Minifutbol üzrə Çempionlar Liqasının qalibi olan komandamız Vətənə qayıdıb
Polşanın paytaxtı Varşava şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasının qalibi olan "Birbaşa" komandası Vətənə dönüb. Bakı klubunu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Minifutbol Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar. Qeyd edək ki, "Birbaşa" komandası finalda Çexiyanın "Brno" kollektivinə 2:1 hesabı ilə qalib gələrək Çempionlar Liqasının qalibi olub.
İdmançılarımız Gürcüstanda keçirilən turnirdə gümüş medal qazanıblar
Azərbaycanın kamandan oxatanları Gürcüstanda keçirilən beynəlxalq turnirdə uğurla iştirak ediblər. Qadınların fərdi mübarizəsində çıxış edən Fatimə Hüseynli ikinci olub. Məhəmmədəli Əliyev ilə Fatimə Hüseynlidən ibarət qarışıq komanda isə gümüş medala layiq görülüb.
V Dünya Köçəri Oyunları davam edir
Qazaxıstanın Astana şəhərində keçirilən V Dünya Köçəri Oyunlarında təmsilçilərimizin uğurlu çıxışları davam edir. Sentyabrın 13-dək keçiriləcək yarışlarda Azərbaycan 8 növdə 54 idmançı ilə təmsil olunur. Qazaq güləşi yarışında Eyvaz Baxşıyev (60 kiloqram) həlledici qarşılaşmada qazaxıstanlı rəqibinə uduzaraq gümüş medal qazanıb. Qeyd edək ki, daha əvvəl Emil Həsənov (74 kq) gümüş, Elşən Dünyamalıyev (55 kiloqram) və Ülviyyə Bayramova isə (52 kiloqram) bürünc mükafata sahib çıxıblar.
Nərgiz İSMAYILOVA,
"Respublika".