Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Polşada təşkil olunan minifutbol üzrə Avropa Çempionlar Liqasının qalibi “Birbaşa Bakı” komandası ilə görüşüb.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən "Respublika"ya verilən məlumata görə, görüşdə məşqçi və futbolçuların yarışla bağlı təəssüratları dinlənilib. Ölkəmizi turnirdə layiqincə təmsil etdiklərinə və qazanılan yüksək nailiyyətə görə onları təbrik edən nazir və federasiya prezidenti bu qələbənin ölkəmizdə minifutbolun inkişafının bariz nümunəsi kimi qiymətləndiriblər.
Fərid Qayıbovun sözlərinə görə milli komandamızın Avropa çempionu olduqdan sonra minifutbola maraq artıb. Federasiyanın gördüyü işlər, milli çempionatın yüksək səviyyədə keçirməsinin nəticəsidir ki, klublarımız və millimiz beynəlxalq arenada uğurlu nəticələr əldə ediblər.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bütün idman növlərində olduğu kimi minifutbola da dövlət tərəfindən diqqət və qayğı göstərildiyini qeyd edib.
"Birbaşa Bakı" komandasının təsisçisi Ramin Hacıyev isə nazir və federasiya prezidentinə diqqətə görə minnətdarlığını bildirib. Komandanın Çempionlar Liqasının qələbə qazanmasını Azərbaycanın bir daha idman ölkəsi olması ilə əlaqələndirən klub rəsmisi gələcəkdə beynəlxalq arenalarda uğur qazanmaq üçün daha səylə çalışacaqlarını vurğulayıb.
Sonda "Birbaşa Bakı" komandasının forması nazir Fərid Qayıbova təqdim olundu və xatirə şəkli çəkdirilib.