"Telegram"ın təsisçisi Pavel Durov messencerdə
"Yaxınlıqdakı insanlar" funksiyasının silinməsi və "Telegraph" bloq platformasına media fayllarının yüklənməsinin deaktiv edilməsi barədə məlumat verib.
"Biz "Telegram" istifadəçilərinin 0,1 faizdən azının istifadə etdiyi, lakin botlar və fırıldaqçılarla bağlı problemlərə səbəb olan "yaxınlıqdakı insanlar" funksiyasını sildik. Həmçinin anonim şəxslər tərəfindən sui-istifadə edilən oflayn bloqumuz olan "Telegraph"da yeni media fayllarının yüklənməsini deaktiv etdik", - deyə Durov bildirib.
O söyləyib ki, messencer istifadəçiləri arasında qeyri-qanuni fəaliyyətlə məşğul olanların 0,001 faizi "Telegram" üçün pis imic yaradır və bu, bir milyard messencer istifadəçisinin maraqlarını risk altına atır. "Buna görə də, biz moderasiya ilə bağlı tənqiddən uzaqlaşmağa çalışırıq", - deyə əlavə edib.
Durovun sözlərinə görə, messencerdə "yaxınlıqdakı insanlar" funksiyası "yaxınlıqdakı biznes" funksiyası ilə əvəz ediləcək, burada qanuni və təsdiqlənmiş bizneslər təqdim olunacaq, onlar məhsul kataloqlarını nümayiş etdirə, maneəsiz ödənişləri qəbul edə biləcəklər.
Starlink peyk interneti təyyarədə test edilib
"The Wall Street Journal"ın jurnalisti Coan Stern təyyarədə peyk internetinin hansı səviyyədə çalışdığını yoxlayıb və nəticələr onu sözün yaxşı mənasında təəccübləndirib.
Adətən təyyarədə adi "Wi-Fi" şəbəkəsinin sürəti zəif olur və çox zaman qoşulmada qırılmalar yaşanır. "SpaceX"in Starlink adlı peyk interneti ilə bağlı vəziyyət isə tamamilə fərqlidir. Coan Stern Starlink peyk internetini təyyarədə test edib. Test zamanı jurnalist təyyarənin havada olduğu halda Starlink vasitəsilə saniyədə 100 Mbit download və saniyədə 12.5 Mbit upload sürətini müşahidə edib. Bununla belə siqnal gecikməsi cəmi 29 millisaniyə təşkil edib. Həmçinin test çərçivəsində sözügedən peykə smartfon, noutbuk və planşet də daxil olmaqla 10 ədəd cihaz qoşulub. Nəticədə onlar problemsiz olaraq online şəkildə videonu işə sala biliblər. Bundan əlavə, jurnalist təyyarədə olan zaman, hətta Starlink vasitəsilə videokonfrans da keçirib.
Qida böhranı problemi gözlənilir
İqlim böhranının planetimizə vurduğu zərərlər azmış kimi bu dəfə də qida böhranı problemi ortaya çıxıb. Belə ki, aparılmış yeni tədqiqata əsasən planetimizdə olan qida bitkilərinin 60 faizi yetəri qədər tozlandırılmır. Çünki bitkilər üçün vacib təbii proses olan tozlanmanı təmin edən həşəratların sayı kütləvi şəkildə azalır. Bunun nəticəsində həmin bitkilər inkişafdan geri qalır. Mütəxəssislər belə qənaətə gəliblər ki, bu hal planetdəki qida bitkiləri üçün ciddi nəticələrə səbəb olacaq. Qeyd edək ki, bu bitkilərin 75 faizi tam və ya qismən tozlanma prosesindən asılıdır.
Ekoloqlar bildiriblər ki, bu problem düyü və buğda kimi bitkiləri əhatə etmir. Məlumatda qeyd edilib ki, alma, yabanı giləmeyvələr, balqabaq və s. kimi meyvə və tərəvəzlər mütləq şəkildə tozlanmaya ehtiyac duyurlar.
Aparılmış tədqiqat çərçivəsində mütəxəssislər tozlandırıcıların zəif fəaliyyətinin qida məhsullarının məhsuldarlığına nə dərəcədə təsir etdiyini öyrənməyə çalışıblar. Bunun üçün onlar bitkilərin tozlanması üzrə ən geniş qlobal məlumatlardan birini analiz ediblər. Məlum olub ki, qlobal əkinçilik məhsullarının 60 faizi yetəri səviyyədə tozlanmaya məruz qalmır. Bu problem 49 növ kənd təsərrüfatı bitkisindən cəmi 25-ni əhatə edir. Bununla belə ən çox qaragilə, qəhvə və alma bitkiləri sözügedən problemin təsiri altına düşürlər.
Bluetooth 6.0 texnologiyası anons olunub
"Bluetooth Special Interest Group" (SIG) təşkilatı Bluetooth 6.0 texnologiyasının əsas fərqləndirici cəhətlərini açıqlayıb. Burada əsas dəyişikliklər yerin daha dəqiq təyini, məlumatların təhlükəsizlik texnologiyasını və audiosiqnalın ötürülmə sürətini əhatə edəcək.
Məlumata görə, əsas yeniliklərdən biri "Bluetooth Channel Sounding" adlı funksiya olacaq. Axtarış treker və mobil ekosistem sahələrində geniş istifadə imkanlarına sahib olacaq bu funksiya cihazların yerlərini santimetr dəqiqliyinə kimi təyin etməyə imkan verəcək. Bundan əlavə, Bluetooth 6.0 texnologiyası istifadəçilərə "Decision-Based Advertising Filtering və Monitoring Advertisers" adlı funksiyaları təklif edəcək. Birinci funksiya ikincidərəcəli əlaqə kanallarının skan sürətinin artırılması, ikinci funksiya isə enerji effektivliyinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Üstəlik, naqilsiz qulaqlıqlar və ya səsgücləndiricilər kimi müxtəlif audiocihazlarında Bluetooth 6.0 vasitəsilə digər aparatlara qoşulma sürətinin yüksəlməsi gözlənilir. Qeyd edək ki, onun nə zaman təqdim olunacağı barədə hələ ki, heç bir məlumat verilməyib.
Hazırladı:
Elenora HƏSƏNOVA,
"Respublika".