Qarabağ Universiteti tarixi ənənələri yaşadacaq
Elm və təhsil

Qarabağ Universiteti tarixi ənənələri yaşadacaq

44 günlük Zəfər savaşı həm də xeyirin şər, sivilizasiyanın barbarlıq, mədəniyyətin vəhşilik üzərində qələbəsidir. Azərbaycan güclü, qüdrətli dövlət olaraq bütövlükdə insanlığa, bəşəriyyətə, mədəniyyətə xidmət edir. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi genişmiqyaslı layihələr uğurla icra olunur.

Hazırda Qarabağ və Şərqi Zəngəzurda sürətlə və sistemli şəkildə davam edən irimiqyaslı quruculuq və bərpa tarixi zəfərdən sonra qısa müddət ərzində bölgənin simasını tamamilə dəyişib. Belə ki, dövlət tərəfindən aparılan genişmiqyaslı işlər sosial, siyasi, iqtisadi, mədəni sahələri əhatə edir. Bura təsisatlar və təşkilatların yenidən qurulması da daxildir. Onların sırasında təhsil xüsusi yer tutur. Qarabağ Universitetinin yaradılması isə xüsusi əhəmiyyət kəsb edir. Bu il Qarabağ Universitetinin tələbəsi adını qazanan, eləcə də bu ali təhsil ocağının akademik və inzibati fəaliyyətinə qoşulacaq hər kəs bir ilkə imza atacaq.

Qarabağda ilk ali təhsil ocağı 1969-cu ildə Azərbaycan Pedaqoji İnstitutunun filialı kimi qurulub, 1973-cü ildən 1988-ci ilədək ali təhsil müəssisəsi kimi fəaliyyət göstərib, ərazilərimizin işğalı dövründə isə fəaliyyətini dayandırıb. Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamına əsasən Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması həm də strateji önəm daşıyır. Dövlət başçısının qeyd etdiyi kimi, "Sentyabr ayından artıq Xankəndiyə də köç başlayır. Birinci köçən tələbələr və onların müəllimləri olacaqlar". Beləliklə, tələbə və müəllimlər Xankəndi şəhərinə ilk köçün qürurunu və sevincini yaşayacaqlar. Bu, eyni zamanda onların qarşısında peşəkar mütəxəssis olmaq, layiqli vətəndaş kimi yetişmək, eləcə də Qarabağın dirçəldilməsi və sosial-mədəni həyatının inkişafında iştirak etmək kimi çox böyük, şərəfli və məsuliyyətli vəzifələr qoyur.

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva bildirib ki, ilk tədris ilində tələbələrimiz bir çox üstünlüklərdən faydalana biləcəklər. Qarabağ Universitetinə tələbə qəbulu yalnız dövlət sifarişi əsasında aparıldığından hər bir tələbə təqaüd alacaq. Eyni zamanda universitetimizə yüksək bal toplayaraq qəbul olunan tələbələrə əlavə təqaüd verilməsi nəzərdə tutulur. Həmçinin bütün tələbələr ödənişsiz mənzil tipli müasir yataqxana ilə təmin ediləcək, hər bir tələbəyə kompüter hədiyyə olunacaq. Tələbə və işçi heyətimizin ekoloji cəhətdən təmiz, təhlükəsiz, yaradıcı, maraqlı və işgüzar mühitdə təhsil alması, fəaliyyət göstərməsi və yaşaması üçün bütün zəruri imkanların yaradılacağını digər üstünlüklərimizdən biri olaraq qeyd edə bilərik.

Qarabağ Universiteti olaraq ilk tədris ilinə hazırlıqla bağlı bütün işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırdır, professor-müəllim heyəti tam formalaşıb və bütün ixtisaslar üzrə ilkin dərs cədvəlləri hazırlanıb.

2024-2025-ci tədris ili üzrə universitetin bakalavriat səviyyəsinə tələbə qəbulu planı demək olar ki, tam dolub. Belə ki, universitetə ümumilikdə 1104 tələbə qəbul olunub. Onu da qeyd edək ki, Qarabağ Universitetində dərslər 23 sentyabr tarixində başlayacaq. Bununla əlaqədar ali təhsil müəssisəsində orientasiya (tanışlıq) günləri keçiriləcəkdir. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaqlar.

Göründüyü kimi, Qarabağ Universitetinin yaradılmasında əsas məqsəd regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılmasıdır. Bu baxımdan, hazırda sürətlə qurulmaqda olan doğma Qarabağımızda universitet tələbələr üçün geniş imkanlar yaradacaq.

Bir sözlə, Xankəndidə Qarabağ Universitetinin ölkənin və dünyanın ali təhsil sistemində layiqli yer tutması üçün bütün zəruri tədbirlər görülüb. Qarabağ Universiteti modern və müasir təhsil sisteminin önəmli bir nümunəsi olacaq, onun xoş sorağı Qarabağı dünyaya qədim və sivil Azərbaycan torpağı kimi tanıdacaq.

Nurəngiz ADİLQIZI,

"Respublika".