Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "8-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, 8-ci gün ötən 7 gün ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verənlərə yenidən nəzər yetirməklə Azərbaycanla bağlı ən önəmli 3 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.
8 sentyabr
- İtaliyada keçirilən Çernobbio Beynəlxalq Forumunda jurnalistlərin suallarını cavablandıran Macarıstanın Baş naziri Viktor Orban Azərbaycanı Avropa İttifaqı üçün strateji əhəmiyyətli ölkə adlandırıb.
- Azərbaycan idmançıları V Dünya Köçəri Oyunlarının açılışında iştirak ediblər.
9 sentyabr
- Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçılarına məktub ünvanlayıb.
- Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın xarici işlər nazirinin "sülh sazişi" və kommunikasiyalarla bağlı fikirləri ilə əlaqədar medianın sualını cavablandırıb.
- ANAMA ötən həftə 1583 partlamamış hərbi sursat zərərsizləşdirildiyini bildirib.
10 sentyabr
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub.
COP29-a yüksək səviyyədə hazırlıq
Ölkə başçımız Bakı Olimpiya Stadionunun ərazisində COP29-a hazırlıqla bağlı görülən işlərlə tanış olub. Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına COP29 məkanının tədbirə hazırlıq vəziyyətinə gətirilməsi barədə məruzə etdi. Eyni zamanda, dövlətimizin başçısına ümumilikdə bu tədbirlə bağlı stadionun 49 hektarlıq perimetrində Mavi Zona üzrə aparılan tikinti işləri, məkanların dizaynı, qonaqlar üçün müxtəlif xidmətlərin təşkili, paytaxtda nəqliyyat əməliyyatlarının hazırlığı, qonaqların yerləşdirilməsi prosesi və digər işlər, həmçinin 8 hektar ərazidə qurulan Yaşıl Zona ilə bağlı məlumat verildi.
- Prezident XVII Yay Paralimpiya Oyunlarında yüksək nəticə göstərən idmançılar və onların məşqçilərini mükafatlandırıb.
- Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan müdafiə nazirləri arasında üçtərəfli saziş imzalanıb.
- Fransa Koloniyalarının Azadlıq Cəbhəsi rəsmi Parisin Azərbaycana səyahət xəbərdarlığına etiraz edib.
11 sentyabr
- Türk Dövlətləri Təşkilatı (TDT) tərəfindən yaradılan Türk Dünyası Ortaq Əlifba Komissiyası 34 hərfdən ibarət Ortaq Türk Əlifbası təklifi ilə bağlı razılığa gəlib.
Türk dünyasının ortaq əlifbası – ta
rixi irsin gələcək körpüsü
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın daxil olduğu Türk Dövlətləri Təşkilatı regional güc mərkəzinə çevrilir. Quruma üzv ölkələr arasında siyasi, iqtisadi və sosial sahələrdə əlaqələr inkişaf edir. Mədəniyyət, elm, təhsil, turizm, gənclər və idman kimi sferalarda birgə fəaliyyət xalqlar arasında dostluq və qardaşlıq əlaqələrinin daha da dərinləşməsi ilə xarakterizə olunur.
Ümumiyyətlə, türk dünyası qlobal güc yolunda sürətlə irəliləyir. Eyni kökə və oxşar mədəniyyətə sahib olan türk xalqlarının bir-biri ilə sürətli inteqrasiya proseslərinin getdiyi müasir mərhələdə isə bu xalqların ortaq əlifba və imlaya sahib olmalarının müstəsna əhəmiyyəti var.
- Laçına növbəti köç baş tutub.
- Azərbaycan XİN Avropa İttifaqının qərəzli və ədalətsiz bəyanatına cavab verib.
12 sentyabr
- Serbiya Prezidenti Aleksandar Vuçiç Belqradda Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayevlə görüşüb.
- Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Lüksemburq Böyük Hersoqluğunun xarici işlər və xarici ticarət naziri Xavier Bettel arasında telefon danışığı baş tutub.
- Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, son illər Azərbaycanın Qarabağ bölgəsində baş verən hadisələrə görə günahı Ermənistan rəhbərliyi daşıyır.
13 sentyabr
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də "Gulfstream Aerospace" şirkətinin prezidenti Mark Börnsü qəbul edib.
- Prezident İlham Əliyev "Vista Equity Partners" şirkətinin icraçı direktorunu qəbul edib.
- Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkədə səfərdə olan Türkiyə-Ermənistan normallaşma prosesi üzrə xüsusi nümayəndə səfir Serdar Kılıç ilə görüşüb.
- Formula 1 Azərbaycan Qran-prisində ilk günə yekun vurulub.
Azərbaycanın Formula 1-ə növbəti ev sahibliyi uğurla davam edir
Hər il 30 mindən çox azarkeşin canlı izlədiyi Formula 1 Qatar Airveys Azərbaycan Qran-prisi yenidən yarış həvəskarlarını tribunalarda qarşılayır. Bakı trası dar döngələri və uzun düz xətli yolları ilə məşhurdur. Bu, sürücülərə daha çox ötüşmə imkanı yaradır. Formula 1 Azərbaycan Qran-prisinə start verilib. İlk gündə iki sərbəst yürüş keçirilib. Birinci sərbəst yürüş saat 13:30-da, ikincisi isə 17:00-da başlayıb. İlk test yürüşündə "Red Bull" pilotu Maks Ferstappen, ikincidə isə "Ferrari" pilotu Şarl Lekler ən yaxşı nəticə göstərib.
14 sentyabr
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 14-də Bakının Səbail rayonunda yerləşən "Xaqani" bağında və ətraf ərazilərdə aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
“Respublika”.