ABŞ-də Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi iclası keçirilib
Diaspor

ABŞ-də Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi iclası keçirilib

ABŞ-nin Nyu York şəhərində fəaliyyət göstərən “Türk Evi”ndə Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Respublika”ya verilən məlumata görə, tədbirdə ABŞ-də yaşayan azərbaycanlı həkimlərlə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan və fəaliyyət göstərən azərbaycanlı həkimlər, diaspor nümayəndələri, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Azərbaycan-Amerikan Tibb Assosiasiyasının rəhbəri Səbinə Hacıyeva açılış nitqində görüş haqqında məlumat verib, azərbaycanlı həkimlərin şəbəkələşməsinə göstərdiyi dəstəyə görə, Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev Komitənin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, eyni zamanda Vaşinqtonda baş tutan Amerika-Azərbaycan Gənclərinin ilk forumundan və bu cür tədbirlərinin təşkilinin böyük uğur olduğundan bəhs edib. Sədr müavini ABŞ-nin qabaqcıl tibb müəssisələrində çalışan həkimlərimizin bu kimi görüşlərinin onların birliyinə və inkişafda olan Azərbaycan səhiyyəsinə böyük töhfə verəcəyini söyləyib.

Daha sonra Assosiasiyanın rəhbərlərindən Rauf Şahbazov təşkilatın yaranması, qazandığı uğurlar və gələcək fəaliyyəti haqqında təqdimatla çıxış edib. Rauf Şahbazov təşkilatın ABŞ-də yaşayan və tibb sahəsi üzrə təhsil alan gənc azərbaycanlı kadrların inkişafı üçün onları müxtəlif təcrübə-mübadilə, eləcə də təqaüd proqramları ilə təmin etdiyini deyib, həmçinin Qarabağ Universitetinə ABŞ-də yaşayan həkimlərin də töhfə verəcəyini diqqətə çatdırıb.

Görüşdə müxtəlif tibb sahələri üzrə fəaliyyət göstərən həkimlərin çıxışları dinlənilib, təşkilatın gələcək fəaliyyət planları, tibb sahəsi üzrə inkişaf edən yeniliklər və bir çox vacib mövzular barəsində müzakirələr və fikir mübadiləsi aparılıb.