“XIX əsrə qədər Azərbaycanda ermənilərin yaşamamasına baxmayaraq, regional və qlobal dəyişikliklər səbəbindən böyük güclər tərəfindən ərazilərimiz də daxil olmaqda bölgədə gələcəyə hesablanmış layihələr həyata keçirilməyə başlandı. Beləliklə, mövcud vəziyyətdən istifadə edən regional dövlətlər ortaq maraqlar kontekstində ermənilərin Azərbaycan ərazilərinə köçürülməsi barədə razılaşaraq, bunu müxtəlif mərhələlərdə həyata keçirdilər. Nəticədə isə zamanla Azərbaycanın Qərb torpaqlarında azərbaycanlı əhalinin sayı azaldıldı, bunun əksinə ermənilərin sayı qanunsuz olaraq artırıldı”.
Bu sözləri “Respublika”ya açıqlamasında siyasi şərhçi Elmir Səftərov bildirib.
E.Səftərov, həmçinin qeyd edib ki, 1980-ci illərin sonlarında Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan tarixi torpaqlarına açıq formada ərazi iddiaları başladı: “Fəaliyyət göstərdikləri ölkələrdə erməni diasporu və lobbisi uydurma iddialara əsaslanan təbliğat işi apardı və öz cinayətlərinə, işğal faktlarına dəstək üçün zəmin hazırladı. 1991-ci il sentyabrın 2-də qondarma “Dağlıq Qarabağ Respublikası” elan edildikən sonra ermənilər XX əsrin ən qanlı faciələrindən birini, insanlıq və müharibə cinayətlərini törədərək Qarabağı və ətraf 7 rayonu işğalı etdilər. Ermənilər beynəlxalq humanitar hüquqa zidd şəkildə hərbi və mülki şəxslərə heç bir fərq qoymadan işğal etdikləri ərzilərimizdə azərbaycanlı əhalini soyqırımına məruz qoydular, maddi-mənəvi abidlərimizi məhv etdilər. Bu addım Qarabağda yaşayan əhalinin kökünü kəsməklə demoqrafik göstəriciləri, sadəcə, ermənilərdən ibarət etmək məqsədi güdürdü. Regional təhlükəsizlik üçün ciddi təhdidlər yaradan münaqişə beynəlxalq təşkilatlar çərçivəsində ciddi müzakirə olunsa da, problemlə bağlı bir sıra mühüm sənədlər qəbul edilsə də, heç bir nəticə hasil olmadı. Nəhayət 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq başladılan 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik işğala son qoyuldu, ərazi bütövlüyümüz bərpa olundu, düşmən kapitulyasiya aktına imza atmağa məcbur edildi”.
Siyasi şərhçi, bunu beynəlxalq hüququn Azərbaycan Ordusu tərəfindən bərpa edilməsi, tarixi ədalətin gec də olsa öz yerini tutması kimi qiymətləndirib: “2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən Ermənistan dəstəklədiyi separatçıların ərazilərimizdən çıxarılması üçün heç bir səy göstərməməsi bir yana, onları dəstəkləməyə davam etdi. Bu da işğaldan azad edilmiş ərazilərimizə qayıdan əhali və orada bərpa-quruculuq işləri həyata keçirən vətəndaşlarımız üçün ciddi təhdid yaradırdı. Eyni zamanda, qanunsuz erməni silahlı birləşmələri ərazilərimizi minalamağa, öz məqsədləri üçün hərbi obyektlərin sayını artırmağa başlamışdı. Bütün beynəlxalq təzyiqlərə baxmayaraq, Azərbaycan dövləti öz qərarını vermişdi: ya separatçılar ərazilərimizdən çıxacaq, ya da Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatı həyata keçiriləcək. Bu barədə verilən xəbərdarlıqlara məhəl qoymayan separatçılar 2023-cü ilin sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən 1 gündən də az müddətdə məğlub edildi, sağ qalanlar isə təslim olaraq ərazilərimizi tərk etdilər. Beləliklə, dövlət suverenliyimiz bərpa olundu və Azərbaycan Bayrağı bütün işğaldan azad edilmiş torpaqlarımızda dalğalandı. Bu, 200 illik problemin həll edilməsi, habelə “erməni layihəsi”nin isə sonu idi. Zəfərimizi taclandıran 19-20 sentyabr antiterror tədbirlərindən düz bir il sonra Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında Sərəncam imzalandı. Azərbaycan tarixində əvəzedilməz yer tutan Qələbəmizi gələcək nəsillər qürurla xatırlayacaq, bütöv Azərbaycanı onlara əmanət edən ata-babalarının igidliyini heç vaxt unutmayacaqlar”.