Formula 1 Azərbaycan Qran-prisinin ikinci günü başa çatıb
Paytaxtımızın sayca səkkizinci dəfə ev sahibliyi etdiyi Formula 1 üzrə üçüncü sərbəst yürüş və sıralama turu, Formula 2 üzrə sprint yarışları keçirilib. 10 komandadan 20 pilotun birincilik uğrunda mübarizə apardığı yarış trekinin uzunluğu 6 kilometrdir. Üçüncü sərbəst yürüşdə 10 komanda mübarizə aparıb. Yürüş iştirakçıları bir saat ərzində 6 kilometrlik trekdə dövrə vurublar. Bu yarışın qalibi "Mercedes"in britaniyalı pilotu Corc Rassell olub. "Ferrari"nin monakolu sürücüsü Şarl Lekler ikinci, "MakLaren"in britaniyalı pilotu Lando Norris üçüncü sırada yer alıb. Saat 14:15-də Formula 2 üzrə sprint yarışı baş tutub. Burada 11 komanda mübarizə aparıb. Ən yaxşı nəticəni "PHM AIX Racing" komandasının paraqvaylı pilotu Yosua Durksen göstərib. DAMS komandasının amerikalı sürücüsü Cek Krauford ikinci, "Prema"da çıxış edən italiyalı Qabriel Mini üçüncü olub.
Saat 16:00-da isə sıralama turu start götürüb. Yarışda 10 komanda mübarizə aparıb. Ən yaxşı nəticəyə "Ferrari"nin monakolu pilotu Şarl Lekler nail olub. "McLaren"in avstraliyalı sürücüsü Oskar Piastri ikinci, "Ferrari"nin digər üzvü ispaniyalı Karlos Sayns üçüncü olub.
Cüdoçularımız Zaqrebdə üç medal qazanıblar
Xorvatiyanın paytaxtı Zaqrebdə cüdo üzrə Qran-pri yarışları keçirilib. Turnirdə ölkəmizi təmsil edən cüdoçulardan Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Paşayev (66 kq) bürünc medal qazanıblar. Qeyd edək ki, yarışda 40 ölkədən 326 idmançı mübarizə aparıb. Ölkəmizi turnirdə 7 çəki dərəcəsində 10 idmançı təmsil edib.
V Ümumdünya Köçəri Oyunları yekunlaşıb
Qazaxıstanın paytaxtı Astanada keçirilən V Ümumdünya Köçəri Oyunları yekunlaşıb. Ölkəmiz yarışlarda 8 idman növü üzrə 54 idmançı ilə təmsil olunub. İdmançılarımız ümumilikdə 7 medal qazanıblar. Onların ən böyük uğuru qazaq güləşində olub. Belə ki, komandamız bu növdə iki gümüş, iki bürünc olmaqla, dörd medal qazanıb. Alış güləş növündə 2 bürünc, aba güləşi yarışında bir bürünc medal əldə edilib. Medal sayına görə Azərbaycan 89 ölkə arasında 9-cu olub. V Ümumdünya Köçəri Oyunları 89 ölkədən təxminən 2500 iştirakçını bir araya gətirərək idman və köçəri mədəniyyəti ənənələrinin bayramına çevrilib. Qeyd edək ki, VI Ümumdünya Köçəri Oyunları 2026-cı ildə Qırğızıstanda keçiriləcək.
Nərgiz İSMAYILOVA,
"Respublika".