"Mən belə dünyada göz açmışdım - təbiətə, insana, kitablara vurula-vurula, hərdənbir nəzmlər qoşa-qoşa təsəvvür etdiyim, anladığım və anlamadığım dünyada öz yerimi axtarırdım, daha doğrusu, öz yerimi tutmaq üçün çırpınırdım, bilirdim ki, o yer mənə bronlaşdırılmayıb, amma o yer mövcuddur, iddialar saysız-hesabsızdır, sadəcə vaxtında gedib ora çatmağa can atırdım...". O, böyük çətinliklərlə, yolları yora-yora axtardığı yeri tapdı. Meğri stansiyasından qatara minib İrəvana gedəndə isə yolu daha da aydınlandı, qarşısında Azərbaycan mədəniyyətinin, ədəbi mühitinin, teatrının intibahına xidmət etmək üçün meydan açıldı. Bu meydana atılmaq, ayağına dəyən daşların ağrısına dözmək, maneələrə sinə gərmək lazım idi. Və o, bunu bacardı. "Sovet Ermənistanı" qəzetinin redaktoru Həbib Həsənovun "Bizdə işləmək istərdiniz?" sualına "Əlbəttə!", - deməklə çoxdankı arzusunu gerçəkləşdirdi və üzü aydınlığa doğru uzun bir yola çıxdı. Bu çətin, mürəkkəb, bəzən sevincli, bəzən iztirablı yollarla irəliləmək isə o qədər də asan başa gəlmədi...
Arzuların qatarında…
Görkəmli şair, dramaturq, nasir, publisist, ictimai xadim Hidayət Orucov... O, 1944-cü ildə qədim Oğuz yurdu Zəngəzur mahalının Meğri rayonunun ən böyük kəndlərindən olan Maralzəmidə dünyaya gəlmişdir. Atası Xudaverdi kişi çox zəhmətkeş, ailəcanlı insan idi. Sadə bağban olsa da, övladlarının təhsil almaları üçün əlindən gələni əsirgəməmişdi. Lakin ailənin sonbeşiyi Hidayət hələ kiçik yaşlarında ikən atasını itirmiş, dörd oğlan, üç qız övladı olan çoxuşaqlı ailədə anasının himayəsində böyümüşdür. İkinci Dünya müharibəsinin faciələrindən tutmuş, erməni cinayətlərinin, deportasiyaların, soyqırımların şahidi olmuş bu mərd Azərbaycan qadını övladlarını qeyrətlə boya-başa çatdırmış, oxutmuş, həyat yoldaşının vəfatından sonra bu böyük ailəni idarə etmişdi. Özü yazı-pozu bilməsə də, övladlarının təhsil almaları üçün hər çətinliyə qatlaşmışdı. Həyatının keşməkeşlərini, iç dünyasında yaşatdığı xatirələri, ağrı-acıları, təəssüfləri, eyni zamanda qətiyyətini nəzmə çəkən şair yazır:
Mən ata görmədim uşaqlığımdan,
Anam atam oldu, həm anam oldu.
Yaş da süzülmədi yanaqlarımdan,
Ümidlər, arzular ilhamım oldu.
Bu, mübarizliyin, dəyanətin göstəricisi idi ki, Səməd Vurğun adına Aldərə kənd orta məktəbini qızıl medalla bitirdikdən sonra Hidayət Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuş, ali təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra isə doğma kəndində ilk təhsil aldığı məktəbdə müəllimliyə başlamış, eyni zamanda məktəbin müdiri vəzifəsində işləmişdir. Yüksək yaradıcılıq qabiliyyətinə, ensiklopedik biliyə malik olan Hidayət gənc yaşlarından bədii yaradıcılıqla məşğul olur, şeir, oçerk və ədəbi portretlər yazır, yazılarını çap olunmaq üçün "Sovet Ermənistanı" qəzetinə göndərirdi. 1966-cı ildə redaksiyadan aldığı iki-üç cümlədən ibarət kiçik bir məktub isə həyatında böyük dönüş yaratdı. 21 yaşlı Hidayəti İrəvana, "Sovet Ermənistanı" qəzetinin redaksiyasına işə dəvət edirdilər...
Hidayətin dram əsərləri Milli Akademik Dram Teatrında, S.Vurğun adına Akademik Rus Dram Teatrında, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, ölkəmizin digər dövlət teatrlarında, Ankara Bələdiyyə Teatrında, Ç.Aytmatov adına Qırğızıstan Rus Akademik Dram Teatrında və bir çox başqa peşəkar səhnələrdə uğurla tamaşaya qoyulmuşdur.
Meğri stansiyasından yola düşən qatarda səhəri çimir etmədən açdı, doqquz saatlıq yol ona sanki heç bitməyəcək kimi gəlirdi. Haradan biləydi ki, sözlə ifadə olunmayan, böyük həyəcan, nigarançılıqla mindiyi qatar elə arzularının qatarıdır, onu qəlbinin dərinliklərində saxladığı xəyallarına qovuşduracaq. Daha şeirlərini, oçerklərini poçtla göndərib intizarla çap olunmasını gözləməyəcək. Qəzetin redaktoru onu ədəbi işçi vəzifəsinə təyin etdi: "Redaksiyamıza göndərdiyiniz yazıları oxuyuruq. Əlbəttə, hamısını çap etməyə imkanımız olmur. Səndən jurnalist çıxar - öz üzərində ciddi işləsən… Hələlik ədəbi işçi vəzifəsində işləyəcəksən. Qəzetdə yaradıcılıq işinə keçmək üçün adətən korrektorluqdan başlayırlar. Məncə, ədəbi işçi işləyə-işləyə də korrektorluğu öyrənə bilərsən".
Təxminən iki ay yarım sonra Hidayət hər cığırı yola döndərəcək, yüksək zirvələrə çatacaq enerji ilə arzularının qanadında İrəvana yola düşdü. Yazıb-yaratmaq həvəsi hər şeyi üstələmişdi, onu İrəvanda yaşamaq üçün nə ev, nə də pasport qeydiyyatı maraqlandırırdı. Yalnız qısa müddətdə həyatında baş verən bu dəyişikliyin yuxu olmadığına, çoxdankı arzusunun gerçəkləşdiyinə inanmaq istəyirdi. Bir tərəfdən isə "Zəngəzur" qatarı Meğridən uzaqlaşdıqca, sevinclə, böyük ümidlərini həqiqətə çevirmək məqsədilə tərk etdiyi doğma el-obasının hər qarışı, dağı-daşı üçün elə indidən darıxırdı. Sonralar şeirlərində qoynunda böyüdüyü, buradan həyata atıldığı, uşaqlıq illərinin xatirəsini özündə yaşadan, yağışında islanıb, günəşində qaraldığı Maralzəmini, Meğrini böyük məhəbbət, sevgi ilə, həm də həsrətlə vəsf edirdi:
Şiş buynuzlu dağlarında izlərim qaldı -
Yellər, sellər çox çarpışdı, poza bilmədi.
Min bir rəngli yuxu gördüm, yollar saraldı,
El yığışdı, bu yuxumu yoza bilmədi.
Gənc şair ata-baba yurdu olan Zəngəzurun qarlı zirvələrinin, ayna sularının, sal qayalarının, güllərin-çiçəklərin ətri hopmuş saf, təmiz havasının həsrətini çəkirdi:
...Gərək kəndimizdən çıxmayaydım heç,
Çapa verməyəydim beş-on şeirimi,
Özüm isidəydim öz nəfəsimlə
Öz doğma yurdumu, doğma yerimi
Gərək öz dağımın yelli sazında,
Gərək öz bağçamın ilkin yazında,
Axaydı üzümə alnımın təri,
Onda itərdimi babamın qəbri,
Onda çatlardımı atamın qəbri...
Gərək kəndimizdən çıxmayaydım heç!
"Sovet Ermənistanı" qəzetindən İrəvan Teatrına
1921-ci ildən nəşr olunan "Sovet Ermənistanı" qəzeti həftədə üç dəfə çıxırdı. "Rəncbər" (1921-1922), "Qızıl Şəfəq" (1929-1937), "Kommunist" (1937-1939) adları altında nəşr olunan qəzet Ermənistan KP MK-nın, respublika Ali Soveti Rəyasət Heyətinin və Nazirlər Sovetinin orqanı idi. Redaksiyada Həbib Həsənov, Məhərrəm Bayramov, Suren Şərifov, Sabir Əsədov, İsrafil Məmmədov, Hüseyn Nəcəfov, Tofiq Məmmədov, Rza Əsgərov kimi təcrübəli jurnalistlər çalışırdılar. Kənd təsərrüfatı şöbəsinin müdiri də peşəkar jurnalist idi, respublikanın relyefini, iqtisadiyyatını çox yaxşı bilirdi. Amma şöbədə hazırlanan materiallar mövzu, dil baxımından steorotiplərdən kənara çıxmır, oxucunu maraqlandıran, onu məlumatlandıran məqalələr dərc olunmurdu. Bu baxımdan, gənc, yeni fikirli, yaradıcı kadra ehtiyac duyulurdu. Rəhbərlik yazılarında dövri mətbuatda işlənməyən, yeni ifadə və sözlərdən istifadə edən, fərqli janrlarda, müxtəlif mövzularda məqalələr yazan məhz Hidayəti bu vəzifəyə uyğun bildi. Bu təyinatdan sonra qəzet inkişaf etməyə başladı, dərc olunan yazılarda mövzu müxtəlifliliyi, janr fərqliliyi açıq-aydın nəzərə çarpırdı. Hətta qəzetin 1965-ci ildə olduğu kimi, həftədə 5 dəfə çıxması da təklif olundu və redaktor tərəfindən müsbət qarşılandı. Lakin erməni şovinizmi buna imkan vermədi. Çünki qəzet həmin dövrdə İrəvanda yaşayan azərbaycanlıların mədəni həyatında baş verən hadisələri işıqlandırırdı. Qəzetə məsul katib təyin olunan Hidayət az müddət sonra redaksiyadan ayrıldı, buna səbəb isə onun C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrına işə dəvət edilməsi oldu.
1967-ci il aprelin 28-də İrəvan Teatrı ikinci həyatına başladı. Teatrın açılış mərasimində Ermənistan KP MK-nın büro üzvləri ilə yanaşı, Azərbaycanın incəsənət xadimləri də iştirak edirdilər. Teatrın səhnəsində ilk olaraq "Sevil" əsəri tamaşaya qoyulur. Tamaşanın quruluşçu rejissoru Nəsir Sadıqzadə Hidayəti nümayəndə heyətinin tərkibində İrəvana gələn Hökumə Qurbanovaya "istedadlı gənc şair, jurnalist, teatrşünas" kimi təqdim etdikdə Hökumə xanım demək, "gələcək direktorumuzdur" söyləyir. Bir müddət sonra Hidayət Orucov Mərkəzi Komitəyə çağırılır, onu qəbul edən MK-nın katibi Robert Xaçaturyan deyir: "Partiya səni iki illiyə İrəvan Dövlət Azərbaycan Dram Teatrına göndərir. Oradakı işləri uzaqbaşı iki ilə qaydasına qoymalısan... Həbib Rəhimoğluyla məsləhətləşdik. O, yalnız səni məsləhət gördü, həm də... Səni buraxmaq istəmir". Beləliklə, 1968-ci il iyunun 25-də hələ 24 yaşı tamam olmamış gənc Hidayət İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin olundu və 16 il bu sənət məbədinə rəhbərlik etdi. Bu sahədə təcrübəsi olmayan Hidayətin namizədliyini dəstəkləməyən, "gəncdir, bu cür mürəkkəb kollektivdə nə edə biləcək?" deyənlər də az deyildi. Hidayət Orucov bu barədə yazır: "Mən teatra rəhbər təyin olunanda teatr həqiqətən də acınacaqlı vəziyyətdə idi. Hətta teatrın bir çox aktyorları - Zenfira Əliyeva, Aydın Şahsuvarov, Hacı İsmayılov, Ramiz Məlikov, Hacı Xəlilov, Qurban Ələkbərov və başqaları artıq teatrdan getmişdilər. Dörd - beş aparıcı aktyorun isə, necə deyərlər, artıq çemodanı əllərində hazır idi. Hətta Tariyel Qasımov evini Bakıya dəyişmişdi. Təyin olunduğum ilk günlərdə rejissor, aktyor, texniki heyətin əsas üzvləri ilə təklikdə ətraflı söhbət etdim, problemin haradan, nədən qaynaqlandığını öyrənməyə çalışdım. İşçilərin xasiyyətini, kollektivin yaradıcılıq imkanlarını, teatrın təsərrüfatını diqqətlə öyrəndim və işə başladım".
Qısa müddət ərzində teatrın qastrol xəritəsi getdikcə genişlənməyə başladı. Tiflis, Gəncə, Naxçıvan, Rustavi, Leninakan (Gümrü), Kirovakan (Qarakilsə) və digər yerlərə ardıcıl səfərlər, paralel qastrollar təşkil olundu. Artıq teatrın nə tamaşaçı, nə də qastrol problemi var idi, istər qastrol səfərlərində, istərsə də yerli tamaşalarda aktyorlar böyük hörmət-izzətlə, səmimiyyətlə qarşılanırdılar. İkinci həyatına başlayan İrəvan Dövlət Azərbaycan Dram Teatrı repertuar baxımından zənginləşmiş, müxtəliflik yaranmışdı. "Sevil"dən sonra "Sənsiz", "Aydın", "Yaşar", "Məşədi İbad", "Arşın mal alan" kimi böyük əsərlər teatrın repertuarında yer almışdı. Osetin dramaturqu Georgi Xuqayevin "Mənim səadətim, hardasan?" əsəri, Hidayətin "Məhəbbət yaşayır hələ", "Sən nə üçün yaşayırsan?", "Məni qınamayın" poetik dramları uzun illər teatrın səhnəsində uğurla nümayiş olundu. S.Qurbanovun "Sənsiz" dramı, C.Cabbarlının "Aydın" faciəsi, Aleksandr Ostrovskinin "Cehizsiz qız", V.Şekspirin "Sonu yaxşı olan iş yaxşıdır" kimi sənət inciləri tamaşaçıları, sözün əsl mənasında, heyrətləndirirdi. M.F.Axundovun "Molla İbrahim Xəlil kimyagər", İmran Qasımovla Həsən Seyidbəylinin "Sən nə üçün yaşayırsan?", Anarın "Şəhərin yay günləri", Mar Baycıyevin "Hər evdə bayram olsun", Nahid Hacıyevin "Ömür gözləyir bizi", Mustafa İsgəndərzadənin "Səni kim unudar" dramları, Aleksandr Makeyenovun "Tribunal", həmçinin klassik və çağdaş dramaturgiyanın digər nümunələri teatrın səhnəsində hərarətlə alqışlanırdı. Bütün bunlar İrəvan ədəbi mühitinin formalaşmasına, intibahına vəsilə olurdu.
Xalq yazıçısı Anar yazır: "...Həmin dövrdə Ermənistanda və ermənilər arasında yaşamaq bir fədakarlıq idisə, Hidayətin (təbii ki, adlarını sadalamadığım ziyalılarla birlikdə) gördüyü işləri (hətta icazə verilmiş olsa belə) görmək ikiqat fədakarlıq idi... Millətçi ermənilər hər vəchlə çalışırdılar ki, İrəvan ədəbi-elmi mühiti istənilən vaxt səviyyəsiz olsun. Bütün təzyiqlərə baxmayaraq, gizli mübarizədə dözüm, iradə, məqsədyönlülük göstərən ziyalıların sayəsində İrəvan ədəbi-elmi mühiti var olaraq qaldı. Heç şübhəsiz, bu xeyirxah işdə on altı il İrəvan Dövlət Teatrının direktoru, daha sonra Yazıçılar İttifaqının Azərbaycan bölməsinin rəhbəri vəzifəsində işləmiş Hidayətin xüsusi xidmətləri olmuşdur".
Ədəbiyyatın, incəsənətin, ümumiyyətlə, mədəniyyətin müxtəlif sahələrindən, milli siyasət, milli-mədəni dəyərlərimizdən bəhs edən 150-dən çox publisist araşdırmaların, esselərin müəllifi olan Hidayətin bədii tərcümə sahəsində fəaliyyəti də diqqətəlayiqdir.
Azərbaycan yazıçılarının əsərləri İrəvanda Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü, Azərbaycan ədəbiyyatı Şurasının sədri Hidayət Orucovun redaktəsi ilə nəşr olunurdu. Şura Ermənistanda yaşayıb-yaradan azərbaycanlı müəlliflərin əlyazmalarını mətbuat səhifələrinə çıxarmaq və kitablarını nəşr etdirməklə yanaşı, Azərbaycan dilini erməni auditoriyalarında, məclislərdə, televiziya və radioda səsləndirirdi. İttifaqın sədri və katiblərinin iştirakı ilə Qərbi Azərbaycanda yaşayıb-yaradan yazıçılarımızın ümumrespublika toplantısı da ana dilimizdə keçirilirdi. Ermənistanda yaranan Azərbaycan ədəbiyyatı ildən-ilə daha geniş təbliğ olunur, təzə adlar, təzə istedadlar üzə çıxırdı. "Sovet Ermənistanı" qəzeti, İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcı kollektivi, İrəvan Pedaqoji İnstitutu Azərbaycan bölməsinin müəllim heyəti, respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan qələm sahibləri, ümumiyyətlə, bütün Azərbaycan ziyalıları getdikcə Şuranın ətrafında sıx birləşdilər.
İrəvanda milli mətbuatın, Azərbaycan ədəbiyyatının, incəsənətinin inkişafına xidmət edən Hidayət Orucov on səkkiz il sonra Bakıya köçür və uzun müddət "Gənclik" nəşriyyatının baş redaktoru işləyir. Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri kimi isə respublikamızda yaşayan milli azlıqların problemləri ilə ciddi məşğul olur. Akademik Kamal Abdulla yazır: "...Bütövlükdə Hidayət müəllimin ziyalı, şair, dövlət xadimi kimi fəaliyyəti vətənə, millətə, dövlətə şərəfli xidmət, şəxsiyyətin bütövlüyü nümunəsidir...".
Məslək sahibi
Akademik Ağamusa Axundov yazırdı ki, xəlqilik və səmimilik Hidayətin şeirlərinin, nəsr və dram əsərlərinin dilinin canında və qanındadır. Bu fikirlər görkəmli dramaturq, nasir, publisist Hidayətin bütün yaradıcılığı boyu öz hakimliyini qoruyub saxlayır. O, "Məni səsləyəndə" (1970), "Məhəbbət qocalmır" (1973), "Bir az gözləyin məni" (1977), "Dənizi harayladım" (1978), "Eviniz analı olsun" (1981), "Zirvə cığırı" (1982), "İrəvanda xal qalmadı" - dramaturgiya, nəsr, publisistika (1984), "Qatardan məktub" (1986), "Hərdən xatırla məni" (1988), "Sabaha çox var" (1990), "Mən belə yaşayıram" (1991), "Doxsanıncı il" (1992), "Həsrət" (1995), "Hərdən xatırla məni" - seçilmiş şeirlər (1998), "Sözün vaxtı" - publisistika (1999), "Ömrümün çəhlimləri" - şeirlər və poemalar (2002), "Burdan min atlı keçdi" (2004), "Seçilmiş əsərləri" (2007), "Özüm yazmaq istərdim" - tərcümələr (2011), "Azərbaycanda din: ən qədim dövrdən bu günədək" - monoqrafiya (2012), "Seçilmiş əsərlər", 7 cilddə (2012), bu cildlərə əlavə tərcümələrdən ibarət 2 cilddə - "Özüm yazmaq istərdim" (2012) və "Tom dayının daxması" (2012) kitablarının müəllifidir.
Ədəbiyyatın, incəsənətin, ümumiyyətlə, mədəniyyətin müxtəlif sahələrindən, milli siyasət, milli-mədəni dəyərlərimizdən bəhs edən 150-dən çox publisist araşdırmaların, esselərin müəllifi olan Hidayətin bədii tərcümə sahəsində fəaliyyəti də diqqətəlayiqdir. O, V.Şekspirin "Sonu yaxşı olan hər iş yaxşıdır" dramını, böyük Amerika nasiri Harriet Biçer-Stounun "Tom dayının daxması" romanını, XIX əsr ingilis və island poeziyasından seçmələri, "Gözəllik suyu" adıyla nəşr etdirdiyi türk ədəbiyyatı antologiyasını, "Sovet xalqları ədəbiyyatı"ndan nümunələri Azərbaycan dilinə çevirmişdir. Hidayətin xarici dillərdə nəşr olunmuş "Mən belə yaşayıram" (rus dilində), "Axtarış", "Sənsiz" (gürcü dilində), "Sabaha çox var" (Dağıstan dillərində) kitabları oxucular tərəfindən maraqla qarşılanmış, əsərləri iyirmidən çox dilə tərcümə olunmuşdur. Dram əsərləri Milli Akademik Dram Teatrında, S.Vurğun adına Akademik Rus Dram Teatrında, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında, ölkəmizin digər dövlət teatrlarında, Ankara Bələdiyyə Teatrında, Ç.Aytmatov adına Qırğızıstan Rus Akademik Dram Teatrında və bir çox başqa peşəkar səhnələrdə uğurla tamaşaya qoyulmuşdur.
Əməkdar incəsənət xadimi, Azərbaycan mədəniyyətinin, ədəbi mühitinin, teatrının intibahına şərəflə xidmət edən Hidayət Orucovun əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. 1970-ci ildə - 26 yaşında ikən SSRİ-nin "Əmək rəşadətinə görə" medalı, 1978-ci ildə Azərbaycan KP MK Bürosunun qərarı ilə o vaxt respublikamızın ən yüksək mükafatı - Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir. Həmin il ona Ermənistan SSR-in Əməkdar mədəniyyət xadimi fəxri adı verilmişdir. Yazıçı 1988-ci ildə qonşu respublikanın ölkəmizə təcavüzü başlayanda həmin fəxri addan rəsmən imtina etmişdir. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 2004-cü ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni, 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu, 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Azərbaycan Respublikası Milli siyasət məsələləri üzrə Dövlət müşaviri, Azərbaycan Respublikası Prezidentinin millətlərarası münasibətlər üzrə müşaviri, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifələrində işləmiş, Əməkdar incəsənət xadimi, diplomat, şair-dramaturq Hidayət... Bu ad çoxlarına tanışdır. Bu yazını yazmaqda isə məqsəd Azərbaycan ədəbiyyatında öz dəst-xətti ilə tanınan, ölkəmizin ictimai-siyasi həyatında özünəməxsus yeri olan görkəmli şəxsiyyətin 80 illik ömür yoluna nəzər salmaqla mənəvi borcumuzu yerinə yetirməkdir. Bu gün Tanrının ömür payının 80 ilini ləyaqətlə başa vuran, dövlətimizə, dövlətçiliyimizə şərəflə xidmət edən Hidayət müəllimə hər zaman görüşəndə, yaxud telefon danışığında dediyi "sizə xoş arzular" ifadəsini səmimi-qəlbdən söyləyirəm.
Xoş arzularla, Hidayət müəllim…
Mehparə ƏLİYEVA,
"Respublika".