Maraq dünyamız
Maraqlı

Maraq dünyamız

Hansı heyvanlar aynada özlərini tanıyır?

Elm adamları uzun müddətdir ki, araşdırmalar apararaq heyvanlardan hansının aynada özünü tanıdığını müəyyən etməyə çalışıblar.

Tədqiqat zamanı alimlər heyvanların aynada özünü tanıyıb-tanıya bilməməsini öyrənmək üçün onları yatızdırıb, daha sonra isə üzlərinə kağız yapışdırıblar. Heyvan oyandıqdan sonra güzgü qarşısında kağızı çıxarmağa çalışırsa, bu onun özünü tanıdığı anlamına gəlir. İndiyədək bu və ya fərqli üsullarla aparılan sınaqlarda şimpanze, qorilla, oranqutan testi keçib. Bu isə onu göstərir ki, uzun illərin sınağından keçmiş "Meymun baxar güzgüyə, adını qoyar özgəyə" el məsəli elə-belə yaranmayıb. 2001-ci ildə aparılan sınaqlarda 24 aylıq delfin, fil, qarışqa və siçan da özünü tanıya bilib. 2008-ci ildəki təcrübələrdə isə ilk dəfə məməli olmayan heyvan - sağsağan aynada özünü tanıyıb. Lakin yüksək zəkaya sahib boz tutuquşunun testi keçə bilməməsi bu metodun sorğulanmasına yol açıb.

Sən demə, bu qan qrupundan olan qadınlar...

Pakistanın Sind Dövlət Tibb Universitetinin mütəxəssisləri müəyyən ediblər ki, ən ağıllı və ən gözəl uşaqlar birinci qan qrupundan olan qadınlar tərəfindən doğulur.

Uşağın qabiliyyətlərinin təxminən 70 faizi anadan ötürülür və onlar əsasən qadının qan qrupu ilə müəyyən edilir. "National Journal of Health Sciences" jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, birinci qan qrupunu daşıyan qadınların övladları intellekt baxımından yüksək səviyyəyə və yaraşıqlı görünüşə sahib olurlar. IV qan qrupundan olan anaların övladları idmanda uğur qazanmağa və sağlamlığa meyillidirlər. Üçüncü qan qrupuna sahib qadınların uşaqları başqalarına nisbətən daha çox yaradıcılığa can atırlar. İkinci qan qrupunu daşıyan anaların uşaqları isə tənqidi düşüncəyə sahibdirlər.

"Birinci qan qrupu olan qadınların hamilə qalması fizioloji cəhətdən daha çətindir. Çünki digər qrupların sahibləri ilə müqayisədə onların yumurta sayı daha azdır. Bu isə onu göstərir ki, daha keyfiyyətli embrionların təbii seçimi var", - deyə elm adamları izah ediblər.

İnsanlar bu yaş dövründə birdən-birə qocalırlar

Səhər yuxudan oyandığınız zaman güzgüyə baxarkən birdən-birə müəyyən qədər qocaldığınızı düşünə bilərsiniz. Stanford Universitetinin alimlərinin yeni araşdırmasına görə, bu ani qocalmalar müəyyən yaş dövrlərində baş verir.

Tədqiqatçılar yaşlanma ilə əlaqəli molekulyar dəyişiklikləri araşdırıblar. Nəticədə Alzheimer və ürək-damar xəstəliklərində bu riskin tədricən deyil, müəyyən yaş dövründən sonra kəskin şəkildə artdığı müəyyən edilib. İnsanların orta hesabla 44 və 60 yaşlarında iki əsas qırılma nöqtəsi yaşadıqları məlum olub.

"Zamanla, yavaş-yavaş dəyişmirik. Biz həqiqətən təəccüblü dəyişikliklər görürük", - deyə tədqiqat müəllifi Maykl Snayder qeyd edib.

Snayder və həmkarlarının araşdırmanı aparmaqda əsas məqsədi qocalma ilə gələn xəstəlikləri yüngülləşdirməkdir. Bu məqsədlə, 108 yetkin şəxsdən uzun müddət ərzində bir neçə aydan bir bioloji nümunələr götürülüb. Tədqiq edilən bütün molekulların təxminən 81 faizində mərhələli şəkildə dəyişikliklər müşahidə olunub. Dəyişikliklər bir qədər fərqli olmaqla, 40 və 60 yaş aralığında pik həddə çatıb.

İlk zirvə 40 yaşlarda, adətən qadınlar menopoz və ya perimenopauzaya girməyə başlayanda olur. 60 yaşların əvvəlləri isə karbohidrat, kofein mübadiləsi, ürək-damar xəstəlikləri, dəri, əzələlər, immun tənzimlənməsi və böyrək funksiyasının pozulmasının pik həddi ilə əlaqələndirilir. Hazırda davam edən tədqiqatlar gələcəkdə insan bədəninin zamanla necə dəyişdiyini daha yaxşı başa düşməyə kömək edə bilər.

Kişilər daha dözümlüdür, yoxsa qadınlar?

Kanadalı elm adamları insanların ağrıya dözümü ilə bağlı araşdırma aparıblar. Alimlər müəyyən ediblər ki, eyni dərəcəli ağrını qadınlar kişilərdən daha az hiss edirlər.

Tədqiqatda fərqli yaş qruplarından olan insanlar iştirak ediblər. Məlum olub ki, kişilər keçmişdə baş vermiş ağrılı hadisəni düşündüklərində, yaxud eyni motivli hadisəni yenidən yaşadıqda daha çox narahatlıq keçirirlər. Qadınlar isə keçmişdə yaşadıqları neqativ hadisələləri kişilərdən fərqli xatırlayır və daha soyuqqanlı olurlar. Tədqiqatçılar bioloji olaraq qadınların kişilərə nisbətən davamlılığını estrogen hormonu ilə əlaqələndirirlər. Estrogen hormonu antienflamatuvar (bir maddənin iltihab azaldıcı xüsusiyyəti) xüsusiyyətinin olması sayəsində bədəndəki damar yolu sistemini qoruyur. Kişilərdə ifraz olunan testosteron hormonu isə bəzi ölümcül xəstəlik üçün risk təşkil etməklə yanaşı, bir tərəfdən də immunitet sisteminə zərər verir. Mütəxəssislər qeyd edirlər ki, qadınlar sağlam doğmaq və sağ qalmaq üçün doqquz ay müddətində immunitet sistemi güclənən varlıqlardır. Araşdırmaya görə, qadınlar kişilərlə müqayisədə çətin vəziyyətə düşdükdə daha mübariz olurlar.

Hazırladı:

Elenora HƏSƏNOVA,

"Respublika".