Yay Paralimpiya Oyunları
İdman

Yay Paralimpiya Oyunları

Medalımı Azərbaycan xalqına həsr edirəm

Bunu qızıl medal qazanmış Lamiyə Vəliyeva deyib. 100 metr məsafəyə qaçışda fəxri kürsünün birinci pilləsinə qalxan paraatlet dünya rekordunu da yenilədiyi üçün çox sevindiyini bildirib. Məşqlərim bu yarışdan əvvəl bir az yaxşı davam etmirdi. Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir. İdmana və paralimpiyaya göstərdikləri diqqətə görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm.

L.Vəliyeva sentyabrın 5-də T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçışda da qüvvəsini sınayacaq.

Bilirdim ki, çempion olacam

Qızıl medal qazanan parataekvondoçu İmaməddin Xəlilov qalibiyyətini şəhid ailələrinə həsr edib.

İlk sevincini ailəsi ilə bölüşdüyünü vurğulayan idmançı deyib ki, onlar hədsiz sevincli idilər. Hər döyüşdən sonra sosial şəbəkələrdə yazılan şərhlərdə Azərbaycan xalqının dəstəyini hiss edirdim. Bu da öz növbəsində məndə əlavə motivasiya yaradırdı. Finalda isə heç bir tərəddüd olmadı, özümə çox güvənirdim. Bilirdim ki, mən çempion olacam.

Paraatıcılar finala yüksələ bilməyiblər

Azərbaycan paraatıcıları Kamran Zeynalov və Aybəniz Babayeva Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksələ bilməyiblər.

Milli üzvləri SH1 kateqoriyasında 50 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparıblar.

K.Zeynalov 529 xalla 14-cü, A.Babayeva isə 507 xalla 26-cı olub.

Qeyd edək ki, buna qədər 10 metr məsafəyə atəş açmaq üzrə mübarizə aparan Kamran Zeynalov 13-cü, Aybəniz Babayeva isə 14-cü yeri tutmuşdu.

Hər görüşdən öncə hazırlıq keçirdik

Parataekvondo üzrə kişilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi Fərid Tağızadə jurnalistlərə açıqlamasında bildirib ki, hər görüşdən öncə biz hazırlıq keçirdik. İstər fiziki, istərsə də texniki-taktiki baxımdan çox yaxşı hazırlaşmışdıq. Bizim üçün bütün görüşlər final kimi idi. Motivasiyamız yaxşı olub ki, belə nəticə ilə Vətənə dönə bildik. Hər bir idmançıma ayrı-ayrılıqda təşəkkür edirəm. Onlarla fəxr edirəm. Yarışlara çox yaxşı motivasiya olmuşdular.

Paralimpiyaçılarımızın ilk qrupu Vətənə qayıdıb

İki Paralimpiya mükafatçısı Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Paralimpiya Komitəsi rəhbərliyi, eləcə də nümayəndə heyətinin digər üzvləri Heydər Əliyev Beynəlxalq Aeroportunda idman ictimaiyyəti, ailə üzvləri və yaxınları tərəfindən alqışlarla qarşılanıb.

Millimiz Fransa paytaxtında bir qızıl və bir bürünc medala sahib olub. Buna görə də millimiz yekun sıralamada medal sayına görə ikinci pilləni tutub.

Paris-2024-də İmaməddin Xəlilov (K44, 70 kq) qızıl, Sabir Zeynalov (K44, 58 kq) bürünc medal qazanıb, Əbülfəz Abuzərli isə (K44, 80 kq) 1/4 finala kimi irəliləyib.

Yusuf Dikeç Lamiyə Vəliyevaya təşəkkür etdi

Atıcılıq üzrə gümüş mükafatçısı Yusuf Dikeç Paralimpiya çempionumuz Lamiyə Vəliyevaya təşəkkür edib. Lamiyə Vəliyeva qələbə sevinci zamanı Yusuf Dikeçin hərəkətindən istifadə edib.

Türkiyəli idmançı Lamiyə Vəliyevanı təbrik etməklə ona təşəkkürlərini çatdırıb.

Raman Saley bürünc medal qazanıb

Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb. O, S12 kateqoriyasında 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə ilə üçüncü pillədə qərarlaşaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Qeyd edək ki, o, daha əvvəl S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda gümüş medal qazanıb.

Final görüşünü qardaşlıq qazandı

Qızıl medal mükafatçısı İmaməddin Xəlilovun qardaşı Sənan Xəlilov deyib ki, qardaşım 12 ildir ki, idmandadır. Çox əziyyətlər çəkib. İmaməddinin görüşlərini sevinc içində izləyirdik. İkinci qarşılaşma bir qədər ağır keçdi. Final görüşündə isə qardaş ölkə Türkiyənin idmançısı ilə döyüşdü. Final qarşılaşmasını qardaşlıq qazandı. Qardaşımla qürur duyuram ki, Azərbaycana qızıl medal gətirdi və bayrağımızı Fransa kimi ölkədə dalğalandırdı.

M.NƏRİMANOĞLU,

"Respublika".