Kəlbəcərin ekorenessansı
İqtisadiyyat

Kəlbəcərin ekorenessansı

Füsunkar təbiəti ilə seçilən bu region "yaşıl" inkişaf mərkəzinə çevrilir

Azərbaycan işğaldan azad etdiyi əraziləri "yaşıl enerji zonası"na çevirməyi prioritet istiqamətlərdən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu ərazilərdə "yaşıl enerji" konsepsiyasının tətbiqi məqsədilə genişmiqyaslı layihələr həyata keçirilir. Bu konsepsiya çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpaolunan enerji mənbələrinin, xüsusilə günəş, külək və su elektrik stansiyalarının inkişafı nəzərdə tutulub. Xüsusilə Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarında böyük potensiala malik külək və günəş enerjisi stansiyaları tikilməsi nəzərdə tutulub.

Kəlbəcər rayonunun "yaşıl enerji zonası"na çevrilməsi üçün ciddi səylər göstərilir. Bu rayon əlverişli coğrafi şəraiti və təbii resursları ilə bərpaolunan enerji mənbələrinin inkişafı üçün böyük potensiala malikdir. Bölgədə xüsusilə su, külək və günəş enerjisindən istifadə üçün geniş imkanlar mövcuddur. 2022-2023-cü illərdə Kəlbəcər rayonuna 1 milyard 320 milyon manat investisiya qoyulub. Bunun 920 milyon manatı 2023-cü ildə yatırılıb və bu, ötən il Şərqi Zəngəzur iqtisadi rayonuna qoyulan investisiyaların 23 faizini təşkil edib. Yetərincə yüksək olan bu rəqəmlərin xeyli hissəsi rayonun sosial və nəqliyyat infrastrukturunun bərpasına, binaların və fərdi yaşayış evlərinin, sənaye obyektlərinin tikintisinə və iş yerlərinin açılmasına yönəldilib. Bu sənaye obyektlərindən 3-ü Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri zamanı istifadəyə verilib. Onlardan biri "İstisu" mineral su zavodudur. Bununla da eyniadlı termal yataqdan çıxan əfsanəvi su 30 illik fasilədən sonra yenidən istehlakçılara təqdim edilib. Kəlbəcər rayonunda "İstisu" mineral suyunun istehsalına 1976-cı ildən başlanılıb. Lakin 1993-cü ildə Kəlbəcərin Ermənistan ordusu tərəfindən işğal edilməsi ilə bu istehsal dayandırılıb. Rayon işğaldan azad edildikdən sonra 2022-ci il iyunun 26-da təməli qoyulan "İstisu" mineral su zavodunda işlər artıq tam başa çatdırılıb.

Müəssisənin illik istehsal gücü 100 milyon şüşə butulkadan çoxdur. İkinövbəli iş rejimində fəaliyyət göstərəcək müəssisədə təxminən 100 nəfər işlə təmin ediləcək. İşçilərin əksəriyyəti Kəlbəcər və Laçın rayonlarının sakinləridir. Mineral su istehsalında ətraf mühitin qorunması da nəzərə alınıb. Bu zaman əsas səylər resurslardan davamlı istifadəyə, ekoloji cəhətdən təmiz istehsal prosesinə və təbiətin mühafizəsinə yönəlib. Zavodda tullantıların miqdarını minimuma endirməyə, həmçinin elektrik enerjisi resurslarından səmərəli istifadəyə imkan verən müasir texnologiyalar tətbiq olunub. Prezident İlham Əliyevin Kəlbəcər rayonuna səfəri zamanı istifadəyə verilən müəssisələrdən biri də rayonda Tərtər çayı üzərində yerləşən 22,5 meqavat gücündə su elektrik stansiyasıdır. Müəssisə Vətən müharibəsində qələbədən sonra regionda yaradılan ən böyük "yaşıl enerji" mənbəyidir.

Belə ki, su elektrik stansiyasında istehsal edilən "yaşıl enerji" növbəti 5 il ərzində Kəlbəcər rayonunun elektrik enerjisi tələbatını tam ödəyə bilər. "Yuxarı Vəng" Su Elektrik Stansiyasında il ərzində 66 milyon kilovat-saatadək "yaşıl enerji"nin istehsalı nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyanın qarşısının alınması deməkdir. Bu layihə Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri ilə mübarizə və "yaşıl enerji"yə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. Stansiya əhalinin məşğulluğu baxımından da mühüm rol oynayır. Burada məhz Kəlbəcər rayonunun sakinlərinin işlə təmin olunması nəzərdə tutulur.

Rayonda istifadəyə verilən daha bir müəssisə 4,3 MVt gücündə "Zar" Kiçik Su Elektrik Stansiyasıdır. Prezident İlham Əliyev onun istifadəyə verilməsi zamanı SCADA sistemi vasitəsilə Göygöl rayonunda yeni tikilən 4,1 MVt gücündə "Toğanalı" Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışını da edib. "Zar" və "Toğanalı" Kiçik Su Elektrik stansiyalarında ümumilikdə 25 milyon kilovat-saatadək "yaşıl enerji" istehsal olunacaq. Bu 5,5 milyon kubmetr təbii qaza qənaət edilməsi, 10 min tondan çox karbon emissiyasının qarşısının alınmasına səbəb olacaq.

İşğaldan azad edilən əraziləri "yaşıl enerji zonası"na çevirmək niyyəti ilə ümumi gücü 37,5 meqavat olan 6 kiçik Su Elektrik Stansiyasının tikintisi üzrə işlərə başlanılıb. Bu SES-lərin 2025-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur. Həmin stansiyalarda ümumilikdə ildə 110 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal ediləcək. Bunun nəticəsində 24 milyon kubmetrdən artıq təbii qaza qənaət olunacaq.

Ümumiyyətlə, Kəlbəcər rayonu zəngin su resurslarına malikdir. Burada kiçik və orta su elektrik stansiyalarının tikintisi üçün əlverişli şərait var. Digər tərəfdən, rayon dağlıq və küləkli ərazidə yerləşdiyindən burada külək enerjisi potensialı da yüksəkdir. Külək enerjisi stansiyalarının qurulması bu rayonda dayanıqlı və təmiz enerji mənbəyinin yaradılmasına kömək edəcək. Kəlbəcər, eyni zamanda günəş enerjisi potensialı ilə də seçilir. Günəş panellərinin quraşdırılması və günəş elektrik stansiyalarının yaradılması rayonda enerji istehsalını daha da artıracaq. Azərbaycan Kəlbəcər rayonunun "yaşıl enerji zonası"na çevrilməsi üçün infrastruktur layihələrə xüsusi diqqət ayırır. Bu layihələr çərçivəsində rayonda bərpaolunan enerji mənbələrinin inkişafı, enerji şəbəkələrinin yenilənməsi və ekoloji cəhətdən təmiz texnologiyaların tətbiqi nəzərdə tutulur. Bu tədbirlər Kəlbəcəri Azərbaycanın "yaşıl enerji" strategiyasının mərkəzi elementlərindən birinə çevirəcək və rayonun iqtisadi inkişafına, ətraf mühitin qorunmasına və iqlim dəyişmələrinə qarşı mübarizəyə mühüm töhfə verəcək.

Tacir SADIQOV,

"Respublika".