"Bu gün enerji təchizatı onu aydın şəkildə nümayiş etdirir ki, enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz parçasıdır. Azərbaycandan İtaliyayadək uzanan Cənub Qaz Dəhlizi adlanan 3500 kilometrlik inteqrasiya edilmiş boru kəməri sistemi bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Dünya, Avropa və İtaliya haqqında bilgilər" mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda "Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu" adlı sessiyadakı çıxışında bildirib.
Dövlət başçısı qeyd edib ki, boru kəmərinin başlanğıcı Azərbaycandadır və İtaliyaya qədər uzanır. Ancaq marşrut boyu mövcud olan əlavələr və interkonnektorlar sayəsində bu kəmər Avropa və Avrasiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Bu gün biz ən azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparırıq.
Azərbaycanın xarici siyasətində Avropa İttifaqına üzv dövlətlərlə əlaqələrin inkişafı əsas yer tutur. Bir mühüm məqamı da xüsusi qeyd etmək lazımdır ki, Avropa İttifaqına üzv dövlətlərin bir çoxu Azərbaycanı özünə strateji tərəfdaş hesab edir. Bu dövlətlərdən biri də İtaliyadır. Avropa İttifaqı ilə sıx əməkdaşlıq Cənub Qaz Dəhlizi layihəsinin icrasında mühüm əhəmiyyət daşıyır. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadə, iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu daha da artırır. Avropada cərəyan edən hadisələr səbəbindən enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın "qoca qitə" üçün əhəmiyyəti getdikcə çoxalır. Bir neçə il bundan əvvəl Cənub Qaz Dəhlizinin istismara verilməsi ölkəmizi Avropanın enerji təminatında mühüm aktora çevirib. Hazırda Avropa Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir. Azərbaycan ilə Avropa İttifaqı arasında "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması bunun əyani təzahürüdür.
Ölkəmiz təbii qazdan və digər faydalı qazıntılardan səmərəli istifadə etməklə həm də enerji təchizatçı kimi Avrasiyada etibarlı tərəfdaş olaraq qəbul edilir. Azərbaycan qazının Avropa bazarına çatdırılması ilə əlaqədar reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsinin icra edilməsi nəticəsində ölkəmiz enerji təhlükəsizliyinin qarantına çevrilməklə Avropa bazarında söz sahibidir. Hazırda bir sıra Avropa ölkələri interkonnektorlar vasitəsilə Dəhlizə daxil olur, beləliklə, təbii qaz bazarı daha da genişlənir. Azərbaycan Prezidenti İlham Əliyev ötən il martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib: "Avropada yaranmaqda olan interkonnektorlar çox mühüm rol oynayır. Nə qədər çox interkonnektor olarsa, bizim Avropa məkanına qaz ixracatımız bir o qədər də genişləndirilə bilər. Təbii ki, uzunmüddətli kontraktlar imzalanmalıdır". İnterkonnektor Azərbaycan qazının daha çox ölkəyə ixrac olunması üçün infrastrukturun yaranması deməkdir. Bu boru kəməri digər ölkələrə də Azərbaycan qazını mövcud infrastrukturdan istifadə etməklə əlavə investisiya qoymadan əldə etmək imkanı yaradır.
Avropanın Azərbaycan qazına çıxış əldə etməsi mühüm əhəmiyyət daşıyır və bu gün "Şahdəniz" həmin təchizat həcmlərinin əsas mənbələrindən biridir. "Şahdəniz" Avropa İttifaqının bəzi ölkələrinin enerji qovşağına çevrilməsində mühüm rol oynayır. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng "Şahdəniz" yatağından təbii qazı Avropaya daşıyır. 878 kilometrlik boru kəməri Türkiyə-Yunanıstan sərhədində Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır. Bu da Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən etibarlı enerji tərəfdaşına çevirir. TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıracaq.
2022-ci ildə açılışı olan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) Bolqarıstan, Macarıstan, Slovakiya, Serbiya, Avstriya kimi ölkələrin də Azərbaycan qazını almaq imkanını artıracaq. Qeyd edək ki, ümumi dəyəri 240 milyon avrodan çox, ümumi uzunluğu 182 kilometr olan IGB Bolqarıstanın və Yunanıstanın qaz nəqli şəbəkələrini birləşdirir. Bu, təbii ki, Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində yaradılıb və onun genişləndirilməsindən xəbər verir. Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan-Yunanıstan "ICGB AD" investisiya şirkəti tərəfindən Bolqarıstanın Enerji Holdinqi və Yunanıstanın "IGI Poseidon" şirkətinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir. IGB Azərbaycanın "Şahdəniz-2" yatağından hasil edilən təbii qazı Bolqarıstana çatdıracaq. Bu məqsədlə Bolqarıstanın "Bulgargaz EAD" dövlət şirkəti "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb.
Ötən il aprelin 25-də Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev imzalanma mərasimində iştirak ediblər. Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya ötürücü sistem operatorları ilə SOCAR arasında Memorandumun imzalanması "Həmrəylik Halqası" təşəbbüsünün reallaşması üçün böyük bir addımdır. Bu yeni layihə Azərbaycandan təbii qazın alternativ marşrut vasitəsilə əlavə bazarlara çıxışını təmin edəcək.
Azərbaycanın Bolqarıstanla Serbiya arasındakı uğurlu və faydalı əməkdaşlığının rəmzinə çevirilən Serbiya-Bolqarıstan qaz interkonnektoru layihəsi (Niş-Dimitrovqrad-Bolqarıstan) qismən Avropa İttifaqının 49,6 milyon avro məbləğində qrantları, həmçinin Serbiyanın Avropa İnvestisiya Bankının 25 milyon avro güzəştli krediti hesabına maliyyələşdirilib. Bu vəsaitləri Serbiya öz ərazisində qaz kəmərinin tikintisi üçün ödəyəcək. Yeni qaz kəməri Nişdəki mövcud Serb şəbəkəsini paytaxt Sofiyadakı Bolqarıstan şəbəkəsi ilə birləşdirəcək. Qaz kəmərinin Serbiya hissəsinin uzunluğu 109 kilometrdir. Borunun diametri 700 mm və maksimum təzyiqi 55 bar olan Serbiyanın ümumi illik istehlakının 60 faizinə bərabər 1,8 milyard kubmetr təbii qaz vurmağa imkan verəcək. Ötən il dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev, Serbiya Prezidenti Aleksandar Vuçiç və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər.
Neft və qaz təchizatçısı kimi etibarlılığını sübut etdiyindən Avropa dövlətləri elektrik enerjisinin idxalında da Azərbaycana üz tuturlar. Bunun üçün Azərbaycanın güclü potensialı var. Ölkə təkcə Xəzər dənizinin zəngin külək enerjisi potensialının 7,2 GVt-nı 2036-cı ilədək reallaşdırmaq niyyətindədir. Eyni zamanda hidrogen qarışığının ixracı da nəzərdən keçirilir ki, bunların hər ikisi real imkanlardır. Ölkəmizdə əldə olunan uğur və nailiyyətlərdə Prezident İlham Əliyevin illər öncə bu və ya digər istiqamətdə atdığı məqsədyönlü addımların, qəbul etdiyi mühüm qərarların müsbət nəticələri öz təzahürlərini tapır. Bu gün Azərbaycanda gələcəyə hesablanmış möhtəşəm layihələrin əsası qoyulur. Dövlətimizin başçısı konkret olaraq bildirib ki, Azərbaycanın əsas hədəfi bərpaolunan enerji növləri ilə bağlıdır və 10 qiqavat bərpaolunan enerji növlərinin yaradılması üzrə Azərbaycan tərəfindən investorlarla sazişlər və anlaşma memorandumları imzalanmışdır.
Azərbaycanın zəngin neft və qaz resursları olmasına baxmayaraq, dövlətimiz ölkənin gələcəyini "yaşıl enerji"nin istehsalı və ixracı ilə bağlayır. Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və çatdırılması sahəsində strateji tərəfdaşlıq haqqında saziş 2022-ci il dekabrın 17-də Buxarestdə imzalanıb. Bu, 1 QVt gücündə elektrik enerjisinin ötürülməsi üçün Qara dənizin dibi boyunca kabel çəkilməsini nəzərdə tutur. Xətt 1195 km uzunluğunda olacaq və Azərbaycanda hasil edilən elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya, sonradan Macarıstana və Avropanın qalan hissəsinə nəql edəcək. Bu il iyun ayında Bolqarıstan layihəyə qoşulmaq niyyətində olduğunu bəyan edib. Gələcəkdə enerji istehsalı artıqca Rumıniya və Macarıstanla yanaşı, Xorvatiya, Serbiya kimi digər Avropa ölkələri də bu potensialdan yararlana biləcəklər. Layihə Xəzər dənizi-Avropa İttifaqı Yaşıl Enerji Dəhlizi adlanır.
Mustafa KAMAL,
"Respublika".