Yeni əsrin müqaviləsi
İqtisadiyyat

Yeni əsrin müqaviləsi

Azərbaycanın müstəqilliyini bərpa etdiyi ilk illərdə mürəkkəb siyasi və iqtisadi vəziyyətdən çıxış yolu kimi dəyərləndirilən, ölkəmizin dünya miqyasında tanınmasına şərait yaradan ulu öndər Heydər Əliyevin təşəbbüskarı olduğu "Əsrin müqaviləsi"nin imzalanmasından 30 il ötür. Bu müqavilənin önəmi barədə nə qədər danışsaq ölkəmizin nailiyyətlərini bir-bir sadalasaq yenə də zaman yetməz. Prezident İlham Əliyev tərəfindən "Əsrin müqaviləsi"nin müddətinin 2050-ci ilədək uzadılması barədə qərar həmin sənədin ölkəmizin siyasi-iqtisadi cəhətdən tərəqqisi üçün nə qədər önəmli olduğunun bariz nümunəsidir. "Əsrin müqaviləsi"nin Azərbaycan üçün əhəmiyyəti ilə bağlı fikirlərini bölüşmək məqsədilə bir neçə ekspertə müraciət etdik.

İqtisadi ekspert Vüqar Bayramov deyir:

- "Əsrin müqaviləsi" Azərbaycan üçün yalnız enerji siyasətinin deyil, eyni zamanda iqtisadi strategiyanın müəyyənləşdirilməsində həlledici təsirə malik oldu. 1994-cü ildə Azərbaycanın iqtisadi problemlərinə, eləcə də daxili siyasi çətinliklərə baxmayaraq, o zaman ümummilli liderimizin rəhbərliyi, uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz maraqlarına uyğun "Əsrin müqaviləsi"ni imzalamağa müvəffəq oldu. Həmin dövrdə Azərbaycan kifayət qədər problemləri olan ölkə idi, dövlət büdcəsi 400 milyon dollara belə çatmırdı. Bu şəraitdə ölkəmizin böyük məbləğli müqavilə imzalaması və qısa zamanda neft sektoruna 1 milyard dollar investisiya yatırması təbii ki, milli liderimizə inam və etimadın göstəricisi idi. Azərbaycan 2006-cı ildən etibarən "Əsrin müqaviləsi" çərçivəsində hasil edilən neftin dünya bazarına çıxarılmasını təmin etdi və bu, gəlirlərimizin artmasına, qeyri-neft sektorunun inkişafına yönələn maliyyə təminatının gücləndirilməsinə imkan yaratdı. Bu strategiya Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan artıq Cənub Qaz Dəhlizi layihəsini reallaşdırır, Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən birinə çevrilib. Eyni zamanda "Əsrin müqaviləsi"nin müddətinin 2050-ci ilədək uzadılması ilə Azərbaycan üçün şərtlər daha məqbul oldu, bonusun həcmi və SOCAR-ın payının artırılması ilə əlaqədar razılaşmalar qüvvəyə mindi. "Əsrin müqaviləsi" kontekstində Avropa İttifaqı (Aİ) region ölkələri ilə təhlükəsizliyin qorunması baxımından yeni münasibətlər qurur. Mavi qaz ixracının genişləndirilməsi, 2016-cı ildən sonra alternativ enerji mənbələrdən əldə olunan enerjinin Avropa bazarına çatdırılması - bütün bunlar ondan xəbər verir ki, bu gün "Əsrin müqaviləsi" Azərbaycanın enerji siyasətinə, iqtisadi strategiyasına müsbət təsirlərini qoruyub saxlayır. Bu, yalnız neft, enerji sektorunun deyil, həm də qeyri-neft sahəsinin inkişafı nöqteyi-nəzərdən vacib müqavilədir. Azərbaycanda iqtisadi siyasətin genişləndirilməsi, sosial təminatın gücləndirilməsi, eyni zamanda infrastrukturun inkişafı üçün kifayət qədər ciddi maliyyə bazası formalaşdırdı.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın fikirləri də maraqlıdır:

- "Əsrin müqaviləsi" Azərbaycanın müstəqilliyinin ilk onilliyində insanların "qara günlərində" uzaqdan görünən işığa bənzəyən ümid yaratdı. 1994-cü ilin 20 sentyabr tarixində imzalanmış bu müqavilə nəinki hökumətin, o cümlədən insanların ümid yeri idi. Sonrakı illər bu, həqiqətən də özünü doğrultdu. İlk növbədə, xarici mətbuatda, görüşlərdə, konfranslarda Azərbaycanın iqtisadi potensiala malik olan ölkə kimi adı çəkildi. Bundan sonra ölkəmizə xarici investisiya axını başladı, yeni müqavilələr imzalandı. Artıq 2000-ci ilin əvvəlində ancaq neft-qaz kəşfiyyatı işlərinə 3 milyard dollar vəsait qoyulmuş, Azərbaycan neft ixracatçısına çevrilmişdi. XXI əsrə biz bu nailiyyətlərlə qədəm qoyduq. 1999-cu il dekabrın 29-da Heydər Əliyev Azərbaycanda neft gəlirlərinin idarəedilməsi ilə bağlı Dövlət Neft Fondunun təsis edilməsi haqqında fərman imzaladı. Biz ilk mənfəət neftimizi o zaman aldıq. Qeyd edim ki, "Gülüstan" sarayında "Əsrin müqaviəsi"nin imzalanmasının iştirakçısı olmuşam. O zaman Dövlət Neft Şirkətinin vitse-prezidenti İlham Əliyevlə bir qrup jurnalist söhbət etdik və bu müqavilə ilə bağlı fikirlərini öyrəndik, çox böyük ümidləri var idi. İndiyə qədər xatirimdədir, İlham Əliyev qeyd etdi ki, nə bu gün, nə sabah bunun dividendlərini gözləməyin, bu müddət hardasa 5 il çəkəcək. Bu nə qədər yerində və dəqiq verilmiş proqnoz idi. Azərbaycan 1999-cu ilin dekabr ayında özünün ilk mənfəət neftini əldə etdi. Bundan sonrakı dövrə nəzərə salsaq, 2024-cü ilin yarısına olan göstəricilərə əsasən, Azərbaycan Respublikası neft gəlirlərindən dövlətə çatan mənfəət şəklində 202 milyard dollar vəsait əldə edib. Bunun böyük hissəsi "Azəri-Çıraq-Günəşli" neft yataqları blokunun payına düşüb. Azərbaycan büdcəsinə AÇG blokundan neft hasilatı nəticəsində vergi şəklində 20 milyard dollar vəsait ödənilib.

"Caspian Energy Club"un sədri və icraçı direktoru Telman Əliyev:

- "Əsrin müqaviləsi" ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə imzalanıb, bu, həm energetika, həm də digər sektorların sürətli inkişafına güclü təkan verib. Xüsusilə qeyd etmək istərdim ki, çağdaş Azərbaycanın uğurları, regionların inkişaf, 30 ildən sonra Qarabağın azad edilməsi, yəni bu iqtisadi güc məhz 20 sentyabr 1994-cü ildə imzalanmış müqavilə hesabınadır. Həyata keçirilən təbii qaz və "yaşıl enerji" layihələri də başlanğıcını məhz bu müqavilədən götürür. Həmin dövrdə Xəzər və Qara dəniz regionu üzrə "yaşıl enerji"nin nəql olunması məsələləri müzakirə olunurdu. Bu gün energetika sahəsində fəaliyyət göstərən neft-qaz şirkətləri artıq "yaşıl enerji"yə keçidi elan edirlər. Məlumdur ki, Azərbaycan Gürcüstan və Naxçıvan-Türkiyə vasitəsilə Avropaya "yaşıl enerji" nəql edəcək, bu da "Əsrin müqaviləsi"nin imzalanmasının nəticəsidir. Azərbaycan "yaşıl iqtisadiyyat"ın tətbiqinə təxminən 10 il əvvəl başlayıb, bu, COP ilə əlaqədar siyasət deyil. İndi bu istiqamətdə böyük işlər aparılır. Azərbaycanın Dubayda keçirilən COP28-də bir neçə mühüm təşəbbüsü var idi. COP29 çərçivəsində bir sıra vacib qərarlar qəbul olunacaq, hansılar ki, Azərbaycanın imzasını təşəbbüskar kimi dünya səviyyəsində bir daha tanıdacaq. Qeyd edim ki, COP29 ölkəmizdə kiçik və orta biznes sektoruna təkan verdi, KOBİA tərəfindən onlar arasında maarifləndirmə işləri aparıldı. Əminəm ki, bunun nəticəsi olaraq həmin şirkətlər iqlim dəyişmələri ilə bağlı tədbirlərin daha geniş şəkildə keçirilməsinə şərait yaradacaqlar.

Aygün İBRAHİMOVA,

"Respublika".