Azərbaycanın bərpaolunan enerji növlərini balanslaşdıran iqtisadi siyasəti
İqtisadiyyat

Azərbaycanın bərpaolunan enerji növlərini balanslaşdıran iqtisadi siyasəti

Energetika naziri Pərviz Şahbazov Almaniyanın Hamburq şəhərində keçirilən "Wind Energy Hamburg" Konfransı çərçivəsində "İnvestisiyalar və qlobal əməkdaşlıq" panelində əsas məruzəçi kimi çıxış edib.

Energetika Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumatına görə, nazir bildirib ki, ölkəmiz təhlükəsiz iqlimli və enerji təminatlı gələcək üçün bərpaolunan enerjini unikal və effektiv həll olaraq qəbul etdiyini özünün 2030-cu ilədək olan transformativ inkişaf strategiyası və "yaşıl enerji"ni prioritetləşdirən yeni enerji siyasəti ilə təsdiqləyib. Azərbaycanın regionda bərpaolunan enerji sahəsində investisiya və qlobal əməkdaşlığı uğurla təmin və təşviq edən ölkə olduğu qeyd edilib: "Münbit sərmayə və əməkdaşlıq mühiti sayəsində 2 QVt gücündə "yaşıl enerji" layihələrimiz beynəlxalq investorlar tərəfindən maliyyələşdirilir. 2 milyard dollar civarında investisiya və dünyanın aparıcı enerji şirkətləri ilə tərəfdaşlığımız imkan verir ki, 2027-ci ilə bərpaolunan enerjinin quraşdırılmış gücdə payını 33%-ə yüksəldək. Bu məqsədlə elektrik stansiyalarının şəbəkəyə vaxtında və problemsiz inteqrasiyası üçün şəbəkənin gücləndirilməsinə AYİB, Dünya Bankı ilə yanaşı, dövlətin də maliyyə dəstəyi cəlb olunub".

Xəzər dənizinin 157 QVt-lıq külək enerji potensialı əsasında 2037-ci ilədək beynəlxalq enerji şirkətləri ilə mərhələlərlə həyata keçiriləcək 18 QVt-lıq elektrik enerjisi, "yaşıl hidrogen" və "yaşıl ammonyak"ın istehsalı, həmçinin üç "yaşıl enerji dəhlizi" layihələri barədə məlumat verilib. Xüsusilə "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi" 2040-cı ilədək elektrik enerjisinə tələbatın 50% artacağı, hidrogen idxalı ilə bağlı planları və enerji təhlükəsizliyi kontekstində Avropa İttifaqının strateji marağında olan layihə kimi dəyərləndirilib.

Tədbir COP29 Sədrliyinin enerji keçidinin maliyyələşdirilməsi üzrə fəaliyyətinə və Azərbaycanın ənənəvi və bərpaolunan enerji növlərini balanslaşdıran enerji siyasətinə dair müzakirələrlə davam edib.

Bəybala BƏYBALAYEV,

"Respublika".