Qarabağ savaşında qazanılan Zəfərin sevinci hər bir vətəndaşımızın qəlbində yaşayır. Bu Qələbəni yaxınlaşdıran və bizlərə yaşadan isə Azərbaycan əsgərləridir. Cəsarəti, şücaəti ilə bütün dünyaya səs salan mərd oğullarımızın canı, qanı bahasına qazanılan Zəfərin əks-sədası hələ uzun illər ərzində duyulacaq. Müharibə bitdikdən sonra Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan "YAŞAT" Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynovla söhbətimiz bu məcrada davam etdi.
–Elvin bəy, "Qələbəni bizə yaşadanları Yaşat" şüarı altında fəaliyyət göstərən "YAŞAT" Fondunun yaradılmasının əsas məqsədi əslində aydındır. Onu bir daha sizdən eşitmək istərdik.
–"YAŞAT" Fondu böyük Zəfərimizdən tam bir ay sonra 2020-ci il dekabrın 8-də Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yaradıldı və məqsəd dövlət tərəfindən sosial sahədə həyata keçirilən tədbirlərə əlavə dəstəkdir. Bu, nədən qaynaqlandı? Məlumdur ki, müharibə dövründə 44 gün boyunca Azərbaycan xalqı öz imkanları hesabına, məktəblilərimiz yazdıqları məktublarla, təqaüdçülər pensiyaları ilə Ordumuza dəstək göstərdilər. Baxmayaraq ki, Ordumuzun maddi-texniki bazası ən yüksək səviyyədə təmin olunmuşdu, lakin xalq da öz dəstəyini göstərirdi. Həmin ərəfədə vətəndaş cəmiyyətindən belə bir çağırış var idi ki, həmin yardımlar mərkəzləşdirilmiş vahid platformadan idarə olunsun. Məhz bu çağırışlara cavab olaraq Ali Baş komandan Zəfərdən bir ay sonra "YAŞAT" Fondunu yaratdı və qurum dərhal formalaşdırıldı, Fond əməli fəaliyyətə başladı. Həmin müddət ərzində yaradıldığı 3 həftə ərzində "YAŞAT" Fondu bütün şəhidlərimizin ailə üzvləri ilə yaşadıqları ünvanlarda görüşdü, mövcud problemləri ilə yaxından tanış oldu, müraciətləri yerindəcə elektron informasiya vasitəsilə mərkəzi bazaya ötürdük.
–Fondun gördüyü işlər, layihələr, xüsusilə şəhid ailələrindən olan uşaqlar üçün ölkə daxilində və xaricdə təşkil olunan düşərgələr barədə ətraflı məlumat verərdiniz.
–"YAŞAT" Fondunun müəyyən fəaliyyət istiqamətləri mövcuddur, bununla yanaşı, bir çox korporativ, sosial layihələr həyata keçirilir. Xaricdə reallaşdırılan layihələr çərçivəsində, "YAŞAT" Fondu yay məktəbləri təşkil edir. Ötən il Almaniyanın Frankfurt şəhərində 10, bu il isə Londonda 12 şəhid övladı yay məktəbində iştirak etdi. Uşaqların seçiminə gəldikdə isə məlumdur ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 9-cu sinfin buraxılış imtahanları təşkil olunur. Məhz həmin imtahanlarda yüksək nəticə göstərən şəhid övladları yay məktəblərinə cəlb edilirlər. Bununla yanaşı, bu il Antalyada 40-dan çox şəhid övladı təşkil olunan düşərgələrdə iştirak edib. O cümlədən Naxçıvan Muxtar Respublikasında layihə həyata keçirərək qardaş Türkiyədən 9 şəhid övladı cəlb etdik. Göygöl rayonunda "Milli Yaylaq Festivalı" ərazisində ənənə düşərgəsi təşkil etdik. Mayın 28-də Türkiyədən 38 şəhid ailəsi Azərbaycana dəvət oundu. Onlar Bakıya gələrək, paytaxtla tanış oldular, daha sonra isə Şuşaya səfər etdilər. Məlumdur ki, hər il avqustun 30-da Türkiyədə Zəfər bayramı qeyd olunur. Həmin bayramda biz 30 şəhid ailəsi ilə bayram tədbirlərinə qatıldıq, Türkiyənin milli müdafiə naziri, Baş Qərargah rəisi, habelə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan bizim şəhid ailələrini qəbul etdi. Bundan başqa, analoji layihələrimiz davam edir. Həmin layihələrdən biri bir neçə gün öncə yekunlaşdı. Bilirsiniz ki, artıq yeni tədris ili başlandı, biz də öz tərəfimizdən 1365 şəhid övladına birillik zəruri olan məktəbli ləvazimatları hədiyyə etdik. Düşünürük ki, bu cür layihələr hər zaman davam etməlidir və edəcək.
–Ümumilikdə neçə şəhid ailəsi himayəyə götürülüb?
–Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olan ilk şəhiddən son şəhidə qədər, ilk müharibə əlilindən sonuncuya qədər hər biri "YAŞAT" Fondunun subyektidir və bizim fəaliyyət istiqamətlərimizdən yararlana bilər. Şəhid ailəsi üzvü deyəndə, mövcud qanunvericiliyə əsasən, şəhidlərimizin ana və ataları, həyat yoldaşları, övladları və digər kateqoriyadan olan şəxslər var ki, onlar şəhid ailələri üzvləri hesab edilirlər. Və qeyd edim ki, yalnız mühariə əlilinin özü "YAŞAT" Fondunun subyekti hesab olunur. Fondun rəsmi portalı vasitəsilə və ya 8110 "Çağrı Mərkəzi"nə zəng vurmaqla müraciət etmək mümkündür.
–Müharibə əlillərinə göstərilən xidmətlər barədə nə deyə bilərsiniz?
–Hazırda tibb və təhsil istiqamətlərində fəaliyyətimiz genişlənir. Hər gün tibb sahəsinə dair yüzlərlə müraciət daxil olur. Bildiyiniz kimi, "YAŞAT" Fondu dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək məqsədilə yaradılıb. Hər bir Azərbaycan vətəndaşı İcbari Tibbi Sığorta ilə əhatə olunub və bu zərfə 3100-dən artıq xidmət daxildir. Hər birimiz həmin xidmətlərdən dövlət hesabına yararlana bilərik. Əgər müraciət formasında həmin zərfə daxil olmayan xidmət növü varsa, o zaman fond öz dəstəyini göstərir. Bundan əlavə, hər bir şəhid ailəsinin üzvü və qazilər il ərzində min manat məbləğində "YAŞAT" Fondu vasitəsilə pulsuz dərman preparatları ilə təmin olunur. Eyni zamanda ölkə daxilində müalicəsi mümkün olmayan şəxsləri aidiyyəti səhiyyə təşkilatlarının rəyi əsasında xarici ölkələrə göndəririk.
–Mümkünsə, Fondun beynəlxalq münasibətləri barədə məlumat verərdiniz.
–Bu barədə deyə bilərəm ki, Türkiyədə Mehmetçik Vakfı, Dayanışma Vakfı kimi fondlar fəaliyyət göstərir. Biz onlarla Türkiyədə görüşüb fikir mübadiləsi həyata keçirmişik, onların fəaliyyətinə nəzər salmışıq. Eyni zamanda onları Azərbaycana dəvət etmişik və burada qarşılıqlı müzakirələr aparılıb. Ümumilikdə, onların təcrübəsindən hansı formada yararlana, tətbiq edə bilərik, bu imkanları özümüz üçün müəyyən etmişik.
–Xaricdə fəaliyyət göstərən humanitar təşkilatlar tərəfindən Fonda ianələr olunurmu?
–Məlumdur ki, Fonda ianələr könüllü şəkildə həyata keçirilir. Bütün dünya azərbaycanlılarının "YAŞAT" Fonduna ianə etməsi üçün tərəfimizdən bir neçə valyuta ilə bank hesabları açmışıq, bunlar Azərbaycan manatı, lirə, rubl, dollar, avro və funt sterlinqdir. Bu o deməkdir ki, istənilən şəxs, dünya azərbaycanlıları hər yerdən istənilən formada "YAŞAT" Fonduna ianə etmək imkanına malikdirlər. Bir neçə ay öncə biz Azərbaycan Diasporuna Dəstək Fondu ilə dünya azərbaycanlılarına çağırış edərək "YAŞAT" marafonu həyata keçirmişik. Marafon ərəfəsində dünyanın 62-dən çox ölkəsindən "YAŞAT" Fonduna ianələr daxil olub.
–Müsahibə üçün təşəkkür edirik.
Müsahibəni apardı:
Aygün İBRAHİMOVA,
"Respublika".