Elmi-texniki yeniliklər
Maraqlı

Elmi-texniki yeniliklər

Xatirələri ömürlük qalıcı edən metod kəşf olunub

Amerikalı elm adamları xatirələrin ömür boyu qalmasını təmin edən 2 mühüm molekulun qarşılıqlı təsirini kəşf ediblər.

1970-ci illərdə kəşf edilən uzunmüddətli potensiasiya (LTP), sinapsların elektrikli xəbərdarlıqlarla gücləndirilməsi yolu ilə xatirələrin formalaşmasını izah etməyə başlamışdı. Ancaq bu prosesin molekulyar təfərrüatları uzun müddət öyrənilməmişdi. PKMzeta adlı bir molekulun bu prosesdə əsas rol oynadığı düşünülürdü, lakin onun xatirələri uzun müddət necə saxladığı bəlli deyildi. Sözügedən molekul qısaömürlü olduğu üçün xatirələrin illərlə necə qorunub saxlanıla biləcəyi sual doğurur.

Yeni araşdırmalar isə onu göstərir ki, bu molekul tək deyil, KIBRA adlı başqa bir molekulla əməkdaşlıq edir. Bu 2 molekul sinapsları işarələyib, gücləndirərək xatirələrin qalıcılığını təmin edir. Onların qarşılıqlı əlaqəsi uzun müddətdə sinapsları sabitləşdirərək xatirələri qorumağa imkan verir. Hər iki molekul qısaömürlü olsa da aralarındakı daimi qarşılıqlı əlaqə xatirələrin gələcək illər ərzində toxunulmaz qalmasına kömək edir.

Tədqiqatçılar qeyd edirlər ki, bu kəşf xatirələrin saxlanma prosesini daha dərindən öyrənmək üçün mühüm əhəmiyyət kəsb edir və gələcək nevrologiya tədqiqatlarına yeni qapılar açır.

Ənənəvi formasını dəyişə bilən təkər

Koreyalı tədqiqatçılar formasını dəyişən, eləcə də qeyri-hamar səthləri və yüksək maneələri asanlıqla dəf edə bilən təkər hazırlayıblar. Təkər çətin relyef şəraitində öz ənənəvi formasını dəyişə bilir.

Ümumiyyətlə, avtomobillər, yük maşınları və velosipedlərin əsas komponentləri olan təkərlər günümüzdə o qədər çox istifadə olunur ki, biz artıq onlarsız həyatı təsəvvür edə bilmirik. Lakin əlil arabalarından mobil robotlara, eləcə də SUV-lara (yolsuzluq avtomobili) qədər təkərlər çətin keçilən ərazilərdə və qeyri-hamar səthlərdə təkərlərin hərəkəti məhdudlaşır. Çətin əraziləri keçmək üçün havasız və ya qeyri-pnevmatik təkərlərdən istifadə olduqca əlverişlidir. Ancaq onlar sərt və az deformasiyaya malik olduqları üçün yüksək maneələri dəf etməkdə çətinlik çəkirlər. Elə bu səbəbdən də alimlər yeni texnologiyanın hazırlanmasında su damcısının səthinin gərginliyinə əsaslanıblar. Məhz bu üsulla təkərin formasını dəyişdirərək qeyri-bərabər səthləri və maneələri asanlıqla aşa bilməsinə nail olublar.

Dünyanın ən böyük günəş əsaslı mikro şəbəkəsi tikilir

Dünyanın ən böyük fotovoltaik (PV) və ya günəş əsaslı mikro şəbəkəsi tikilir. Səudiyyə Ərəbistanının Qırmızı Dəniz Layihəsi olan bu sistem 400 MVt günəş enerjisi və 1,3 GWh enerji saxlama gücünə malikdir.

Qeyd edək ki, bu iddialı layihə qlobal texnologiya nəhəngi "Huawei" tərəfindən həyata keçirilir. Qırmızı Dəniz Layihəsi çərçivəsində inkişaf etdirilən bu mühüm turizm məkanı Səudiyyə Ərəbistanının cənub-qərbindəki Tabuk vilayətinin Qırmızı dəniz sahilində yerləşəcək. 28 min kvadratkilometrlik böyük bir ərazini əhatə edən bu layihə təmiz enerji və davamlı turizmin gələcəyi üçün əhəmiyyətli hesab edilir. 2030-cu ilə qədər tamamlanması planlaşdırılan Qırmızı dəniz şəhəri 50 hotel, 8000 otaqdan əlavə, 22 ada və altı daxili məkana sahib olacaq. 1000-dən çox yaşayış yeri ilə cəmi bir milyon ziyarətçiyə ev sahibliyi edəcək şəhər, şəbəkədən kənar təmiz enerji ilə təmin ediləcək.

Yeni elektromobil təqdim edildi

Qeyri-adi idman avtomobilləri ilə tanınan Britaniyanın "Ariel" şirkəti elektriklə işləyən baqqi (xüsusi kross avtomobili) təqdim edib.

O, ikinci nəsil "Nomad" seriyasının platformasına əsaslanır və müvafiq olaraq "E-Nomad" adlanır. Elektrik mühərriki 281 at gücündə olan avtomobil orijinal güc bloku sayəsində təxminən 3,5 saniyəyə 100 km/saat sürət toplaya bilir. Hələlik konsept hesab edilən bu nəqliyyat vasitəsinin seriya istehsalına 2026-cı ildə başlanıla bilər.

Konseptlə adi "Nomad" arasındakı fərq kuzov panellərinin hazırlandığı materialdır. Belə ki, kuzovu 30 faiz daha aerodinamik olan elektromobil kətan liflərdən ibarət biokompozitdən hazırlanıb və əlavə 9 faiz çəkiyə qənaət edir.

Şirkətdən verilən məlumata görə, artıq elektrik baqqisinin istehsal versiyası üzərində işlənilir. Lakin onun istehsalına başlanılması ilə bağlı yekun qərar müştərilərin reaksiyası və bazardakı vəziyyət əsasında veriləcək. İlkin hesablamalara görə, əsas "E-Nomad" təxminən 80 min funt-sterlinqə (təxminən 105 602 dollar) başa gələ bilər.

Hazırladı: Elenora HƏSƏNOVA,

"Respublika".