bir neçə il əvvəl kollektiv foto çəkilişi zamanı fotoqrafın naşılığı üzündən qlaukoma oldu. Çəkilişdə civəli lampanın işığı elə salınmışdı ki, bir neçə nəfərin sağlamlığına ziyan dəymişdi. Anam bir gözünü cərrahiyyə əməliyyatı etdirib süni göz saldırmalı oldu. Xasiyyəti elə sadə idi ki, sonralar müsahibə almağa, süjet hazırlamağa gələn jurnalistlərə deyirdi ki, a bala, gözlə, qoy gedim gözümü taxım, gəlim. Ya da deyirdi ki, bu tərəfdən çəkməyin, o biri tərəfdən çəkin, qoy, tamaşaçılar təbii gözümü görsünlər. Demək istəyirəm ki, bunu özünə dərd eləməmişdi".

Aktrisa 84 yaşında dünyasını dəy

işib. Onun ölümündən iki il sonra isə oğlu Elçin Məmmədov 54 yaşında ürək tutmasından vəfat edib.

Andrey Jdanov

"Burada iş qabiliyyəti tələb olunmur, şirindilli olmaq, yaxşı lətifə danışmaq, çastuşka oxumaqla da yaxşı yaşamaq, yaxşı işçi olmaq olar...". Bu sözləri həmkarı Kaqanoviç onun haqqında demişdi... Onun vəfatı Stalinə o qədər pis təsir etmişdi ki, sərt sovet lideri hönkürtü ilə ağlayaraq "mən qoca, xəstə sağ qalmışam, o isə ölüb, gərək mən öləydim" söyləmişdi... Söhbət Kremlin "ərköyün" məmuru, dəfnində öz tabutunu özü daşıyan, Stalininin "göz bəbəyi", ən vəfalı silahdaşlarından biri olan Andrey Jdanovdan gedir...

Praporşik rütbəsindən general-polkovnik rütbəsinə qədər irəliləyən Jdanovun əsas siyasi karyerası 1918-ci ildən sonra başlayıb. Artıq 1925-ci ildə partiya sıralarında fəallığı ilə fərqlənən Jdanov 1927-ci ildə Mərkəzi Komitənin üzvü olub. Stalinin diqqətindən yayınmayan gənc fəal 1934-cü ildə Mərkəzi Komitənin katibi seçilib. Kirovun ölümündən sonra isə Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsi Jdanova həvalə edilib.

Stalinin məxfi planlarını məharətlə icra edən və repressiya maşınına təkan verənlərin siyahısında öncüllərdən biri sayılan bu adamla sovet liderinin yaxınlığı xidməti münasibətlər çərçivəsindən çox-çox kənara çıxmışdı. Bu münasibətlərə bir çox məmurlar qısqanclıqla yanaşırdı. Stalinin bağındakı ənənəvi ziyafətlərdə o, özünü ən sərbəst aparan və rəhbəri oxumağı, lətifə danışmağı, qarmondakı ifaları ilə şənləndirən ən cavan məmurlardan biri idi. Təbii ki, Stalinin Andrey Jdanova olan xüsusi rəğbəti onun siyasi karyerasına da təkan verirdi.

Andrey Jdanov şən, ünsiyyətcil olmaqla bərabər, mükəmməl nitq qabiliyyəti ilə də digər Kreml məmurlarından fərqlənib. Qarmon və royalı peşəkar musiqiçilər qədər məharətlə ifa etməyi bacaran məmur Stalinin təşəbbüsü ilə keçirilən ziyafətlərdə məclisi şənləndirmək, rəhbərin könlünü xoş etmək kimi missiyanı da həyata keçirib. Kaqonoviç ona ad da qoymuşdu, "qarmonçalan". Jdanovla münasibətləri çox da isti olmayan Kaqanoviç dilini sakit saxlamırdı, "burada iş qabiliyyəti tələb olunmur, şirindilli olmaq, yaxşı lətifə danışmaq, çastuşka oxumaqla da yaxşı yaşamaq, yaxşı işçi olmaq olar" deyirdi.

Jdanovun səhhətində ciddi problemlər olub. Atereskleroz, yüksək qan təzyiqi, ürək tutmalarından əziyyət çəkən dövlət məmuru Stalin üçün Valda ətrafında məxsusi olaraq tikilmiş istirahət evində müalicə alıb. 52 yaşında həmin istirahət evində dünyadan köçən Jdanov Kreml divarı nekropolunda dəfn edilib. Onun ölümü ilə bağlı müəyyən müəmmalar və versiyalar irəli sürülüb. Bu versiyalardan biri də həkimlər tərəfindən Jdanovun qəsdən öldürülməsidir.

Jdanovun dəfn mərasimində maraqlı məqamlardan biri çəkiliş qrupu ilə bağlı olub. Peşəkar operatorlar İttifaqlar Evindən Qırmızı meydana qədər bütün prosesi lentə alıblar. Adətən onların işinə heç kim mane olmayıb. Nikolay Vlasik (Stalinin mühafizə rəisi) operatorlara Stalinə bir neçə addımlığına qədər yaxınlaşmağa da şərait yaradıb. Mərasim bitdikdən sonra operatorlar montaj işinə başlayıblar. Problem də elə burada yaranıb. Belə ki, kinokameralarda istifadə olunan lentlərin bir hissəsi keyfiyyətsiz olub, bunun nəticəsində dəfn mərasiminin bəzi məqamları lentə düşməyib. Ən əsası isə tabutun çiyində sonmənzilə aparılması lentin keyfiyyətsiz yerinə düşüb. Operatorlar bunun nə ilə nəticələnəcəyini yaxşı anlayıblar. Onlar yaxşı biliblər ki, Stalin ən yaxın silahdaşının dəfn mərasiminə dəfələrlə baxacaq. Amma "peşəkarlar" çıxış yolu tapıblar. Dəfnin hamısının eyni qaydada keçirildiyini nəzərə alan operatorlar Mixail Kalininin dəfn mərasiminin lentindən istifadə ediblər. Son mənzilə yolasalma kadrını oradan çıxarıb Jdanovun dəfn mərasiminin kadrlarına əlavə ediblər. Montaj olduqca yüksək və "peşəkar" səviyyədə alınıb. Təxminən bir aydan sonra Stalin şəxsi katibi Poskrebıçevə göstəriş verib ki, Jdanovun dəfn mərasimindən olan çəkilişi gətirsin. Çəkiliş Stalinə nümayiş etdirilib: İttifaqlar Evi, Jdanovun tabuta qoyulmuş açıq nəşi, fəxri qarovul, daha sonra Qırmızı meydan, matəm mitinqi, sonda isə çiyinlərdə daşınan tabutun son mənzilə yola salınması. Bu məqamda Stalin Poskrebışevdən xahiş edib ki, həmin hissəni təkrar göstərsin. Stalin yenidən həmin məqama diqqətlə baxıb, Jdanovun tabutunu Jdanovun özü daşıyıb. Bu Kalininin dəfnindən götürülmüş hissə olub. Stalin Poskrebışevə sual verib:

- Saşa, (Stalin Aleksandr Poskrebışevə belə müraciət edib) biz kimi dəfn edirik?

- Yoldaş Stalin, Andrey Jdanovu.

- Sən bir diqqətlə bax, Jdanov özü öz tabutunu daşıyır.

- Bəli, yoldaş Stalin.

- Saşa, necə yəni bəli? Sən sərxoş deyilsən?

- Xeyr, yoldaş Stalin.

Bu cavabdan sonra Poskrebışev həmin səhnəyə baxanda sanki yuxudan ayılıb, olduqca heyrətlənmiş və az qala qışqıraraq üzünü Stalinə tutub:

- Yoldaş Stalin, yuxarıdakı da, aşağıdakı da Jdanovdur. Yox, bu onun ruhudur yəqin, yoxsa bəlkə mənim ağlım gedir.

- Saşa, sənin ağlın yerindədir, ağlı gedən operatorlardır.

Həmin gün Poskrebışev operatorları yanına çağırtdırıb, məsələni aydınlaşdırıb və nəticəsini Stalinə məruzə edib. Stalinin cavabı isə çox qısa olub:

- Günah Jdanovdadır, tez öldü, özünü bu naşıların ixtiyarına verdi...

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".