Ukraynada gedən müharibə fonunda Şərq və Qərb blokları arasında geosiyasi mübarizə kəskin xarakter alır. Rusiya və Çin Amerika Birləşmiş Ştatlarına və Avropa İttifaqına meydan oxuyur.
Bu iki ölkənin təmsil olunduğu BRICS qlobal siyasət, iqtisadiyyat və ticarətə ciddi təsir edə bilən təşkilata çevrilir. Ümumiyyətlə, Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən blok, əsasən ABŞ-ın dominantlıq etdiyi mövcud sistemə meydan oxuyur və yeni dünya nizamı qurmağı hədəfləyir. Son dövrlərdə isə təşkilat xüsusilə mövcud iqtisadi, geosiyasi və hərbi vəziyyətdə öz gücünü sübut etməyə çalışır. Bunun üçün də sıralarına əlavə üzvlər cəlb etmək istəyir.
Bir çox dövlət də qeyri-Qərb ittifaqının bir hissəsi olmaq imkanına yiyələnmək üçün alyansa qoşulmaq niyyətini etiraf edir. Onlardan bəziləri ticarət hesablaşmalarında ABŞ dollarından imtina etmək, digərləri isə xammaldan asılı iqtisadiyyatdan texnoloji inkişaf modelinə keçmək məqsədilə bu təşkilata üz tutur. Azərbaycan və Türkiyə də bu niyyətini bəyan edib. Belə ki, avqustun 20-də Azərbaycan sözügedən təşkilata üzvlüklə bağlı rəsmi müraciət edib. Bu kontekstdə Azərbaycanın alyansa üzv dövlətlərə neft-qaz ixrac etməsi, qarşılıqlı iqtisadi əlaqələrin qurulması real görünür. BRICS-də iştirak Azərbaycan üçün vacib strateji məqsəd olan Orta Dəhliz və Zəngəzur dəhlizi baxımından da faydalıdır. Çünki bu halda Azərbaycan alyansda təmsil olunan Hindistanla da əlaqələr quracaq. Eyni zamanda Yeni Dehlinin Cənubi Qafqazda Ermənistanı dəstəkləməsinə qarşı olaraq Çin amilindən istifadə imkanlarını nəzərdən keçirə biləcək. Odur ki, Bakının adıçəkilən təşkilata üzvlüyü siyasi dividendlər də qazandıracaq.
Azərbaycandan sonra Türkiyə də BRICS-ə üzv olmaq üçün ərizə verib. Prezident Rəcəb Tayyib Ərdoğan hətta gələn ay Kazanda keçiriləcək sammitə də qatılacağını bildirib. Ankaranın bu addımı bir NATO ölkəsi kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməklə yanaşı, çoxqütblü dünyanın bütün tərəfləri ilə əlaqələri inkişaf etdirmək istəyini göstərir. Regional proseslərə istiqamət verən iki aparıcı aktorun ardıcıl şəkildə verdiyi qərar isə Ermənistanda müzakirə olunmağa başlayıb. Erməni siyasətçilər bildirirlər ki, hakimiyyət qonşu ölkələrin Qərb blokundan müstəqil hərəkət etdiyini nəzərə almalı, buna uyğun olaraq da geoiqtisadi vektorun transformasiyasını reallaşdırmalıdır. Avrasiya Ekspert Klubunun üzvü Aqasi Tavadyanın sözlərinə görə, Qərb dollardan iqtisadi və siyasi sanksiyalar silahı kimi istifadə edir. Buna görə də bir çox ölkələr BRICS-i Qərb strukturlarına alternativ olaraq görür: "Reallıq ondan ibarətdir ki, bizim ətrafımızdakı dövlətlər daha çox BRICS-ə doğru irəliləyir və Ermənistan geoiqtisadi vektorun transformasiyasını nəzərə almalıdır. Türkiyə və Azərbaycan BRICS+ dövləti olmaq arzusunu ifadə edib. Artıq Rusiya və İran da bu layihənin üzvüdür. BRICS və Aİ-nin birgə sənədlərinə əsasən bu beynəlxalq strukturların üzvü olan dövlətlər müəyyən növ mallara görə aşağı gömrük rüsumları ödəyirlər. Yəni erməni sahibkarlar aşağı rüsumlarla öz mallarını İrana ixrac edə bilərlər. Üstəlik, hazırda dünya ÜDM-in 35 faizi BRICS ölkələrinin payına düşür. Nəzərə almaq lazımdır ki, 15 il əvvəl G7 ölkələri aparıcı göstəricilərə malik idi. Lakin hazırda G7 ÜDM-in 20 faizinə çatmır. BRICS ölkələri isə tədricən qlobal iqtisadiyyatın lokomotivi olurlar. Ona görə də Ermənistan bunu tədricən nəzərə almalıdır", - deyə Tavadyan vurğulayıb.
Amma İrəvan rəhbərliyinin BRICS-ə maraq göstərməsinin arxasında dayanan yeganə səbəb iqtisadi məsələlər deyil. Ermənistanda yaxşı başa düşürlər ki, mövcud gərginlik vəziyyətində nə Avropa İttifaqına, nə də NATO-ya üzv ola biləcəklər. Buna görə də Paşinyan iqtidarı Rusiyanın təmsil olunduğu təşkilata qoşulmaq məsələsini gündəmə gətirməklə "qoca qitə"yə mesaj verməyə çalışır. Yəni erməni baş nazir BRICS-ə üzvlükdən Avropa İttifaqına qarşı təzyiq vasitəsi kimi istifadə edir. Eyni zamanda Şərq blokuna yaxınlaşmaq mesajını verməklə, Rusiya ilə münasibətləri tamamilə pozmadığını nümayiş etdirir. Buradan aydın olur ki, haylar ənənəvi olaraq ikili oyun oynayırlar. Qərbmeyilli siyasət yürüdərək Avropa İttifaqından hərbi və maliyyə dəstəyi alırlar, həm də paralel olaraq Rusiyadan da uzaqlaşmaq istəmirlər. Sözsüz ki, xarici siyasətlə bağlı konkret qərar verə bilməmək ölkəni uçuruma aparacaq. Yəqin ki, yaranan vəziyyətdən ən çox əziyyət çəkən isə Nikol Paşinyan və komandası olacaq.
Jalə QASIMZADƏ,
"Respublika".