Vətən müharibəsi şəhidi Mirzəyev Elyar Cəlal oğlunun doğum günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayon Məhkəməsinin sədri Ramiz Nurullayev, Dövlət Təhlükəsizlik Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Vidadi Qurbanov, RİH başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Heydər Əliyev, Qarabağ müharibəsi Əlilləri, Veterenları və Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri Rövşən Naməzəliyev, şəhid ailə üzvlərinin iştirakı ilə birlikdə Bahar qəsəbəsində məzarı başında anım mərasimi keçirilib. Şəhidin məzarına tər gül dəstələri düzülüb, ruhuna dualar oxunub.
Rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov RİH-in əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhid Elyar Cəlal oğlunun ailə üzvüləri yaşadığı evi ziyarət ediblər. Rayon rəhbəri ziyarət zamanı ailənin qayğılarına diqqət yetirib, qeyd edib ki, Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq respublikamızın bütün bölgələrində olduğu kimi, Beyləqan rayonunda da hər bir şəhid ailəsinə və qazilərimizə yüksək həssaslıqla qayğı göstərilir. Rayon rəhbəri Elyarı boya-başa çatdıran anasına təsəlli vermiş, Vətənimizə belə gərəkli övlad yetişdirdiyi üçün bir daha təşəkkür etmişdir. Elyar kimi igid oğullarımızın sayəsində Azərbaycan Ordusunun şanlı Qələbələrə imza atdığını qeyd edən Əziz Əzizov, şəhidlərimizin xalqımızın qəlbində əbədi yaşayacaqlarını, onların xatirəsinin daim əziz tutulacağını bildirmişdir.
Elyar Cəlal oğlu Mirzəyev 1984-cü il sentyabrın 6-da Beyləqan rayonunun Bahar qəsəbəsində dünyaya gəlib. Uşaqlıqdan futbola xüsusi marağı və həvəsi olan Elyar oxuduğu illər ərzində "Bahar" futbol komandasında çıxış edib. Elyarın kapitanı olduğu komanda məktəblilər arasında keçirilən çempionatlarda birincilik qazanıb. 2001-ci ildə məktəbi bitirən Elyar artıq professional futbolçu kimi tək Beyləqanda yox, ölkə futbolunda da tanınan sima idi. O, bir neçə futbol klubundan təklif alsa da hərbi xidmətə getməyi seçir. Əsgər Mirzəyev xidməti ərzində də futboldan ayrılmayıb, o, Ədliyyə nazirliyinin "Ədliyyə" futbol klubunda futbolu davam etdirib. Hərbi xidməti başa vurduqdan sonra 2004-cü ilin aprelindən Bakının "Bakılı" futbol klubunda çıxış edib. Sonra ailə qurması ilə əlaqədar olaraq rayona qayıdıb xırda bizneslə məşğul olan Elyar həm də Beyləqanın "Mil" komandasında oynayıb. O, 2006-2007-ci illərdə "Mil" futbol klubunun tərkibində Respublika həvəskarlar liqasında Azərbaycan çempionu olub, eyni zamanda ölkə kubokunu qazanıb. Hərbi xidməti dövründə də futbol karyerasını davam etdirən Elyar 2019-cu ildə Gəncədə keçirilən Azərbaycan Silahlı Qüvvələrinin futbol üzrə ordu çempionatında ikinci ordu korpusunun komandası tərkibində ordu çempionu olub. 2020-ci ilin 27 sentyabrından başlayan Vətən müharibəsində Elyarın döyüş yolu cəbhənin Füzuli istiqamətindən başlayır. Təmsil etdiyi "Həmlə" taborunun tərkibində döyüşlərə qatılan Elyar elə ilk günlərdən xüsusi qəhrəmanlıqları ilə fərqlənir. O, müharibənin birinci günündə düşmənin illərlə möhkəmləndiyi "Ohanyan" səddi adlandırılan istehkamı keçib, bir neçə kəndin işğaldan azad edilməsində iştirak edir. Füzuli, Cəbrayıl və Ağoğlan (Hadrut) istiqamətində gedən döyüşlərin fəal iştirakçısı olan Elyar pulemyotçu kimi işinin öhdəsindən peşəkarlıqla gəlir. O, dəfələrlə özünü təhlükəyə ataraq, döyüş anında atəş altında qalan yaralı yoldaşlarını qorxmadan, igidcəsinə xilas edib. Daim düşmənin hədəfində olan qəhrəman pulemyotçumuz oktyabrın 14-də səhər saatlarında Ağoğlan istiqamətində yerləşən Şaban dağının ətəklərində başlayan açıq döyüşdə snayper gülləsi ilə şəhidlik zirvəsinə ucalıb. Mərasimdə şəhid Elyar Mirzəyevin qısa, lakin şərəfli həyatından və şanlı döyüş yolundan əhatəli danışıblar. Bildirilib ki, onun layiq görüldüyü mükafatlar məhz bunun bariz nümunəsidir. Şəhidin qəhrəmanlığına, şücaətinə və vətənpərvərliyinə görə ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elyar Cəlal oğlu Mirzəyev ölmündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub. Elyar oktyabrın 16-da Bahar qəsəbəsində torpağa tapşırıldı. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər. Elyarın 2 övladı Vətənə əmanət qalıb. Oğlu Əşrəf 2005-ci ilin iyulun 21-də, atasının yolunu davam etdirən futbolçu qızı Xanım isə 2006-cı ilin noyabrın 3-də anadan olub.
Ərəstun ABDULOV,
"Respublika".