Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər ümumtəhsil məktəblərinin bir sıra məzunları, 600-dən artıq balla ali məktəblərə qəbul olunan tələbələri ilə görüşüb. Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə 2023-2024-cü tədris ilinin yekunları haqqında qısa məlumat verilib. Qeyd edilib ki, bu il şəhər ümumtəhsil məktəblərinin 9-cu sinifləri üzrə 1438 nəfər adi attestat, 49 nəfər fərqlənmə attestatı alıb. 11-ci sinifləri 1165 nəfər bitirib. Onlardan ali məktəbə qəbul olanların sayı 426 nəfərdir, o cümlədən 41 nəfər Qarabağ Universitetinə qəbul olub. Məktəbi bitirən məzunlardan 5 nəfər qızıl medal, 2 nəfər isə gümüş medala layiq görülüb. Ali məktəbə qəbul olan tələbələrdən 150 nəfəri 500-dən yuxarı, o cümlədən 46 nəfəri 600-dən yuxarı bal toplayıb. Şəhər üzrə ən yüksək nəticəni Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi Aysel Səlimova (684 bal) göstərib. Tədris ilində fənn olimpiadasının respublika mərhələsində şəhər ümumtəhsil məktəblərindən 91 nəfər iştirak edib, onlardan 1 nəfər qızıl, 6 nəfər gümüş, 4 nəfər isə bürünc medala layiq görülüblər. Bütün bu uğurlar Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin və genişmiqyaslı inkişaf proqramının bir hissəsidir. Ölkə rəhbərinin yüksək diqqət və qayğısı sayəsində şəhərimizin təhsil ocaqlarında cari təmir, bərpa işləri aparılır, məktəblərimiz yeni avadanlıqlarla təchiz edilir.
Tədbirdə Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhəri üzrə sektor müdiri Sevinc Həsənova, TRHEL-in şagirdi, şəhər üzrə ən yüksək nəticə göstərən məzun Aysel Səlimova, olimpiadalar qalibi, Qarabağ Universitetinin tələbəsi Atilla Muradlı, valideynlərdən Xəyalə Məmmədova, ictimaiyyət nümayəndəsi Rizvan Mikayıllı, təbiət, riyaziyyat və humanitar elmlər təmayüllü liseyin müəllimi Ruhiyyə Abbasova çıxış edərək tələbə adını qazanan məzunları təbrik ediblər. Tədbirin sonunda, yüksək balla tələbə adını qazanan məzunlara Mingəçevir şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olunub. Sonda xatirə şəkilləri çəkdirilib.
Zabit XƏLİLOV,
“Respublika”.