Baiba Veisa: “Şuşada seçicilərin böyük həvəs və ruh yüksəkliyi ilə səsvermə prosesinə qoşulduqlarının şahidi olduq”
Müsahibələr

Baiba Veisa: “Şuşada seçicilərin böyük həvəs və ruh yüksəkliyi ilə səsvermə prosesinə qoşulduqlarının şahidi olduq”

Azərbaycanın suveren ərazisində ilk dəfə keçirilən növbədənkənar parlament seçkiləri dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Ölkəyə dəvət olunan müşahidəçilər arasında Latviya Respublikasının nümayəndələri də yer alır. Belə ki, Latviya Respublikasının Seçki Komitəsi Mərkəzinin sədr müavini Baiba Veisa "Respublika" qəzetinə verdiyi müsahibədə ölkəmizdə olmaqdan məmnunluq hissi duyduğunu bildirib.

- Baiba xanım, Azərbaycanda müşahidə etdiyiniz parlament seçkilərinin gedişatı ilə əlaqədar fikrinizi bilmək maraqlı olardı.

- İlk növbədə, vurğulamaq istərdim ki, ölkənizdə olmaqdan çox məmnunam. Bura əsasən parlament seçkilərini müşahidə etmək məqsədilə səfər etmişəm. Mərkəzi Seçki Komissiyasının rəhbərliyinə dəvətə və seçki məntəqələrində müşahidə aparmaq üçün yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm. Qeyd edim ki, səhər saatlarında Bakıda 5 seçki məntəqəsinin açılışında iştirak etdik, daha sonra isə Qarabağa - Şuşa şəhərinə səfərimiz oldu. 47 saylı seçki məntəqəsində nəticələr hesablanıb elan edilənə qədər orada olmuşuq.

Müşahidə missiyasının müəyyən vəzifələri var ki, bu, hər kəsə məlumdur. Biz heç bir vəchlə seçki prosesinə təsir edə bilmərik. Sadəcə, texniki cəhətdən səsvermə prosesinin necə təşkil olunduğunu kənardan izləyə bilərik. Olduğum bütün məntəqələrin tərtibatı çox xoşuma gəldi. Xüsusilə, seçki məntəqələrində çox sayda Azərbaycan bayraqlarının dalğalanması məndə xoş hisslər yaratdı. İnsanlar öz işlərinə çox məsuliyyətlə yanaşır, mehribancasına səs verməyə gələn vətəndaşlara bütün prosedurları səbirlə izah edirdilər. Seçki komissiyasının üzvləri bütün suallarımı cavablandırmağa hazır idilər, beləliklə, zəruri məlumatları əldə etdik.

- Azad olunmuş ərazilərə səfər zamanı dövlətimiz tərəfindən aparılan bərpa-quruculuq işlərinin də şahidi oldunuz. Bununla bağlı nə deyə bilərsiniz?

- Həqiqətən, Qarabağda belə sürətlə aparılan tikinti-quruculuq işləri sözün əsl mənasında təəccüb doğurur və xoş təəssürat yaradır. Dağların ətəyində yerləşən Şuşaya qədər uzanan yol, bu şəhərin füsunkar təbiətə malik olması, qayıdanda isə Xankəndi yolu o qədər gözəldir ki, təsvir etməyə söz yetməz. Düşünürəm ki, yeni nəyinsə yaranması üçün köhnə nə isə artıq bitməlidir. Yaradılışın qanunu budur. Yəni gözəliklər yaratmaq üçün insan əlinin toxunuşu mütləqdir. Əsasən də istək və sevgi ilə yaradılan hər bir şey davamlı və uzunömürlü olur.

Mən seçki məntəqlərində vətəndaşlarla söhbət edərkən bildirdim ki, hazırda onların əlinə unikal fürsət düşüb, həmin torpaqlara qayıdan, orada yenidən həyat quran insanlar bunu dəyərləndirməlidirlər. Çünki bu torpaqlar əziyyətlə, savaşla və siyasi iradə hesabına qaytarılıb. Onların qəlbində dərin yara olduğunu hiss etdim, lakin eyni zamanda, onların gözlərində sevinc qığılcımları da parlayırdı. Həmin insanlar ata-baba yurdlarına qayıtdıqlarına görə çox qürurludurlar.

Şuşada olarkən orada yerləşən seçki məntəqələrində seçicilərin böyük həvəs və ruh yüksəkliyi ilə səsvermə prosesinə qoşulduqlarının şahidi olduq. Demək, layiqli namizədin parlamentdə təmsil olunmasını istəyirlər ki, ölkəniz daha da inkişaf etsin.

- Məlumdur ki, siz həmçinin idman sahəsində də fəaliyyət göstərmisiniz. Azərbaycan artıq bütün dünyada idman dövləti kimi tanınır. İdmançılarımızın Yay Olimpiya Oyunlarında qazandıqları 7 medalı nəzərə alaraq ölkəmizin nailiyyətlərini necə dəyərləndirirsiniz?

- Mən uzun illər ərzində avarçəkmə üzrə yarışların təşkili ilə məşğul olmuşam. Daha sonra həyat elə gətirdi ki, dövlət idarəçiliyində vəzifə tutdum. Hazırda isə missiyam ölkəmizdə layiqli və demokratik seçkilərin təşkil olunmasından ibarətdir.

Azərbaycanın nailiyyətlərinə gəlincə, bir neçə idmançı ilə tanışam. Onlar Vətənlərini dünyada təmsil etdiklərinə görə çox qürurludurlar. Sizdə əsasən döyüş idman növləri daha çox dəbdədir, atıcılıq, bədii gimnastikanı da qeyd etmək olar. Bildirim ki, dövlətin idmançılara qayğısının şahidi olmuşam. Belə olduğu halda, idmançı dövlətin onu dəstəklədiyini hiss edir və daha yaxşı, yüksək nəticələrə can atır. Bu, tamamilə düzgün siyasətdir.

Həm də qeyd edim ki, Bakı Formula-1 yarışlarına ev sahibliyi etdiyi üçün də çox məşhurlaşdı. Bəlkə bu idman yarışının təşkili ilə bağlı bir çoxları yollarda tıxaclardan narahatlıq ifadə edirlər, lakin digər tərəfdən mən bu çempionatı Azərbaycana nüfuz gətirən tədbir kimi görürəm.

Aygün İBRAHİMOVA,

"Respublika".