SAĞLAM HƏYAT
Səhiyyə

SAĞLAM HƏYAT

Qanı təmizləyir, duzlaşmanın qarşısını alır...

Dadı ilə digər göyərtilərdən fərqlənən tərxun faydasına görə də seçilir. Avropalıların "estraqon" adlandırdıqları bu göyərti qədim zamanlardan müalicəvi bitki kimi çox xəstəliklərin (sinqa - vitaminsizlik nəticəsində dişlərin laxlaması və tökülməsi, baş ağrıları, cinsi zəiflik və s.) müalicəsində geniş istifadə olunur. Müasir tibdə də onu dərman preparatlarının tərkibinə daxil edirlər.

Tərxun sinir sisteminə müsbət təsir edərək əhvali-ruhiyyəni yaxşılaşdırır, iş qabiliyyətini artırır, depressiya və streslərlə mübarizə etməyə kömək edir. İmmun sistemini də möhkəmləndirən bu bitki antioksidantlarla zəngin olduğu üçün zərərli maddələrin orqanizmdən xaric olunmasını sürətləndirir. Bundan əlavə, damarları və kapilyarları möhkəmləndirir, onların elastikliyini artırır, aterosklerozun inkişafının qarşısını alır, qanı təmizləyir. Tərxun oynaqlarda, xüsusilə diz qapaqlarında ağrıları aradan götürməklə yanaşı, həm də kirəçləşmənin qarşısını alır. Bu bitki, həmçinin iltihabəleyhinə xüsusiyyətə malikdir. Sidikqovucu xüsusiyyəti ilə də seçilən tərxun sidik kisəsi və sidik yolları iltihabları zamanı çox təsirli müalicəvi vasitədir. Eyni zamanda bağırsaqlarda qurdları və patogen mikrobları öldürür, xərçəng əleyhinə təsir göstərir.

Bu virus ancaq kişiləri öldürür

Yaponiyanın Miami Kyuşu Universitetinin elm adamları təsadüfən kəşf etdikləri SIMKV adlı virusun ancaq kişi cinsinə aid canlıları məhv etdiyini aşkar ediblər.

Tədqiqatçılar tırtıllar üzərində apardıqları təcrübə nəticəsində virusun DNT-sinin yalnız erkək cinsli canlıları öldürə biləcəyini müəyyənləşdiriblər. Laboratoriya şəraitində virusdaşıyıcı dişi tırtıllarla sağlam erkək tırtıllar cütləşdirilib. Nəticədə erkək tırtılların tez öldüyü aşkar olunub. Tədqiqatlara əsasən tırtılların 13-cü nəslinə ancaq 3 erkək çata bilib. Mütəxəssislər "kişi qatili" adlandırdıqları bu virusun gələcəkdə zərərli həşəratların populyasiyalarının azalmasına kömək edəcəyinə ümid edirlər.

Araşdırmanın təfərrüatları "Spiegel" jurnalında dərc olunub.

Gecələr işləyənlər oxusun

Hollandiyalı elm adamları belə qənaətə gəliblər ki, gecələr işləmək ölüm riskini artıra bilər. Araşdırmalara görə, axşam saatlarında işləmək kökəlməyə və depressiyaya da yol açır.

Hollandiyanın Leiden Universitetinin Tibb Mərkəzindən dr. Jeroen van der Veldenin rəhbərlik etdiyi tədqiqatda 5000-dən çox insan iştirak edib. Tədqiqatın nəticələri göstərib ki, gecə gec saatlarda işləyən insanlar daha yüksək bədən kütləsi indeksinə (BKİ) və daha çox bel ölçüsünə sahib olurlar. Onlarda 2-ci tip diabetin inkişaf riski demək olar ki, 50 faiz daha yüksəkdir.

Mütəxəssislər orqanizmin daxili bioritmlərinin bu prosesdə əsas rol oynaya biləcəyini irəli sürüblər. Bu uyğunsuzluq diabet də daxil olmaqla təhlükəli xəstəliklərin riskinin artmasına səbəb olur. Tədqiqat, həmçinin göstərib ki, gecikmiş xronotipi (xronotip-bədənin sirkadiyalı ritmlərinin fərdi, təkamül yolu ilə inkişaf etmiş və genetik olaraq əvvəlcədən müəyyən edilmiş xüsusiyyəti) olan insanlarda daha çox visseral və qaraciyər piyləri var ki, bu da onların müxtəlif xəstəliklərə qarşı həssaslığını yüksək dərəcədə artırır.

Şorabalar beyni məhv edir - uzaq durun

ABŞ-ın Kornelli Universitetinin alimləri çox duzlu qidalara, turşuya, şorabaya meyilliyin gələcəkdə demensiya - əqli və yaddaş pozulmasına səbəb ola biləcəyini müəyyən ediblər.

Neyrobioloq Cuzeppe Farakonun rəhbərliyi ilə 3 ay müddətində laboratoriya siçanları üzərində təcrübə aparılıb. Bu müddət ərzində gəmiricilərə yüksək duzlu qidalar verilib. Təcrübə müddəti başa çatdıqdan sonra heyvanlarda demensiya simptomları görülüb. Belə ki, gəmiricilər yuvalarını tapmaqda çətinlik çəkiblər.

Alimlər müəyyənləşdiriblər ki, həddindən artıq duz beyni qidalandıran arteriyaların divarlarına mənfi təsir edərək kimyəvi dəyişikliklərə səbəb olur. Bu da oksid azot sintezi nəticəsində baş verir. Hansı ki, oksid azot damarları genişləndirir, qan dövranını təmin edir. Eləcə də yeni araşdırmada sübut edilib ki, duzlu qida neyronlarda tay-zülalın stabilliyini pozur. Bu zülal neyronların sağlamlıq və funksiyalarını təmin edir. Oksid azot çatışmadığına görə, tay-zülallar neyronları tərk edir, bir yerə toplaşaraq neyrofibrilyar toplar əmələ gətirir. Bununla da beyin neyronları tədricən məhv olmağa başlayır.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".