SAĞLAM HƏYAT
Maraqlı

SAĞLAM HƏYAT

İşdə yatmağın xeyri var imiş...

Elm adamları belə qənaətə gəliblər ki, işçilərin məhsuldar işləməsi və onların öhdəsinə düşən vəzifələri vaxtı-vaxtında yerinə yetirməsi üçün günorta yuxusu vacibdır.

Mütəxəssislər hesab edir ki, gün ərzində çox gərgin iş rejimi olan və ya gecə kifayət qədər yata bilməyən insanlar günorta mütləq yatmalıdırlar. Ancaq bu yuxu qısamüddətli olmalıdır. El arasında "şəkərləmə" kimi ifadə olunan günorta yuxusu zehni və fiziki fəaliyyətə müsbət təsir göstərir, ürəyi qoruyur, beyin və damar sağlamlığı baxımından da faydalıdır. Bu səbəbdən mütəxəssislər tövsiyə edirlər ki, iş zamanı mütləq günorta yuxusu üçün yarım saat vaxt ayırmaq lazımdır.

18-50 yaş arası 40 nəfər işçinin iştirakı ilə aparılan təcrübələrin nəticələri göstərib ki, qısamüddətli yuxudan sonra gərginlik aradan qalxır, iş qabiliyyəti, yaddaş, intellekt və digər psixi funksiyalar yaxşılaşır.

Kartof sağlam qidadır, yoxsa qeyri-sağlam?

İnsanların əksəriyyəti kartofdan uzaq durmağa çalışırlar. Onlar elə düşünürlər ki, bu qida sağlamlığa zərərlidir. Bəziləri isə onun həm də çəki artımına səbəb olduğuna inanırlar. Lakin elm adamları bunun əksini iddia edirlər.

Mütəxəssislərin sözlərinə görə, digər məhsullar kimi, kartofu da həddindən artıq yemək ziyandır. Kartofun miqdarı ilə yanaşı, onun hazırlanma üsulu da vacibdir. Qızardılmış kartof daha dadlı olsa da, suda qaynadılmışa üstünlük verilməlidir. Çünki onun tərkibində cəmi 130 kalori var. Kartofda insan orqanizmi üçün vacib olan bir çox vitamin və qida maddələri mövcuddur. Maraqlıdır ki, onun tərkibindəki C vitamini sitrus meyvələrinin tərkibindəkindən çoxdur. Təxminən 150 qram ağırlığında olan kartof gündəlik C və B6 vitamini tələbatının 15 faizini ödəyə bilər.

Elmi tədqiqatların nəticələri göstərir ki, kartof tərkibindəki yüksək miqdarda flavonoid, karotinoid və fenol turşularının hesabına antioksidant təsiri göstərir. Bu maddələr qaraciyər və yoğun bağırsaqda əmələ gələn xərçəng hüceyrələrinin inkişafını deaktivləşdirir. Bundan əlavə, kartofun tərkibindəki stabil nişasta bağırsaqlarda faydalı bakterial floranın inkişafı üçün əlverişlidir. Alimlər bu nişastanın qanda şəkərin miqdarına daha yaxşı nəzarət edilməsinə şərait yaratdığını söyləyirlər.

Soyuqdəymənin qənimi, təzyiqin çarəsi...

Qədimdən bu günə kimi bir çox xəstəliklərin müalicəsində istifadə olunan kəklikotu demək olar ki, hər bir azərbaycanlı ailəsinin çay süfrəsinin əvəzedilməz təamıdır. Deyirlər ki, samovar qalayıb, dəmlənən çaya kəklikotu qatmadınsa, daha nə ləzzəti? Bu ədviyyat yeməklərə, çaya ətir və ləzzət qatmaqla yanaşı, həm də saysız-hesabsız müalicəvi əhəmiyyətə malikdir.

Onun tərkibində efir yağı ilə bərabər, kamedlər, flavanoidlər, ursol və olenaol turşuları var.

İlk növbədə, sinir sisteminə müsbət təsir edən bu bitki beyində qan dövranını nizamlayır, əsəbləri sakitləşdirir, əhvali-ruhiyyəni yaxşılaşdırır.

Kəklikotu, həm də yüksək təzyiqin dərmanıdır. İmmun sistemi üçün də çox xeyirli olan bu bitki soyuqdəymə və respirator xəstəliklərin müalicəsində əvəzedilməzdir. Güclü antiseptik və antibakterial təsirə malik olduğu üçün qarqara şəklində ağız boşluğunun və udlağın iltihabi xəstəliklərində tətbiq edilir. Bəlğəmgətirici və antiseptik vasitə kimi laringit, traxeit, bronxit, göyöskürək və bronxopnevmoniya, eləcə də mədə turşuluğunun azalması, köp, bağırsaqların atoniyası və spazmı ilə müşayiət olunan mədə-bağırsaq xəstəliklərində qəbul olunur. Kəklikotuna həm də "kişi otu" deyilir. Sübut olunub ki, bu ot prostat vəzinin müalicəsində istifadə olunur.

Qəhvənin daha bir faydası məlum olub

Elm adamları qəhvənin daha bir faydasını ortaya çıxarıblar. Məlum olub ki, bu içki yaşla əlaqədar əzələ kütləsinin itirilməsinin qarşısını alır.

Alimlər belə qənaətə gəliblər ki, qəhvə sarkopeniyanın inkişafına mane olur. Məlumat üçün qeyd edək ki, sarkopeniya sklet əzələsinin yaşa bağlı atrofik degenerativ dəyişiklikləri nəticəsində əzələ kütləsi və qüvvəsinin tədricən enməsidir.

Tədqiqat aparmaq üçün 8300-dən çox 30-40 yaş arası amerikalının sağlamlıq vəziyyəti haqqında məlumatlar öyrənilib. Onların təxminən 50 faizi qadınlar olub. Məlumatlar 2011-2018-ci illər arasında toplanıb. Hər gün qəhvə içən insanlarda əzələ kütləsi 11-13 faiz daha çox olub.

Alimlər qeyd ediblər ki, tədqiqat sadəcə olaraq istənilən miqdarda kofeinli qəhvə qəbulunun kofeinsiz qəhvə ilə müqayisədə sağlamlığa təsirinin öyrənilməsi məqsədi daşıyır.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".