Vətən uğrunda şəhid olanlar ölmürlər, onların ömür yolları qısa olsa da, daim nümunəvi bir mayaka çevrilirlər. İlkin Məmmədzadə da ömrünün 29-cu baharında Vətən, ana, torpaq uğrunda canından, xoş arzularından, göz qırpmadan gənc ömründən keçdi. İllər, əsrlər dəyişsə də, onlar elə bu gənc yaşlarında qalacaq, beləcə xatırlanacaq.
Azəbaycan Dövlət Aqrar Universitetində univesitetin məzunu şəhid baş leytenant Məmmədzadə İlkin Əzizağa oğlunun xatirə gecəsi keçirilib və “Şəhid İlkin Məmmədzadə” kitabının təqdimat mərasimi olub. Tədbirdə Gəncə Şəhər Ağsaqqallar Şurasının sədri professor Nüəddin Məmmədov univesitetin Tədris işləri üzrə prorektoru Əhməd Məlikov, universitetin Baytarlıq fakültəsinin dekanı Şəlalə Zeynalova, Gəncə Şəhər Gənclər evi intellektual yarış rəhbəri Natiq Salahov, Azərbaycan radioaparıcısı, teleaparıcısı Dj Fateh Məmmədəli Məmmədov, Şəhidin anası Fatma ana, şəhidin qohumları, dostları, tələbə yoldaşları, şəhid ailələri, qazilər, universitetin əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra şəhid haqqında film nümayiş etdirilmişdir. Tədbirdə universitetin Baytarlıq fakültəsinin Dekanı Şəlalə Zeynalova açaraq, Universitetin rektoru Zəfər Qurbanovun adından şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş, səbir diləmiş, universitetin bütün əməkdaşlarının ondan fəxr duyduğunu diqqətə çatdırmışdır. Sonra Şəhid baş leytenantı Məmmədzadə İlkin Əzizağa oğlunun tələbə həyatından, nümunəvi məzun olduğundan, keçdiyi şərəfli döyüş yolundan əhatəli söhbət açmışdır. Bildirmişdir ki, Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbi “fərqlənmə” ilə bitirmişdir. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olunmuşdur. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik etmiş, "Xəmsə" və "Breyn Rinq" yarışmalarında fəal iştirak etmişdir. 2012-ci ildə Universiteti “Fərqlənmə” diplomu ilə bitirmişdir. 2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə nümunəvi xidmət olmuşdur. 2014-2016-cı illərdə isə həmin universitetdə magistr təhsili almışdır. Hərbi xidmətdən sonra elmi fəaliyyətlə məşğul idi. Vətənin darda olması onu daimi düşündürürdü, yata bilmir, qovrulurdu. Bu haqsızlığa son qoyulmalı, torpaqlarımız azad olmalı, şəhidlərimizin qisası alınmalı idi. Məhz bu baxımdan 2016-cı ilin iyun ayından etibarən Goranboy rayonu Yuxarı Ağcakənd kəndində "N" saylı hərbi hissədə leytenant kimi xidmətə başladı. Xidməti ərzində yüksək fəaliyyətinə görə dəfələrlə fəxri fərman və təşəkkürnamələrə layiq görüldü. 2018-ci ilin dekabr ayında Tərtər rayonu "N" saylı hərbi hissəyə köçürüldü. Nümunəvi xidmətinə və qüsursuz xidmətinə görə 2020-ci ilin iyun ayında Baş leytenant rütbəsi verildi. Azərbaycan Ordusunun baş leytenantı olan İlkin Məmmədzadə 27 sentyabr 2020-ci il Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı döyüşlərdə fəallıq göstərirdi. 21 nəfərə yaxın yaralı hərbçini döyüş meydanından çıxartmışdır. 7 oktyabr 2020-ci ildə saat 10 radələrində erməni vandallarının Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüş zamanı qəhrəmancasına şəhid olmuşdur. 8 oktyabr 2020-ci ildə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə Şəhid baş leytenantı olan İlkin Məmmədzadə Əzizağa oğlu 15.12.2020-ci il tairixində "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur. Sonra “Şəhid İlkin Məmmədzadə” kitabının təqdimatı olmuş, kitab haqqında ətraflı söhbət açılmışdır.
Zabit XƏLİLOV,
“Respublika”.