Demokratik seçki ənənələrinin formalaşdığı ölkəmizdə VII çağırış Milli Məclisə növbədənkənar seçkilər mühüm siyasi hadisə oldu. Olduqca qürurverici olan bu seçkilər ilk dəfədir Azərbaycanın bütün suveren ərazilərində keçirildi. Prezident seçkiləri kimi, parlament seçkiləri də Azərbaycan xalqını bir daha birləşdirdi. Bütün ölkə coğrafiyasını əhatə edən seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədalətli keçirilməsi üçün lazımi şərait yaradılıb. Cəmiyyət hər zaman olduğu kimi, bu seçkilərə də kifayət qədər böyük maraq göstərdi. Milli Məclisə növbədənkənar seçkilərlə bağlı bölgələrdə seçici fəallığı bunu bir daha təsdiq etdi.
Sumqayıt
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər Sumqayıtda 6 dairə seçki komissiyası üzrə keçirilib. Sumqayıtlı seçicilər 210 seçki məntəqəsində səs veriblər. Məntəqələr üzrə qeydə alınan 273 698 nəfər seçicidən 2499-u ilk dəfə səs verənlərdir. 3641 nəfər seçici yaşlı nəslin nümayəndəsidir. Onlardan bir nəfərin yaşı 100-dən çoxdur.
44 saylı Sumqayıt üçüncü Seçki Dairəsində 37 seçki məntəqəsi var. Dairə Seçki Komissiyasının üzvü Tamilla Abdullayeva bildirib ki, dairə üzrə seçicilərin sayı 50 min 153 nəfərdir. Onlardan 692 nəfəri isə ilk dəfə səsvermə hüququ əldə edib. DSK rəsmisinin sözlərinə görə, seçicilərin 675-i 80-100 yaş arası olan vətəndaşlardır: "Ən yaşlı seçicinin 101 yaşı var. O, 1923-cü il təvəllüdlü Xudiyeva Zəri Həsən qızıdır. Bu gün o da seçkilərdə öz namizədinə səs verib. Özünün xahişi ilə Zəri nənənin evinə seçici kimi qeydiyyata alındığı dairə üzrə 16 saylı seçki məntəqəsindən daşınan seçki qutusu aparılıb". Tamilla Abdullayeva onu da qeyd edib ki, seçki məntəqəsinə gələ bilməyən 5 vətəndaşın evinə daşınabilən səsvermə qutuları aparılıb. Bununla bağlı seçicilər daha öncədən müraciət ediblər. Dairə üzrə yerli müşahidəçilərin sayı isə 1 007 nəfər təşkil edib.
Qeyd edək ki, saat 19:00-a olan məlumata görə Sumqayıt üçüncü Dairə Seçki Komissiyası üzrə seçici aktivliyi 37.8 faiz olub. Ümumilikdə, 18 min 958 seçici səsvermə hüququndan istifadə edib.
46 saylı Sumqayıt beşinci Seçki Dairəsinin sədri Elgün Hümbətov bildirib ki, dairə üzrə 51 min 84 seçici qeydiyyatdadır. Onlardan 600-ü yaşlı nəslin nümayəndəsidir. 4 evə isə daşınabilən seçki qutusu aparılıb. Sözügedən dairənin 8 saylı seçki məntəqəsində səs verən Rəhilə Qasımova səsvermənin şəffaf qaydada aparıldığını deyib: "Bu seçkilər çox əhəmiyyətlidir. Çünki bütöv Azərbaycan ərazisində həyata keçirilən ilk parlament seçkiləridir. Şuşada, Xankəndidə seçicilər öz namizədlərinə səs verirlər. Seçkilər şəffaf keçirilir. Bizə lazım olan hər bir məlumat verilir".
Gəncə
Gəncə şəhərində ənənəsinə sadiq qalaraq bütün məntəqələrdə səsvermə mütəşəkkil, şəffaf və demokratik, əsl bayram əhvali-ruhiyyəsi ilə keçmişdir. Belə ki, şəhər üzrə 4 seçki dairəsi fəaliyyət göstərmişdir. 38 saylı Gəncə birinci Seçki Dairəsinin əhatə etdiyi 38 seçki məntəqəsinin hamısında seçki fəallığı yüksək olmuşdur. Dairənin sədri İbrahim Cəfərov məlumat verərək bildirdi ki, dairə üzrə 38 seçki məntəqəsi fəaliyyət göstərir ki, 52 000 nəfər seçicisi vardır. Onlardan 504 nəfəri ilk dəfə səs verənlərdir. 80-100 yaşlı nəslin nümayəndəsi 223 nəfər iştirak edib. Ədalətli, şəffaf və demokratik seçkinin təminatı üçün bütün məntəqələrdə münbit şərait yaradılmış, 13 məntəqəyə veb-kamera quraşdırılmışdır.
Hər bir məntəqə lazım olan bütün avadanlıqlarla təmin olunmuş, məntəqə sədrləri və üzvlər üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar və maarifləndirmə tədbirləri (treninqlər) həyata keçirilmişdir. Seçicilərin 53 faizi qadın, 47 faizi kişidir. Seçki prosesini, eyni zamanda beynəlxalq müşahidəçilər izləyirlər. Heç bir qanun pozuntusuna rast gəlinməmişdir. 39 saylı Gəncə ikinci Seçki Dairəsinin əhatə etdiyi 36 seçki məntəqəsinin hamısında seçki fəallığı yüksək olmuşdur. Dairə Seçki Komissiyasının sədri Zakir Hüseynov bildirdi ki, dairədə 36 məntəqə fəaliyyət göstərir, 50 185 nəfər seçici səs verəcəkdir. Seçki dairəsi üzrə bütün seçki məntəqələri telefonlaşdırılıb. Həmçinin seçki məntəqələri müasir texniki avadanlıqlarla təmin edilib. Yaranacaq hər hansı hala qarşı öncədən tədbirlər görülüb. Belə ki, bütün seçki məntəqələri generatorlarla, müxtəlif texniki avadanlıqlarla tam təmin edilib. Seçkilərdə şəffaflığın təmin edilməsi məqsədilə seçki dairəsinin 11 seçki məntəqəsində səsvermə prosesinin birbaşa izlənməsi üçün veb-kameralar quraşdırılmışdır. İlk dəfə səs verən gənclər olduqca fəaldırlar. Bütün məntəqələrdə səsvermə fəallığı müşahidə olunurdu. Baş çəkdiyimiz 14 saylı seçki məntəqəsində, sözün əsl mənasında növbə yaranmışdır. Məntəqədə seçicilərin normal şəraitdə öz iradələrini ifadə etmələri, istədikləri namizədləri azad-aydın və şəffaf şəraitdə öz səslərini vermələri üçün hər cür mövcud şərait yaradılmışdı. Seçicilərin 54 faizini qadın, 46 faizini kişi təşkil edir. Məhz ilk dəfə səs verən gənclərə maariflənmə işlərinin aparıldığından, hüquq və vəzifələri yaxşı bildiyindən olduqca fəallıq göstərirlər. Artıq səsverənlərin yarısından çoxu böyük ruh yüksəkliyi ilə öz iradələrini ifadə ediblər. Müşahidəçilərin dediyinə görə səsvermə prosesində, heç bir qanun pozuntusuna rast gəlinməyib. Şəhər ağsaqqalı, ixtiraçı alim, professor Nürəddin Məmmədovla rastlaşdıq. O bildirdi ki, bu seçki Azərbaycanın inkişafına, sabitlik və rifahına xidmət edir. Mən, ətrafım və ailəm ən layiqli namizədə səs verdik.
40 saylı Gəncə üçüncü Seçki Dairəsinin əhatə etdiyi 38 seçki məntəqəsinin hamısında seçki fəallığı müşahidə olunmuşdur. Dairə sədri Elbar Əhmədovun verdiyi məlumata görə, dairə üzrə fəaliyyət göstərən 38 seçki məntəqəsində 51 184 nəfər seçici vardır ki, onlardan ilk dəfə səs verən gənclər, xüsusilə fəallıq göstərirlər. Seçkinin şəffaflığı üçün 10 məntəqəyə veb-kamera quraşdırılmış, bütün məntəqələrdə seçicilərin rahat səs verməsi üçün tam şərait yaradılmışdır. 200 nəfərdən çox müşahidəçi seçkini izləyir. Səsvermədə heç bir pozuntuya təsadüf olunmamışdır. 41 saylı Gəncə-Samux-Goranboy Seçki Dairəsinin sədri Nizami Hacıyev bildirdi ki, respublikamızda demokratik seçkilərin keçirilməsi üçün zəruri ictimai-siyasi sabitlik, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza vardır. Demokratik, azad seçkilərin keçirilməsi təcrübəsi ildən-ilə təkmilləşdirilmişdir. Bu baxımdan, seçki tam obyektiv, şəffaf və demokratik şəraitdə keçirilir. Dairə üzrə fəaliyyət göstərən 47 seçki məntəqəsində 50 200 seçici mövcuddur. 80-100 yaşlı seçicilər 806 nəfərdir. 7 namizəd qeydiyyata alınmışdır. 80-100 yaşlı seçicilər isə 889 nəfərdir. 1 nəfər 100 yaşında, 1 nəfər 104 yaşında, 1nəfər 106 yaşında seçici səs vermişdir. Bütün məntəqələrdə seçkilərin mütəşəkkil keçirilməsi üçün maksimum şərait yaradılmışdir. Şəffaflığın təminatı üçün 8 məntəqədə veb-kameralar quraşdırılmışdır. Dairə Seçki Komissiyasında seçki prosesini 300 nəfərdən çox müşahidəçi izləyir. Onların dediyinə görə, heç bir qanun pozuntusuna rast gəlinməyib. Məntəqələrdə yüksək seçki fəallığı müşahidə olunurdu.
Mingəçevir
Bu növbədəkənar parlament seçkilərini qüdrətli Azərbaycanın tarixində yeni mərhələ kimi qeyd etmək olar. 54 saylı Mingəçevir Seçki Dairəsində də seçicilərin sərbəst, demokratik şəraitdə səs vermələri, müşahidələrin şəffaf aparılması üçün məntəqələrdə hər cür şərait yaradılmış, məntəqələrdə seçki fəallığı müşahidə olunurdu. Dairənin sədri Oqtay Məmmədov bildirdi ki, dairə üzrə 40 məntəqə fəaliyyət göstərir. Ümumilikdə dairəni əhatə edən məntəqələrdə 50 217 seçici qeydə alınmışdır. Bütün seçki məntəqələri təmir olunmuş, lazımi avadanlıqlarla, rabitə və digər texniki vasitələrlə təmin edilmişdir. Səsvermənin gedişini izləmək üçün 12 seçki məntəqəsində veb-kamera quraşdırılmışdır. Dairə üzrə 300-dən yuxarı müşahidəçi seçkinin gedişini izləyir. Heç bir qanun pozuntusu müşahidə olunmayıb. 183 nəfər ilk dəfə səs verənlərdə fəallıq müşahidə olundu, 563 nəfər 80-100 yaşında olanlar yüksək əhvali-ruhiyyə ilə öz seçimlərini edirlər. 102 yaşlı Muradova Tamara Əbdül qızı öz səsini layiq bildiyi namizədinə vermişdir. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan dövləti və xalqı bu növbədənkənar parlament seçkilərini Avropa və Qərbə mütəşəkkil və ədalətli seçki nümunəsi ilə özünün demokratik irsini nümayiş etdirəcək, dünyaya əsl demokratiya dərsi verəcəkdir.
Xankəndi
Qədim Xankəndi öz keşməkeşli taleyinin ən bəxtəvər günlərini yaşayır, burada genişmiqyaslı quruculuq aparılır, şəhərə gələn turistlərin sayı hesabı bilinmir. Bu şəhərdən separatçıların ayaq izləri tamamilə silinib, indi Xankəndinin küçələrində, park və xiyabanlarda, Zəfər meydanında azərbaycanlılar qürurla addımlayırlar. Elə seçki məntəqələrinə gələnlərin də sırası çox sıx idi. 122 saylı Xankəndi Seçki Dairəsinin 14 saylı məntəqəsi Zəfər meydanındakı möhtəşəm binada yerləşir. Sentyabrın 1-də səhər saat 7:30-da məntəqəyə baş çəkdik. Məntəqənin sədri İmran Mirzəyev bildirdi ki, hər şey çox yüksək səviyyədə hazırlanıb. Bütün təchizatlar hazır vəziyyətdədir. Seçki məntəqəmizin üzvləri də tam hazırdırlar, təlimat keçiblər. Seçkiləri çox yüksək səviyyədə keçirmək əzmindəyik. Sevindirici haldır ki, ilk dəfə azad Xankəndidə səs verəcək gənclərimiz də var. Onlar ilk dəfə səs vermək üçün məntəqəyə gələcəklər. Qürurluyuq, fəxr edirik ki, öz torpağımızda səs veririk. Səhər saat 8:00-da məntəqənin qapıları seçicilərin üzünə açıldı. Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndi. İlk seçicilər bülleten götürərək onlar üçün ayrılmış yerə keçərək istədikləri namizədə səs verdilər. Qeyd edək ki, məntəqədə 900 nəfərə yaxın seçici səs verdi. Dairə Seçki Komissiyasında 6 nəfər deputatlığa namizəd qeydə alınıb. YAP tərəfindən məntəqədə müşahidəçi olan İlqar Quliyev əslən xankəndilidir. 1969-cu ildə bu şəhərdə anadan olub, orta təhsilini şəhər 4 saylı məktəbdə başa vurub. İlqar müəllim deyir ki, fevralın 7-də keçirilən prezident seçkilərində də iştirak edib. Çox qürurlu günlər idi, məntəqəyə gələnlərin ardı-arası kəsilmirdi, hamı Qalib Ali Baş Komandana səs vermək üçün növbəyə düzülmüşdü. Parlament seçkiləri də seçicilərin fəallığı şəraitində keçdi, heç bir qanun pozuntusu qeydə alınmadı. Seçicilər sərbəst şəkildə öz istədikləri namizədə səs verdilər. Seçici İmran Bayramov bülleteni qutuya salandan sonra bildirdi ki, istədiyim namizədə səs verdim. Xankəndidə səs verdiyim üçün iftixar hissi keçirdim. Xeyli vaxtdır ki, Xankəndidə işləyirəm. Parlament seçkilərinin Xankəndidə keçirilməsi tarixi hadisədir. Qeyd edək ki, İmran seçki məntəqəsinə anası ilə birlikdə gəlmişdi. Tükəzban Bayramova dedi ki, səs verdiyim namizədin xankəndililər üçün layiqli olacağına ürəkdən inanıram. Oğlumun yanına gəlmişdim, vətəndaşlıq borcumu yerinə yetirmək üçün seçki məntəqəsinə gəldim. Seçki yüksək səviyyədə təşkil olunub, hər bir seçici diqqət və qayğı ilə əhatə olunub. Başqa bir seçici Rüfət Həsənovla səs verdikdən sonra tanış olduq. Rüfət bildirdi ki, səsvermədə iştirak etdiyim üçün qürur hissi keçirirəm. Hazırda Xankəndidə aparılan bərpa-quruculuqda iştirak edirəm. Fəxr edirəm ki, bu tarixi şəhərimizdə mənim də əl izim yaşayacaq. Seçki bülletenini alıb arakəsmənin arxasına keçən Ədibə Quliyeva səs verdikdən sonra bildirdi ki, Xankəndidə işləyirəm, çox fərəhli günlər yaşayırıq. Ən layiqli namizədə səs verdim. Xankəndi çox füsunkar və gözəldir, havası da, suyu da, insanları da ürəyəyatımlıdır. Vətəndaş borcumu yerinə yetirdiyim üçün sevinirəm, səsvermə üçün məntəqədə hər cür şərait yaradılıb. Axşam saat yeddiyə kimi, demək olar ki, seçicilərin böyük əksəriyyəti öz mövqeyini və iradəsini nümayiş etdirdi. Səsvermə 14 saylı məntəqədə uğurla başa çatdırıldı. Xankəndidə yaşayan Nəzakət Hüseynova deyir ki, qarabağlılar, ümumilikdə işğaldan azad olunmuş ərazilərə köçən digər sakinlər üçün növbəti tarix yazılır. Artıq doğma torpaqlarımızda barıt qoxusu yoxdur. İndi Qarabağda güllə səsi deyil, seçkilərə çağırış sədaları eşidirik. Belə hadisələr bizim üçün böyük əhəmiyyət daşıyır. Bundan gözəl heç nə ola bilməz. İşğaldan azad olunmuş ərazilərdə təşkil olunan istənilən tədbirin xalqımız üçün böyük əhəmiyyəti var. Çünki biz bu günləri uzun illər gözləmişik. Tarixi və əzəli torpaqlarımızda - Qarabağda, Hadrutda, Şuşada, Xankəndidə gəzməyi ancaq xəyal edirdik. İndi isə nəinki qurub yaradır, bu şəhərlərdə ictimai tədbirlərə qatılırıq. Mən hazırda Xankəndidə yaşasam da, Hadrutdanam. Bizim üçün Azərbaycanın hər bölgəsi, hər bir qarışı doğmadır. Amma indiki halda Xankəndiyə, Laçına və digər azad olunmuş ərazilərə qayıdış keçmiş məcburi köçkünlərdə inanılmaz hisslər yaşadır. Deputatlarımızı azad olunmuş ərazilərdə də seçə bilməyimiz isə yerli sakinlər üçün ayrıca tarixi hadisədir.
Şuşa
124 saylı Şuşa-Ağdam-Xocavənd Seçki Dairəsinin 47 saylı seçki məntəqəsi yeni yaranıb, şuşalılar ilk dəfə gəlib burada səs verdilər. Yeni yaradılan bu məntəqədə seçki fəallığı çox yüksək oldu. 47 saylı seçki məntəqəsinin sədri Eldar Salahov deyir ki, şuşalılar hər zaman seçkidə fəal iştirak ediblər. Burada ilk dəfə səs verəcək gənclərimiz oldu, yaşlılarımız səs verdilər. Allah Ali Baş Komandanımız İlham Əliyevə cansağlığı versin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin ki, biz bu gün Şuşadayıq, doğma torpaqlarımızdayıq. Qeyd edək ki, yeni yaradılan 47 saylı məntəqədə 899 seçici qeydə alınıb və onların böyük əksəriyyəti səsvermədə iştirak etdilər. Şuşa sakini Günay Kərimova bildirdi ki, parlament seçkilərində ilk dəfə öz doğma şəhərimdə səs vermək çox qürurvericidir. Əvvəllər məcburi köçkün olaraq Bakı şəhərində yaşamışam. Uzun illər doğma torpağımızdan uzaqda, Vətən həsrəti ilə yaşamışıq. Həmişə bütün seçkilərdə, o cümlədən parlament seçkilərində Bakıda yaradılan seçki məntəqəsində səs vermişik. Allaha şükürlər olsun ki, artıq bu həsrət sona çatıb, öz doğma torpaqlarımıza qayıtmışıq. Qürur hissi keçiririk, çünki artıq öz torpaqlarımızda, Şuşa şəhərindəyik və ilk dəfə olaraq Şuşada səs verdim. Bu, bizim üçün, dövlətimiz üçün çox fəxrli və tarixi bir hadisədir. Məntəqədə müşahidəçilər səsvermənin gedişini izlədilər. YAP-dan müşahidəçi Camal Mikayılov bildirdi ki, səsvermə mütəşəkkil keçdi, seçici fəallığı yüksək oldu, heç bir qanun pozuntusu qeydə alınmadı. Biz məntəqədə seçkinin gedişini izləyərkən MDB-dən olan müşahidəçilərlə görüşüb onların fikirlərini öyrəndik. Müşahidəçi Maksim Leskov bildirdi ki, səsvermə çox şəffaf keçirildi, seçicilər sərbəst şəkildə səs verdilər. Fəallıq yüksək oldu. Elə bir qanun pozuntusu ilə rastlaşmadıq. Sonra seçici Tofiq Rəhimovla tanış olduq. Tofiq Şuşada doğulub, boya başa çatıb, 30 ilə yaxın köçkün həyatı yaşayıb. 2021-ci ilin oktyabrında Şuşaya qayıdıb və "Aztelekom" MMC-nin Şuşa filialında çalışır. Tofiq dedi ki, Prezident seçkisində də iştirak etdim və çox qürur keçirdim. Şuşa mənim üçün çox əzizdir. Bizə bu xoşbəxtliyi yaşadan Prezident cənab İlham Əliyevə minnətdarıq. Allah şəhidlərə rəhmət eləsin, qazilərə cansağlığı arzulayıram. Ən layiqli namizədə səs verdim. Şuşa çox möhtəşəm şəkildə bərpa edilir və bu bizi sevindirir. Qeyd edək ki, səsvermə 47 saylı məntəqədə uğurla başa çatdırıldı.
Xocalı
Xocalı yaraşıqlı bir şəhərə çevrilir, bu qədim torpaq öz tarixinin yeni bir mərhələsini yaşayır. Artıq Böyük Qayıdış proqramına əsasən, Xocalıya 44 ailə, yəni 169 sakin qayıdıb. Onlar üçün hər cür şəraiti olan, müasir evlər inşa olunub, şəhərdə quruculuq davam edir. Şəhər 1 saylı orta məktəbin binasında yerləşən 73 saylı məntəqəyə gələndə günorta saatları idi. Buna baxmayaraq, məntəqədə xeyli seçici var idi. 118 saylı Ağdam-Xocalı Seçki Dairəsinin 73 saylı məntəqəsinin sədri Ceyhun Əbdilov dedi ki, məntəqəmiz yeni yaradılıb, ilk dəfə seçicilərimiz burada səs verdilər. Tarixi Qayıdışdan sonra bura səs verəcəyimiz ilk məntəqədir. Bu il keçiriləcək parlament seçkiləri ilə bağlı yaradılıb. Xocalıya köçürülən ailələr bu məntəqədə səs verdilər. 125 seçicinin böyük əksəriyyəti öz mövqeyini bildirib. Seçicilərdən üç nəfəri gəncdir və ilk dəfə səsvermə hüququndan istifadə etdilər. İki nəfər də yaşlı seçicimiz 32 ildən sonra öz doğma torpaqlarında səs verdi. 32 ildən sonra öz doğma torpaqlarında səs vermək sevindiricidir. Bu səbəbdən Ali Baş Komandana, şəhidlərə, qazilərimizə, hərbçilərimizə təşəkkür edirik ki, bu gözəl hissi bizə yaşadıblar. Məntəqədə seçkinin gedişini izləyən müşahidəçi Məhər Əzizov YAP-ı təmsil edirdi. Seçkinin gedişi haqqında məlumat verərək bildirdi ki, səsvermə mütəşəkkil və yüksək əhvali-ruhiyyə ilə keçirildi. Seçicilər azad şəkildə öz namizədlərinə səs verdilər. Qanun pozuntusu qeydə alınmadı. Bitərəf müşahidəçi Taleh Əzimzadə Xocalıdandır. Seçkini izləmək üçün könüllü müşahidə apardığını bildirərək dedi ki, seçicilər üçün burada hər cür şərait yaradılıb. Səsvermə yaxşı keçdi, elə bir pozuntu qeydə alınmadı.
Lənkəran
Lənkəran rayonunun ərazisində 76 saylı Lənkəran-Masallı, 77 saylı Lənkəran şəhər və 78 saylı Lənkəran Kənd Seçki Dairələri fəaliyyət göstərir. Rayonda 132 seçki məntəqəsində 139166 nəfər seçicinin azad, sərbəst şəkildə səs verməsi üçün hər cür şərait yaradılıb.
Havzava kəndi dağların ətəyində yerləşir. Füsunkar təbiəti, səfalı mənzərələri ilə göz oxşayır. Kənddə 78 saylı Lənkəran Kənd Seçki Dairəsinin 44 və 45 saylı seçki məntəqələrində işgüzarlıq, seçici fəallığı hiss olunur. 44 saylı məntəqədə 1091 nəfər, 45 saylı məntəqədə isə 440 nəfər seçicinin şəffaf, demokratik şəraitdə səs verməsi təmin olunub.
Səhər saat 8-də kənd sakinlərindən Şahin Səfərov və Əmrah Hüseynov 44 saylı məntəqəyə gələrək ilkin səs veriblər. Müşahidəçilərdən Elnur Mənsimov, Sarvan Nəzərov seçkilərin demokratik qaydada keçdiyini, seçicilərin istədikləri namizədə sərbəst şəkildə səs verdiklərini bildirirlər. Seçicilərdən Sevdim Malıyev, Orucəli Yüzbaşıyev, Çıraq Hüseynov, Xamməd Şiriyev öz Konstitusiya hüquqlarından istifadə edərək səsvermədə iştirak edirlər. Havzava kənd tam orta məktəbinin müəllimi, tədqiqatçı-tarixçi İldırım Şükürzadə seçkilərin ədalətli şəkildə keçirildiyini vurğulayaraq deyir:
- Milli Məclisə növbədənkənar seçkilər ölkəmizin ictimai-siyasi həyatında və parlament tarixində mühüm hadisədir. Çünki bu parlament seçkiləri ilk dəfə olaraq suveren Azərbaycanın bütün ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda keçirilir. Əminəm ki, yeni seçiləcək parlament xalqımızın arzu və istəklərini, ümidlərini doğruldacaq və müstəqil Azərbaycanın dinamik inkişafına, tərəqqisinə öz layiqli töhfələrini verəcəkdir.
77 saylı Lənkəran Şəhər Seçki Dairəsinin 35 saylı məntəqəsi Daşdalığjar kənd əsas məktəbinin binasında yerləşir. Məntəqədə seçici fəallığının şahidi oluruq. Seçicilər növbə ilə qeydiyyat stoluna yaxınlaşır, bülleten götürüb səsvermə kabinəsinə daxil olurlar. Kəndin 86 yaşlı qocaman sakini Hacırza Qəhrəmanov seçki prosesinin obyektiv, ədalətli keçməsindən razılığını ifadə edir.
Səhər saatlarından başlayaraq Lənkəran şəhərində də əsl canlanma hiss olunur. Lənkəran şəhər S.Kazımbəyov adına 6 nömrəli məktəb-liseyin binasında yerləşən 22 saylı seçki məntəqəsində seçki mühitinin yüksək səviyyədə olduğu nəzərə çarpır. Məntəqənin sədri, respublikanın tanınmış, nüfuzlu təhsil işçilərindən olan Əməkdar müəllim Akif Xalıqov səsvermənin gedişi barədə məlumat verərək deyir:
- Seçkilərə hazırlıq dövründə məntəqədə bir sıra təmir işləri görülüb. Məntəqədə 1304 nəfər seçicinin Seçki Məcəlləsinin tələblərinə uyğun səsverməsi üçün lazımi şərait yaradılıb. Seçki komissiyasının üzvlərindən Gülarə İsmayılova, Çingiz Əliyev, Cəlalə Aslanova, İlham Əhmədov, İlhamə Mirzəyeva treninqlərdə fəal iştirak edərək peşəkarlıqlarını artırıblar. Seçki prosesinin normal şəkildə keçirilməsində onların əməyi çoxdur.
Lənkəran şəhərinin qabaqcıl müəllimlərindən olan İradə Məmmədova qeydiyyat stoluna yaxınlaşır. Şəxsiyyət vəsiqəsini təqdim edərək seçki bülletenini götürür. Səsvermədən sonra növbədənkənar parlament seçkiləri ilə bağlı fikirlərini bizimlə bölüşür: "Seçkilərə böyük sevinclə, fəxarətlə gəlmişik. Bizə bu sevinci, gözəl ovqatı bəxş edən ölkəmizin qalib lideri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Parlament seçkilərində ilk dəfə olaraq qalib ölkənin vətəndaşı kimi fəxrlə iştirak edirik. Seçkilər demokratik qaydada keçirilir, heç kəsə təzyiq, təsir göstərilmir. Hər bir seçici tanıdığı, inandığı namizədə səs verir".
Müşahidəçilərdən Vəfa Rəhimova və Sevda Cəfərova seçkilərin gedişində heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirirlər.
Seçki məntəqəsinin həyətində Sosioloji Tədqiqatlar Mərkəzi tərəfindən “exit-poll” keçirilir, müşahidəçi Lamiyə Məmmədova qeydiyyat aparırdı.
77 saylı Lənkəran Şəhər Seçki Dairəsindən aldığımız məlumata görə, saat 12-yə kimi seçicilərin 20,4 faizi məntəqələrə gələrək səsvermədə iştirak edib. Dairənin 1, 5, 16, 19 saylı məntəqələrində seçici fəallığı daha yüksəkdir.
Masallı
Rayonun ərazisində 4 seçki dairəsi üzrə 30 namizəd deputat mandatı uğrunda mübarizə aparıb. Göründüyü kimi, rəqabət kifayət qədər böyük olub.
Masallı həm də seçicilərin sayına görə respublikamızda öncül rayonlar sırasındadır. Rayonun ərazisində 73 saylı Masallı-Cəlilabad, 74 saylı Masallı, 75 saylı Yardımlı-Masallı, 76 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyalarına daxil olan 124 seçki məntəqəsi fəaliyyət göstərib. Məntəqələrin 19-da veb-kamera qurulub. Seçicilərin ümumi sayı 116501 nəfərdir.
73 saylı Masallı-Cəlilabad Seçki Dairəsində qaynar mühit, işgüzarlıq hökm sürüb. Zəngin seçki təcrübəsinə malik, nüfuzlu ziyalı kimi tanınan İlkin Hüseynov 10 ilə yaxındır ki, dairəyə rəhbərlik edir. Milli Məclisə keçirilən növbədənkənar seçkilərin ən yeni tariximizin əlamətdar ictimai-siyasi hadisəsi kimi dəyərləndirərək deyir:
- Rayonumuzun ərazisində fəaliyyət göstərən 40 məntəqədə 42109 nəfər seçicinin azad, aşkarlıq mühitində, sərbəst şəkildə səsverməsi üçün hər cür şərait yaradılıb. 13 məntəqədə seçkilərin gedişi internet vasitəsilə izlənilir.
Milli Məclisin üzvü seçilmək üçün dairədə qeydə alınmış 10 namizəd mübarizə aparır: Dairə üzrə 897 nəfər yerli və xarici müşahidəçi qeydə alınıb və seçkilərin gedişini izləmək imkanına malikdir.
3 saylı seçki məntəqəsi Vətən müharibəsi qəhrəmanı İntiqam Əsgərov adına Masallı şəhər 3 nömrəli tam orta məktəbin binasında yerləşir. Məntəqənin sədri Fəxrəddin Talıbzadə seçki sahəsində qabaqcıl təcrübəyə malikdir. 12 ildir ki, bu məntəqəyə rəhbərlik edir.
Səsvermə prosesi Seçki Məcəlləsinin tələblərinə və müvafiq təlimatlara uyğun aparılıb. Fəxrəddin müəllim bildirir ki, məntəqədə 1216 nəfər səs verəcək. 3 gənc seçkilərdə ilk dəfə iştirak edəcək. Onlardan biri - 18 yaşlı Dərya Hüseynov içəri daxil olanda məntəqə sədri onu təbrik edir, həyat yollarında uğurlar arzulayır. Dərya Hüseynov arzu və düşüncələrini belə ifadə edir: "Sevinc hissi keçirirəm. Bu gün səsimi milyonların səsinə qatıb parlamentin yeni tərkibinin seçilməsində iştirak edirəm. Ölkəmizin inkişafına, xalqımızın rifahına, parlaq gələcəyə səs verirəm".
Rayonun seçki məntəqələrində səsvermə uğurla davam edir. 73 saylı Masallı-Cəlilabad Seçki Dairəsindən bildirdilər ki, günün birinci yarısına kimi seçici fəallığı 25,89 faiz olmuşdur. Bu göstərici 11, 31 və 32 saylı məntəqələrdə daha yüksəkdir.
Əsgəran
Yurdumuzun qədim guşələrindən olan, öz divarlarında tarixin izini yaşadan Əsgəran qalasını keçib qəsəbəyə daxil olduq. Qeyd edək ki, bu qəsəbədə yaşayan azərbaycanlılar uzun illər məcburi köçkün həyatı yaşayıblar. Hazırda dövlət tərəfindən qəsəbədə əsaslı şəkildə bərpa-quruculuq aparılır və yaxın vaxtlarda əsgəranlılar öz evlərinə qayıdacaqlar. 118 saylı Ağdam-Xocalı Dairə Seçki Komissiyasının 72 saylı məntəqəsi qəsəbədəki orta məktəbin binasında yerləşir. Məntəqənin sədri Əliniyaz Nəcəfov bildirdi ki, 347 nəfər seçicinin böyük əksəriyyəti səsvermə hüququndan istifadə edib. Müşahidəçilərin izlədiyi seçkidə seçicilər öz səsvermə hüququndan istifadə etdilər. Seçici Məmmədalı Əsədov səs verdikdən sonra bildirdi ki, azad edilmiş torpaqlarda səs vermək çox qürurlu və sevindiricidir. Qəhrəman ordumuza, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk ki, bizim yurd həsrətimizə son qoydu. İstədiyim namizədə səs verdim, səsvermə çox yüksək təşkil olunub. Qeyd edək ki, səsvermə 72 saylı məntəqədə seçici fəallığı ilə başa çatdı.
Gəncə şəhəri ərazisinin Azərbaycan Dövlət Aqrar Universitetinin tələbə şəhərciyində fəaliyyət göstərən 123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasında çox ciddi hazırlıq görülmüşdür. Dairə sədri Adil Murtuzayevin verdiyi məlumata əsasən, respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 65 məntəqədən 55 283 nəfər seçici öz iradəsini ifadə edir. Dairə üzrə ilk dəfə səs verən gənclərdə yüksək fəallıq müşahidə olunur. 80-100 yaşlı nəslin nümayəndəsi 13 46 nəfərdir, 100 yaşdan yuxarı 7 nəfərdən ibarətdir ki, onların da səsvermələri tam təmin olunmuşdur. Ənənələrinə sadiq qalan kəlbəcərlilər bu dəfə də səsverməyə tezdən gəlir, yüksək fəallıq göstərirlər. Seçicilərin 53 faizi qadın, 47 faizi kişidir. Seçki prosesini 76 nəfər müşahidəçi izləyir. Dairə sədri sonda qeyd etdi ki, ənənələrinə sadiq qalan kəlbəcərlilər bu dəfə də azad, demokratik və şəffaflıqla təmin olunan bu kampaniyada yüksək fəallıq göstərib, mütəşəkkilliklə öz iradələrini nümayiş etdiriblər.
Kəlbəcər
Kəlbəcər ziyalısı Məhiyəddin Abdurəhmanov qürurla bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə bütün işğal olunmuş ərazilərimizdə böyük mütəşəkkilliklə Prezident seçkiləri keçirildi və indi də növbədənkənar parlament seçkiləri keçirilir. Gördüyünüz kimi, biz kəlbəcərlilər üçün bu qürurvericidir, sevincli anlardır. Vətəndaşlarımız məntəqələrə gələrək heç bir müdaxilə olmadan, sərbəst şəkildə öz namizədinə səs verirlər. Belə sonsuz sevinc yaratdığına və öz torpaqlarımıza qayıtdığımıza görə ölkə Prezidenti cənab İlham Əliyevə ömürlük borcluyuq və minnətdarıq.
Abşeron
Abşeron rayonunda da digər bölgələrdə olduğu kimi, vətəndaşların rahat, şəffaf və demokratik şəkildə səs vermələri üçün bütün şərait yaradılıb. 48 sayli Abşeron birinci seçki dairəsinin sədri Dilşad Abbasova bildirib ki, parlament seçkilərində dairə üzrə 38 məntəqə fəaliyyət göstərib. Məntəqələr MSK tərəfindən bütün vasitələrlə təmin edilib. Onlardan 5-i veb-kamera ilə təchiz olunub. Seçicilərin sayı 50351 nəfər olub. 17502 seçici səs verib. Dairə üzrə 6 namizəd deputat mandatı uğrunda mübarizə aparıb. Heç bir məntəqədən qayda pozuntusu ilə bağlı sikayət daxil olmayıb.
48 saylı Abşeron birinci seçki dairəsinin 33 saylı məntəqəsində səsvermə prosesini müşahidə edən Yeni Azərbaycan Partiyasının nümayəndəsi Vüsalə Məlikova fikirlərini bizimlə bölüşdü: "Məntəqə üzrə 1334 seçici qeydiyyata alınıb. Seçki sərbəst, şəffaf formada keçirilir. Vətəndaşlar növbəli şəkildə səsvermədə iştirak edirlər. Deyə bilərəm ki, seçici aktivliyi normal səviyyədədir".
47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsinin sədri İlqar Allahverdiyev deyib: "Dairə üzrə 46 seçki məntəqəsindən 5-i qapalı tipli məntəqədir. Ümumi seçici sayı 52367 nəfər olub. Seçkidə 20162 nəfər iştirak edib ki, bu da 38,51 faiz təşkil edir. Ən yaşlı seçicinin 98 yaşı var. Daşınan qutudan 45 nəfər istifadə edib. Qayda pozuntusu qeydə alınmayıb.
48 saylı Abşeron birinci seçki dairəsinin 33 saylı məntəqəsində səsvermə prosesini müşahidə edən Vüsalə Məlikova qeyd edib ki, parlament seçkiləri ilk dəfədir ki, ərazi bütövlüyü və suverenliyini tam təmin etmiş Azərbaycanda keçirilir və bu, bizi qürurlandırır.
Xırdalan şəhər sakini, gənc seçici Səbinə Rəfiyeva bildirib ki, seçkilərdə iştirak etməyi özümə borc bildim. Artıq ikinci dəfədir ki, müasir Azərbaycanda tarixi günlərə şahidlik edirik. Respublikamızın torpaqları işğaldan azad edilib, suverenliyimiz tam bərpa olunub. Sevincli və qürurluyam ki, Azərbaycan gənci olaraq yeni formalaşacaq parlament seçkilərində iştirak etdim.
Laçın
Ağcabədi rayonu ərazisindəki Taxtakörpüdə yerləşən 121 saylı Laçın Dairə Seçki Komissiyasının sədri Hüseyn Səfərov bildirib ki, Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərlə bağlı işğaldan azad olunan Laçında seçicilərin səs verməsi üçün 6 məntəqə fəaliyyət göstərib. Laçın sakinləri yüksək əhvali-ruhiyə ilə səhər saatlarından başlayaraq məntəqələrə üz tutublar və doğma yurdda səs veriblər.
Seçki prosesinin tam şəffaf və demokratik şəraitdə keçməsi üçün Laçında bütün seçki məntəqələri lazımi texniki vasitə və metodiki vəsaitlərlə, yanğın təhlükəsizliyi, fasiləsiz rabitə və elektrik enerjisi ilə təchiz olunub. Qeyd edək ki,121 saylı Laçın seçki dairəsində növbədənkənar Milli Məclisə seçkilər 110 məntəqədə keçirilib. Bunlardan 6 seçki məntəqəsi işğaldan azad olunan Laçında yerləşir. 105 və 106 saylı seçki məntəqəsi Laçın şəhər mərkəzində, 107 saylı seçki məntəqəsi Zerti kəndində, 108 saylı seçki məntəqəsi Zabux kəndində, 109 saylı seçki məntəqəsi Qorçu kəndində, yeni yaradılan 110 saylı seçki məntəqəsi isə Sus kəndindədir. Bütün seçki məntəqələrində seçkilər demokratik, şəffaf və ədaləti keçirilib, qanun pozuntusu qeydə alınmayıb. Seçki uğurla başa çatdırılıb.
Astara
Rayonun ərazisində 79 saylı Astara Seçki Dairəsi üzrə 50, 80 saylı Lerik-Astara Seçki Dairəsi üzrə isə 19 seçki məntəqəsi fəaliyyət göstərir.
Astaralılar növbəti beş ildə sabitliyə, əmin-amanlığa, davamlı inkişafa, xalqın rifahının daha da yaxşılaşmasına töhfələr verə bilən bacarıqlı, layiqli namizədlərə səs vermək üçün məntəqələrə gəlirdilər. Seçici fəallığı dərhal hiss olunurdu.
Rayonda seçicilərin sayına görə Ərçivan qəsəbəsi daha çox fərqlənir. Qəsəbədə 4 seçki məntəqəsi vardır. Qəsəbənin 32 saylı məntəqəsində seçici fəallığı diqqəti cəlb edirdi. Rayonun qabaqcıl təhsil işçilərindən biri, Yalçın Nəsirov adına Sərək kənd tam orta məktəbinin direktoru Nuranə Həmidova ilə məntəqədə söhbət etdik. Nuranə xanım söhbət zamanı dedi:
- Parlament seçkiləri uzun fasilədən sonra ilk dəfə suveren Azərbaycanın bütün ərazisində keçirilir. İnsanların fəal, mütəşəkkil qaydada seçkilərə qatılması, səsvermədə azad, sərbəst şəkildə iştirakı seçkilərə inamın bariz nümunəsidir. Demokratik şəraitdə keçirilən seçki prosesində seçicilər öz siyasi iradəsini və seçki mədəniyyətini əyani nümayiş etdirirlər.
Astara şəhər 3 saylı seçki məntəqəsində səs verən şəhər sakini Yeganə Əmirova qeyd etdi ki, azad, ədalətli seçkilər üçün normal şərait yaradılıb. Seçicilər düzgün seçim edərək tanıdıqları namizədə səs verir, onun Milli Məclisdə seçiciləri ləyaqətlə təmsil edəcəyinə inanırlar.
Digər şəhər sakini Kəmalə Səlimzadə səsvermənin gedişindən razılığını ifadə edərək dedi: "Milli Məclis qanunverici orqan olduğu üçün seçimimizi düzgün aparmalıyıq. Müasir biliklərə yiyələnmiş savadlı, bacarıqlı, fəal namizədlərə səs vermək lazımdır. İnanıram ki, dəstəklədiyim namizəd seçiləcəksə doğma Astaramızı Milli Məclisdə layiqincə təmsil edəcək, fəal deputatlardan biri olacaqdır".
Kijəbə qəsəbə sakini Vüqar Nəcəfov seçkilərdə iştirakının sevincini bu cür bölüşdü: "Səs verdiyim 9 saylı məntəqədə səsvermə prosesi seçki qanunlarına uyğun qurulub. Hər bir seçici üçün seçimini etməyə yüksək şərait yaradılıb. Ölkəmizin, o cümlədən rayonumuzun inkişafı, tərəqqisi ilə bağlı mühüm qərarların qəbul olunmasında fəallıq göstərə bilən şəxsə səs verdim. Azad, müstəqil, demokratik Azərbaycanda yaşamağımdan məmnunluq, qürur duyuram".
Astara şəhər 2 saylı seçki məntəqəsində Elməddin Quliyev seçkilərin beynəlxalq standartlara uyğun keçirildiyini bildirdi.
79 və 80 saylı Seçki dairələrinə aid məntəqələrdə seçkilərin şəffaf, ədalətli və obyektiv keçirildiyini həm müxalifət, həm də qeyri-hökumət təşkilatlarının nümayəndələri də etiraf etdilər. Bildirdilər ki, heç bir qanunsuzluq halları ilə rastlaşmayıblar, seçkilər mövcud qanunvericiliyə uyğun keçirilib.
Lerik
Seçki günü Lerik şəhərində, kəndlərdə qələbəlik, canlanma hökm sürürdü. 80 saylı Lerik-Astara Seçki Dairəsinin rayonun ərazisində yerləşən 108 seçki məntəqəsi səhər saat 8-dən qapılarını seçicilərin üzünə açmışdı. Məntəqələrdə 32 215 seçicinin səsverməsi üçün hər cür şərait yaradılmışdı.
80 saylı Lerik-Astara Seçki Dairəsinin sədri Firdovsi Fazilov dairə üzrə 127 seçki məntəqəsinin fəaliyyət göstərdiyini, seçki prosesinin mövcud qanunvericiliyin, Seçki Məcəlləsinin tələblərinə tam uyğun olaraq həyata keçirildiyini, Lerik şəhərindəki 1, 2, 3 saylı, Şingədulan kəndində 20 saylı, Piran kəndində 74 saylı, Astaranın Kakalos kəndində 113 saylı və Siyakü kəndində 123 saylı məntəqələrdə internet vasitəsilə seçkilərin gedişinin izlənildiyini diqqətə çatdırdı. Dairə üzrə ən yaşlı seçici yaşı 100-ü haqlamış Astara rayonunun Pensər kənd sakini İzzət Məmmədsəfa oğlu Nemətov və rayonun Hamoşam kənd sakini 99 yaşlı Sərfi Murad qızı Cəbiyevadır. Firdovsi müəllim daha bir maraqlı məqama toxundu. Seçki günü 6 nəfər gəncin 18 yaşı tamam olur: Lerik şəhər sakini Arzu Xosrofova, Durğan kənd sakini Ramin Həsənzadə, Mulalan kənd sakini Simarə Əlizadə, Kirəvud kənd sakini Gülbahar Kərimova, Astaranın Vaqo kənd sakini Elvar Mirzəyev və Asxanakəran kənd sakini Aybəniz Əlizadə. Mərkəzi Seçki Komissiyası tərəfindən bu gənclərə təbrik bukleti göndərilib.
Seçicilər öz seçimlərini etmək üçün axın-axın məntəqələrə gəlirdilər. 1 nömrəli seçki məntəqəsi Rövşən Abdullayev adına Lerik rayon mədəniyyət mərkəzində yerləşir. Məntəqənin sədri Bəylər Salmanov ənənəyə uyğun olaraq səhər saat 8-də ağsaqqalların məntəqəyə gələrək seçki prosesinə xeyir-dua verdiyini söylədi.
Lerik rayon veteranlar şurasının sədri, tanınmış, nüfuzlu ağsaqqal Hidayət Bəşirov növbədənkənar parlament seçkiləri barədə fikirlərini bizimlə bölüşdü:
- Xalqımız çox xoşbəxtdir. Müstəqil, suveren dövlətimiz var. Müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edilib, ölkəmizin suverenliyi, ərazi bütövlüyü tam bərpa edilib. Üçrəngli, müqəddəs bayrağımız Qarabağ, Şərqi Zəngəzur səmasında əzəmətlə dalğalanır. 30 ilə yaxın torpaq həsrəti ilə yaşamış soydaşlarımız ata-baba yurdlarına qayıdırlar. Parlament seçkiləri müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirilir. Bir ağsaqqal kimi arzu edirəm ki, tezliklə Ermənistanla sülh sazişi imzalansın. Xalqımıza əbədi sevinc, qələbə yaraşır.
3 saylı məntəqə Lerik şəhər 2 nömrəli tam orta məktəbin binasında yerləşir. Səhər saat 8-də 73 yaşlı ağsaqqal Kamal Əliyev məntəqəyə gələrək birinci səs verib, seçkilərin gedişinə xoş arzularını çatdırıb. Məntəqənin sədri Elnur Əliyev seçici fəallığının normal olduğunu, saat 12-yə kimi 138 nəfərin səsvermədə iştirak etdiyini bildirdi.
Lerik şəhər 1, 2, 3 saylı, Şingədulan kənd 20 saylı, Durğan kənd 24 saylı, Mulalan kənd 26 saylı, Asxanakəran kənd 125 saylı seçki məntəqələrində də seçici fəallığı kifayət qədər yüksək idi.
Göygöl
Göygöl şəhərində də məntəqələrdə səsvermə mütəşəkkil, şəffaf və demokratik, əsl bayram əhvali-ruhiyyəsi ilə keçməsi müşahidə olunurdu. 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər Seçki Dairəsinin sədri İftixar Hüseynov bildirdi ki, Qalib dövlətimiz və Qalib xalqımız bütöv ölkəmizin ictimai-siyasi həyatında mühüm bir tarixi hadisə olan növbədənkənar parlament seçkilərinin keçirilməsində fəallıq göstərirlər. Artıq ölkəmizdə seçkilərin keyfiyyəti ildən-ilə artırılaraq, müasir standartlara uyğunlaşdırılmış, ədalətli, şəffaf və demokratik seçkinin təminatı üçün bütün mövcud şərait yaradılmışdır. Bu günə qədər heç bir müdaxilə olmadan 8 nəfərin namizədliyi qeydə alınıb. Gündəlik seçki siyahıları dəqiqləşdirilib. 51 991 seçici mövcuddur. 98 məntəqə fəaliyyət göstərir. Bunlardan 4 nəfəri 100 yaşdan yuxarı vətəndaşlardır. Seçkinin keyfiyyətini və şəffaflığını artırmaq məqsədilə 7 ədəd veb-kamera quraşdırılmış, fasiləsiz elektrik enerjisi, su təchizatı, zəruri avadanlıqlarla və texniki vasitələrlə yüksək səviyyədə təmin olunmuşdur. 1, 2, 4, 5, 6 məntəqələrdə sıxlıq müşahidə olunurdu. Seçicilərin 52 faizi qadın, 48 faizi kişidir.
Goranboy
96 saylı Goranboy-Naftalan Seçki Dairəsində olduq. Seçki Dairəsinin sədri Arif Abbasov bildirdi ki, ümumiyyətlə respublikamızda seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılıb. İlk növbədə, seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsinə təminat verən mükəmməl qanunvericilik bazası vardır. Seçkinin keyfiyyətini və şəffaflığını artırmaq məqsədilə 10 məntəqədə veb-kamera quraşdırılmış, fasiləsiz elektrik enerjisi, su təchizatı, zəruri avadanlıqlarla yüksək səviyyədə təmin olunmuşdur. Dairə üzrə ümumi 63 məntəqədə 57 637 nəfər seçici mövcuddur. Gənc nəslin nümayəndəsi 354, 80-100 yaşlılar 1041, 100 yaşdan yuxarı Rəsulova Mirvari Rəsul qızı öz səsini namizədinə verrmişdir. Bunlardan 46 faiz kişi, 54 faizi isə qadındır. Dairələrin əhatə etdiyi bütün məntəqələrdə yüksək fəallıq müşahidə olunurdu. Qədirbilən goranboylular seçkidə yüksək əhvali-ruhiyyə, mütəşəkkil və səfərbər əzmi ilə öz iradələrini nümayiş etmişlər, heç bir qanun pozuntusu olmamışdır.
Qazax
İlk dəfədir ki, ərazi bütövlüyü və suverenliyi təmin olunmuş ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirilir. Bu baxımdan vətəndaşların böyük ruh yüksəkliyi ilə səhər tezdən başlayaraq məntəqələrə tələsdikləri müşahidə olunurdu. Respublikanın qərb bölgəsində seçkinin keçirilməsini izləmək üçün bölgəyə yollandıq.
Qazax şəhərində 3 saylı tam orta məktəbdə fəaliyyətini davam etdirən Qazax DSK-nın 5 saylı seçki məntəqəsində məntəqə sədri Fəridə Xudiyeva bildirdi ki, seçicilərin sayı 1273 nəfər təşkil edir. Səsvermə hüququna malik olub ilk dəfə səs verənlərin sayı 7 nəfərdir. Burada seçicilərin yaşından asılı olmayaraq ruh yüksəkliyi ilə seçkidə iştirakının şahidi olduq. Bir məqam diqqətimizi cəlb etdi. Qazax şəhər sakini, 1934-cü il təvəllüdlü, 90 yaşlı Məhərrəmova Şərqiyyə Şirin qızı məntəqəyə gələrək sərbəst şəkildə istədiyi namizədə səs verdi. Qoca nənə bildirdi ki, bu seçkilər digərlərindən tamamilə fərqlidir. Çünki torpaqlarımız işğaldan azad olunmuşdur. Sevindirici haldır ki, sağlamlığında problemi olan, məntəqədə qeydiyyata alınmış Alnazarov Qədir Çayçı oğlu, Əfəndiyev Sədi Ələkbər oğlu və Paşayeva Pamira Paşa qızının müraciətləri nəzərə alınaraq yaşadıqları ünvana daşınan seçki qutuları aparılmışdır. 109 saylı Qazax Seçki Komissiyasının sədri Xəyyam Salahovdan aldığımız məlumata görə, saat 17:00-dək 19 688 nəfər seçici səsvermədə iştirak etmişdir. Qeyd etmək lazımdır ki, 109 saylı DSK-da 48 036 nəfər seçici 41 məntəqədə səs verirdi.
Ağstafa
108 saylı Ağstafa DSK-nın sədri Teymurlan Eyyubov bildirdi ki, dairə üzrə 47 532 nəfər 48 məntəqədə səs verirdi. 8 məntəqədə veb-kamera quraşdırılmışdır. Ehtiyac duyulan 6 məntəqədə fiziki qüsurlu insanların səsvermə otağına daxil ola bilməsi üçün panduslar quraşdırılıb. 5 nəfər seçicinin 18 yaşı seçki gününə təsadüf edirdi. Dairə üzrə 7 nəfər namizəd deputat mandatı uğrunda mübarizə aparırdı. Ən yaşlı sakin Kol-Xəlfəli kəndinin sakini, 105 yaşlı Cəfərova Mahu Vəli qızının yaşadığı ünvanına daşınan seçki qutusu aparılmışdır. Dairədən aldığımız məlumata əsasən, saat 17:00-dək 18 003 nəfər səs vermişdir.
Tovuz
105 saylı Tovuz-Gədəbəy DSK-nın sədri Mahir Həsənov qeyd etdi ki, seçicilərin sayı 54 000 nəfər təşkil edir. Səsvermə hüququna malik olanlar 55 məntəqədə sərbəst şəkildə istədikləri namizədə səs verirlər. Seçkilərin şəffaflığını izləmək üçün Tovuz rayonu üzrə 5 ədəd, Gədəbəy rayonu üzrə 3 veb-kamera quraşdırılıb. ATƏT-in 2 nəfər nümayəndəsi və 1 nəfər tərcüməçi məntəqələrdə seçkilərin gedişatı ilə maraqlanmışlar. 8 məntəqədə pandus quraşdırılmışdır. Tovuzun Ağbaşlar kənd sakini, 107 yaşlı Əmiraslanova Nazlının evinə daşınan qutu aparılmışdır. Saat 17:00-a olan məlumata görə, dairə üzrə 19 716 nəfər seçici səsvermədə iştirak etmişdir.
106 saylı Tovuz DSK-nın sədri Azər Hacıyev məlumat verdi ki, seçicilərin sayı 47 433 nəfərdir. Məntəqələrin hər biri tam hazır vəziyyətdədir. Seçicilər 41 məntəqədə istədikləri namizədə səs verdi. 12 məntəqədə seçkilərin gedişini izləmək üçün veb-kamera quraşdırılıb. Tovuzun Cəilli kəndində 1920-ci ildə anadan olmuş Quliyeva Hürü Qəhrəman qızının yaşadığı ünvanda səs verməsi təmin olunmuşdur. 5 məntəqədə panduslar quraşdırılıb. DSK sədrindən aldığımız məlumata görə, saat 17:00-dək 16 103 nəfər səsvermədə iştirak etmişdir.
Şəmkir
102 saylı Şəmkir şəhər DSK-nın sədri Fuad Bədəlov bildirdi ki, dairə üzrə 53 235 nəfər səsvermə hüququna malik olan seçici qeydə alınmışdır. Seçicilər 50 məntəqədə səsvermədə iştirak edirdi. Məntəqələrin hər birində yüksək fəallıq müşahidə olunurdu. 19 seçki məntəqəsi Şəmkir şəhərində, 31-i isə qəsəbə və kəndlərdə qapılarını seçicilərin üzünə açmışdır. Seçkilərin ədalətli, şəffaf keçirilməsini izləmək üçün 16 məntəqədə veb-kamera quraşdırılmışdır. Fiziki qüsurlu insanların səsvermə otağına sərbəst daxil olmaları üçün 8 məntəqədə panduslar quraşdırılmışdır.
Gədəbəy
140 saylı Gədəbəy DSK-nın sədri Xaliq Xudaverdiyevdən aldığımız məlumata görə, 50 seçki məntəqəsində 48 878 nəfər seçici qeydiyyata alınmışdı. Dairə üzrə 9 məntəqədə veb-kamera quraşdırılmışdır. Gədəbəydə də seçici fəallığı müşahidə olunmuşdur. Rayonun Kiçik Qaramurad kənd sakini, 104 yaşlı Quluyeva Bəsdi İsa qızı məntəqəyə gələrək səsvermədə iştirak etmişdir.
Ağdam
Sentyabrın 1-də keçirilən Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər 118 saylı Ağdam-Xocalı seçki dairəsində 73 məntəqədə keçirildi. Məntəqələrin yeddisi işğaldan azad olunmuş ərazilərdə yerləşir. Növbədənkənar parlament seçkiləri ilə bağlı Ağdam və Xocalı rayonlarının hər birində bir yeni məntəqə yaradılıb. Dairə Seçki Komissiyasından bildirilib ki, işğaldan azad olunmuş ərazilərdəki məntəqələrin dördü Ağdam, 3-ü isə Xocalı rayonu ərazisindədir. Belə ki, 48 saylı məntəqə Ağdam şəhəri Konfrans mərkəzində, 49 saylı məntəqə "Azərenerji" ASC-nin binasında, 50 saylı məntəqə Kəngərli kəndində, 51 saylı məntəqə Xıdırlı kəndində, 71 saylı məntəqə Xocalı rayonu Təzəbinə kəndində, 72 saylı məntəqə Əsgəran qəsəbəsində, 73 saylı məntəqə Xocalı şəhərində təşkil edilib. Bu ilin may ayında Xocalıya qayıtmış sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında səs verdilər. Dairənin tərkibinə daxil olan 73 məntəqə üzrə 61 min 474 seçici qeydə alınıb ki, onlardan 463 nəfəri ilk dəfə olaraq seçki hüququndan istifadə edən gənclərdir. Seçicilərin 808 nəfəri 80-100 yaş arasında, 1 seçicinin yaşı isə 100-dən yuxarı olub. Dairə üzrə 8 namizəd deputat mandatı uğrunda mübarizə apardı, seçkinin gedişini müşahidəçilər izlədilər. Ağdam Konqres Mərkəzində yerləşən 57 saylı məntəqə seçki komissiyasının sədri Arzu Rəhimova bildirdi ki, məntəqədə səsvermə prosesi heç bir qanun pozuntusu olmadan və şəffaf şəkildə başa çatıb. Seçki məntəqəsi üzrə qeydə alınan 1414 seçicinin böyük əksəriyyəti səsvermədə iştirak edib. Zəruri texniki vasitə və metodiki vəsaitlə təmin olunan seçki məntəqəsində seçicilərin öz səslərini sərbəst şəkildə vermələri üçün hər cür şərait yaradılıb. Məntəqəyə gələn seçicilərin hər biri səsvermədə böyük ruh yüksəkliyi ilə iştirak etdiyini bildirib. Ağdamda yol tikintisində çalışan Həbib Ağasiyev bildirib ki, bu gün iş yoldaşlarımızla birlikdə böyük ruh yüksəkliyi ilə gəlib səsvermədə iştirak etdik. Azad ərazilərdə işləmək, səs vermək olduqca qürurvericidir. Səsvermənin gedişini izləyən müşahidəçilər Rahibə Süleymanova və Dürriyə Rəhimova seçkilərin seçicilərin fəallığı ilə, demokratik, şəffaf şəraitdə keçdiyini və heç bir qanun pozuntusuna rast gəlmədiklərini bildirdilər. Seçici Ehtiram Məlikov bildirdi ki, Masallı rayonundan Ağdama könüllü işləməyə gəlib. Vətəndaş borcumu yerinə yetirmək üçün seçki məntəqəsinə gələrək səs verdim. Məntəqədə lazımi şərait yaradılıb, sərbəst şəkildə öz mövqeyimi bildirdim. 57 saylı seçki məntəqəsində seçkinin gedişini izləyən Rusiya Federasiyasından gəlmiş müşahidəçilər Aleksey Qusev, Anton Panfilov və Sergey Kalinindən seçki haqqında danışmağı xahiş etdik. Qrupun rəhbəri Aleksey Qusev bildirdi ki, bir neçə saatdır ki, seçkinin gedişini izləyirik, seçici fəallığını müşahidə etdik. Seçicilər sərbəst şəkildə səs verdilər. Qanun pozuntusuna rast gəlmədik. Parlament seçkiləri Qarabağ bölgəsində seçicilərin fəallığı şəklində, mütəşəkkilliklə başa çatdı.
Samux
101 saylı Samux-Şəmkir Seçki Dairəsinin sədri Bayram Qasımovun verdiyi məlumata görə, dairə üzrə 56 seçki məntəqəsində ümumi seçicilərin sayı 54 383 nəfərdir ki, onların 2 646 nəfəri ilk dəfə səs verəndir. 80-100 yaşlı nəslin nümayəndəsi 819 nəfərdir. Şəffaf və demokratik səsvermənin təminatı üçün bütün məntəqələrdə mövcud şərait yaradılmış 9 məntəqəyə veb-kamera quraşdırılmışdır. Seçicilərin 56 faizi qadın, 44 faizi kişidir. Seçki prosesini 314 nəfər müşahidəçi izləyib. Heç bir qanun pozuntusuna rast gəlinməyib. Ümumiyyətlə seçki böyük bayram əhvali-ruhiyyəsi ilə keçirilmişdir.
Yardımlı
75 saylı Yardımlı-Masallı Seçki Dairəsi 89 məntəqəni birləşdirir. Məntəqələrin 69-u Yardımlı, 20-si Masallı rayonunun ərazisində yerləşir. Seçicilərin ümumi sayı 49 476 nəfərdir.
Yardımlı şəhərindəki 1, 2, Şəfəqli kəndində 45, Çayüzü kəndində 39, Avaş kəndində 66 saylı məntəqələrdə veb-kameralar quraşdırılıb. Rayonda ən yaşlı seçici Bozayran kənd sakini 113 yaşlı Gülbəgim Kəlbi qızı Rəhmanovadır. Yardımlı şəhərindəki 1 saylı seçki məntəqəsi rayon mədəniyyət mərkəzinin binasında yerləşir. Məntəqənin sədri Asif Ağayev Seçki Məcəlləsinə və MSK-nın təlimatlarına uyğun seçki prosesinin keçirildiyini diqqətə çatdıraraq deyib:
- Seçkilərin azad, sərbəst, demokratik və şəffaf keçirilməsi üçün hazırlıq işləri yüksək səviyyədə görülüb. Seçicilər Konstitusiya hüquqlarından istifadə edərək məntəqəyə gəlir, sərbəst şəkildə öz seçimlərini edirlər. İxtisasca müəllim olan Gülnarə İsmayılova səsvermədə birinci iştirak edib. Saat 12-yə kimi artıq 300 nəfərdən çox seçici öz vətəndaşlıq borcunu yerinə yetirib.
Rayonun nüfuzlu ağsaqqallarından olan Hacı Himayət Mahmudov növbədənkənar parlament seçkilərinin dövlətimiz və xalqımız üçün çox önəmli olduğunu bildirir. Seçkilərdə fəal iştirak etmək, vətəndaş mövqeyini ifadə etmək hər birimizin borcudur. Qalib ölkənin vətəndaşı kimi seçkilərdə iştirak etmək olduqca qürurvericidir. Hər birimiz güclü, qüdrətli, ölkənin vətəndaşları kimi fəxarətlə seçkilərə gedəcək, parlamentin yeni tərkibinin seçilməsində fəal mövqe nümayiş etdirəcəyik, - deyə fikrini tamamlayır.
Seçicilər adları bülletendə qeyd olunmuş 7 namizədə səs verirlər, - deyə 14 saylı Köryədi seçki məntəqəsinin sədri Qismət İbayev seçkilərin gedişi barədə məlumat verir. Seçkilər azad, ədalətli və şəffaf keçirilir. ATƏT-in müşahidəçiləri də məntəqədə olarkən bu fikri təsdiq ediblər.
75 saylı Yardımlı-Masallı Seçki Dairəsindən aldığımız məlumata görə, Yardımlı şəhər 1, 2 saylı, 39 saylı Çayüzü, 45 saylı Şəfəqli və 66 saylı Avaş kənd seçki məntəqələrində seçici fəallığı daha yüksəkdir. ATƏT-in müşahidəçilərindən Titkova Elizabeta və Hokins David 12 saylı Vəlixanlı, 14 saylı Köryədi, 30 saylı Sırıq, 69 saylı Yeyənkənd, 70 saylı Abasbəyli və 76 saylı Qəriblər kənd seçki məntəqələrində seçkilərin gedişini müşahidə ediblər.
Axşam saatlarında 75 saylı Yardımlı-Masallı Seçki Dairəsindən öyrəndik ki, saat 19-da seçkilər uğurla başa çatıb. Seçicilərin 35,7 faizi məntəqələrə gələrək səsvermədə iştirak ediblər.
Beyləqan
83 saylı Beyləqan Seçki Dairəsinin sədri Zakir Vələşov bildirdi ki, 9 şəhər, 50 kənd məntəqələrində səsvermə uğurla həyata keçirilib. 2 şəhər, 5 kənd məntəqələrində veb-kamera quraşdırılmışdır. 55 166 seçicinin səsvermədə iştirakının təmin edilməsi üçün onların siyahısı hazırlanmış, özləri də məlumatlandırılmışdır. 380 nəfər ilk dəfə səs verəcək seçicimiz var. Yaşı 80-100 arasında olan 2400 seçici haqqında məlumat bir daha dəqiqləşdirilmişdir. 100 yaşdan yuxarı 2 seçicinin və yataq xəstələrinin sağlamlıq vəziyyəti, onların səsvermədə iştirak imkanları öyrənilmiş, müvafiq tədbirlər görülmüşdür. Ümumilikdə 760 nəfər müşahidəçi qeydiyyatdan keçmişdir. 83 saylı Beyləqan Dairə Seçki Komissiyasının sədri Zakir Vələşov seçkilərin mütəşəkkil keçdiyini bildirərək qeyd etdi ki, saat 17:00-a olan məlumata görə, 55 166 seçicidən 20 745 nəfər səsvermədə iştirak edib, bu da 36.16 faiz deməkdir.
Bərdə
99 saylı Bərdə DSK-nın sədri Dilsuz Nəcəfovdan aldığımız məlumata görə, seçicilərin sayı 51 966 nəfər təşkil edir. Məntəqələrin hər birində seçici fəallığı müşahidə olunurdu. Əlil arabasına ehtiyacı olanlar üçün lazım olan məntəqələrə panduslar quraşdırılıb. Seçkilərin demokratik, ədalətli və şəffaflığının təmin olunmasını izləmək üçün 11 məntəqədə veb-kamera quraşdırılmışdı. DSK üzrə 58 məntəqə və 2 qapalı məntəqədə vətəndaşların sərbəst şəkildə səs vermələri təmin olunmuşdur. 104 yaşlı seçici Quliyeva Surəya Kərəm qızı Qaraqoyunlu kəndində, Səfərova Teyyubə Həsən qızı Mirzalıbəyli kəndində, Mustafayeva Tuyğun İmran qızı Mirzəxan-Qaraqoyunlu kəndində yaşadıqları ünvanda növbədənkənar parlament seçkilərinə qatılmışlar. Bunun üçün qeyd olunan ünvanlara daşınan qutular aparılmışdır.
81 saylı İmişli Seçki Dairəsinin 5 saylı seçki məntəqəsində seçki prosesinə məsuliyyətlə yanaşıldığının şahidi olduq. 5 saylı İmişli şəhər seçki məntəqəsinin sədri Abbas Qasımov bildirdi ki, sentyabrın 1-də səhər saat 8-dən seçki məntəqələrinə insan axını başlanmışdır. Bu onu sübut edir ki, xalqımızın siyasi kursa etimadı var. Buna görə də seçicilər seçkidə yüksək əhvali-ruhiyyədə iştirak edirdilər. Siyahıya görə məntəqə üzrə 1398 nəfər seçici var. 12 nəfər gənc ilk dəfə səs verir. Yaşı 80-i ötən 4 nəfər seçicimiz var. 6 nəfər müşahidəçi seçkinin gedişini izləyirdi.
İmişli
81 saylı İmişli Seçki Dairəsinin İmişli şəhərindəki 11 saylı seçki məntəqəsinin sədri Xaliq Səfərov bildirdi ki, növbədənkənar parlament seçkilərinin elan edildiyi vaxtdan bəri bütün lazımi tədbirlər həyata keçirilmiş, məntəqə səsvermə gününə tam hazır vəziyyətə gətirilmişdir. Məntəqədə 1322 nəfər seçici qeydiyyata alınıb. Seçki Məcəlləsinə əsasən, seçkilərə 7 gün qalmış bütün seçicilərə seçki bildirişi çatdırılmışdır. Məntəqədə ən yaşlı seçici 90 yaşındadır. 95 nəfər ilk dəfə səs verməlidir. 08:00-da seçki kampaniyasının səsvermə prosesinə start verilmiş və uğurla davam etdirilmişdir. 11 nəfər yerli müşahidəçi seçkinin gedişini izləyib.
Yevlax
Yevlax şəhərində də vətəndaşlar növbədənkənar parlament seçkilərinə yüksək əhvali-ruhiyyə və fəallıqla başladılar. Öz layiqli namizədinə səs verməyə tələsirdilər. 52 saylı Yevlax Seçki Dairəsində olan 55 məntəqə saat 8-dən öz qapısını seçicilərin üzünə açmışdır. Seçicilər böyük sevinc hissi ilə yüksək şərait yaradılmış məntəqələrə daxil olur, öz iradəsini ifadə edərək, layiqli namizədinə səs verirdilər. İlk dəfə səs verənlərin isə sevincinin həddi-hüdudu yox idi. 52 saylı Yevlax Seçki Dairəsinin sədri Yaşar Abbasov qeyd etdi ki, Yevlax Seçki Dairəsində 55 məntəqə fəaliyyət göstərir ki, burada 55 194 nəfər seçici qeydiyyata alınmışdır. Bunlardan 2 nəfər 100 yaşdan yuxarı olan vətəndaşlardır. Onların içərisində ən yaşlı Növrəstə Məlikovadır ki, onun 104 yaşı var. Onun dediyinə görə, ən layiqli namizədə səs vermişdir. Məntəqələrə baş çəkdik. 2, 4, 5, 6, 13, 24, 25 saylı məntəqələrdə sıxlıq idi. Məntəqə üzvləri yüksək həvəslə və fəallıqla seçicilərə xidmət edir, onların rahat səs vermələri üçün şərait yaradırdılar. Seçicilər azad və ədalətli seçkinin təşkilindən məmnunluq duyur, ölkənin yüksək inkişafı üçün layiqli namizədinə öz səsini verirdilər.
53 saylı Yevlax-Mingəçevir Seçki Dairəsinin sədri İsrayıl Bəkirov bildirdi ki, Azərbaycan bu seçkilərə dayanıqlı və davamlı ictimai-siyasi sabitliyin fonunda gedir. Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirilir. 53 saylı Yevlax-Mingəçevir Seçki Dairəsində fəaliyyət göstərən 52 seçki məntəqəsi mövcuddur. Ümumi seçicilərin sayı 50 505, ilk dəfə səs verən 403 nəfər, yaşlı nəslin nümayəndələri 741 nəfərdir. Seçkinin keyfiyyətini və şəffaflığını artırmaq məqsədilə 7 ədəd veb-kamera quraşdırılmış, fasiləsiz elektrik enerjisi, su təchizatı, zəruri avadanlıqlarla yüksək səviyyədə təmin olunmuşdur. Məntəqələrdə olduq. Məntəqələrdə yüksək seçici fəallığı yaşanırdı. Heç bir müdaxilə və təzyiq olmadan bütün seçicilər kabinəyə girərək öz layiqli namizədinə iradəsini ifadə edirdilər. 3, 4, 5, 6, 21, 22, 23, 24, 25 saylı seçici məntəqələrində ilk dəfə səs verən gənclərin seçki aktivliyi diqqətə layiq idi. Burada da müşahidəçilər Azərbaycanda keçirilən azad, ədalətli, şəffaf və demokratik seçkini təqdirəlayiq hesab edirdilər. 104 yaşına qədəm qoymuş Zeynəb İsmayılova öz səsini layiqli namizədinə verdiyi üçün məmnunluğunu bildirdi.
Zaqatala
112 saylı Zaqatala Seçki Dairəsinin 21 nömrəli Faldarlı kənd seçki məntəqəsi Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar bütün aidiyyəti işləri vaxtında uğurla yerinə yetirmişdir. Məntəqədə 1460 seçicidən 12 nəfəri ilk dəfə səsvermə hüququna malikdir. Kəndin ağbirçəyi, ən yaşlı seçicisi Lətifə Muradova evində səs vermiş, yeni parlamentə uğurlar arzulamışdır.
Məntəqənin sədri Şaban Əhmədov bildirdi ki, cari ilin 7 fevralında ümumxalq birliyi ilə keçirilən prezident seçkiləri parlaq hadisə oldu.
41 nömrəli Yuxarı Tala seçki məntəqəsi Cuma İsgəndərovun səriştəli rəhbərliyi ilə parlament seçkilərində də öz nümunəvi işi ilə diqqəti cəlb edir. Məntəqədə 1450 seçici qeydiyyata alınmışdır. Səsvermə ahəngdar şəkildə davam edirdi.
Abdulla Qurbanov uzun müddətdir ki, şəhər 10 nömrəli seçki məntəqəsinə rəhbərlik edir. Məntəqə 1259 seçicini əhatə edir.
111 saylı Zaqatala-Balakən Seçki Dairəsinin 37 və 38 nömrəli Dağlı kənd seçki məntəqələrində də Murad Vahidovun və Bayram Əliyevin rəhbərliyi ilə ahəngdar səsvermə prosesi diqqəti cəlb edirdi.
Azərbaycanın Milli Qəhrəmanı şəhid Məmmədov Natiqin atası ilə səsvermə günü Dağlı kəndində görüşdük. Gözəl insan Bəşir Məmmədov inanır ki, yeni parlamentimiz daha xoş müjdələrlə elimizi, obamızı sevindirəcəkdir!
110 saylı Balakən seçki Dairəsi üzrə 44 seçki məntəqəsində də səsvermə yüksək səviyyədə həyata keçirilirdi. Dairə Seçki Komissiyasının sədri Vahid Əliyev səsvermənin qanunauyğun şəkildə həyata keçirildiyini xüsusi olaraq qeyd etdi.
Salyan
Sentyabrın 1-də növbədənkənar parlament seçkiləri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının normativ sənədlərinə uyğun olaraq Salyanda 64 və 65 saylı seçki dairələrində keçirildi. Salyan-Biləsuvar-Neftçala 65 saylı Dairə Seçki Komissiyasının sədri Qəhrəman Cəbrayılov rayonunun seçicilərin seçkidə həmişəki kimi yüksək əhvali-ruhiyyədə iştirak etdiyini bildirdi. Dairə üzrə 49 məntəqə fəaliyyət göstərir, o cümlədən Biləsuvar ərazisində 6 məntəqəmiz, Neftçala ərazisində 5 məntəqəmiz var. 52333 seçicimiz qeydiyyatdan keçib. Onlardan 650 nəfəri ilk dəfə səs verənlərdir. 80-100 yaşlı nəslin nümayəndəsi 772 nəfərdir. Dairə Seçki Komissiyasında 10 nəfər deputatlığa namizəd qeydə alınıb. Bu müddət ərzində Dairə Seçki Komissiyasına heç bir ərizə və şikayət daxil olmayıb. Q.Cəbrayılov qeyd etdi ki, 9 seçici məntəqəsində veb-kamera quraşdırılıb, onun 2-si Biləsuvar məntəqəsindədir. Seçki məntəqələrində 897 müşahidəçi var. Məntəqə sədri qeyd etdi ki, saat 17:00-a olan məlumata görə, 18569 nəfər seçicimiz qeydiyyatdan keçib, bu da seçicilərin 35,48 faizi deməkdir.
64 saylı Salyan Seçki Dairəsinin Komissiya sədri Fuad Muradovun sözlərinə görə, 48 seçki məntəqələri kəndlərdə yerləşir. 6 seçki məntəqəsində veb-kamera quraşdırılıb. Seçki dairəsi üzrə 51848 seçici qeydə alınıb. Onlardan 472 nəfəri ilk dəfə səs verənlərdir. 2 nəfər gəncin bu gün 18 yaşı tamam olub. 80-100 yaşlı nəslin nümayəndəsi 712 nəfərdir. 100 yaşdan yuxarı 3 nəfərdir. Dairə Seçki Komissiyasında 9 nəfər deputatlığa namizəd qeydə alınıb. Dairə Seçki Komissiyası ərazisində qeydə alınmış namizədlər üçün bərabər şərait və sağlam rəqabət yaradılıb. Seçki dairəsində 706 müşahidəçi qeydiyyatdan keçib.
Füzuli
Ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub və yeni tarixi bir dövr başlanıb. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, məcburi köçkünlərin doğma yurda qayıdışı uğurla davam edir. Milli Məclisə növbədənkənar seçkilərlə bağlı Füzuli şəhərində seçicilərin səs verməsi üçün 4 məntəqə fəaliyyət göstərir. 75 saylı seçki məntəqəsinin sədri Ləman Məstalıyeva bildirib ki, Füzulidə səhər saat 8:00-da məntəqələr açıq elan olunan vaxtdan seçicilər səsvermədə fəal iştirak ediblər. Həmçinin səsvermə prosesi yerli və beynəlxalq müşahidəçilər tərəfindən də izlənilib və hər hansısa mənfi hal aşkarlanmayıb. Bütün seçki məntəqələrində olduğu kimi, 75 saylı seçki məntəqəsində də seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Qeyd edək ki, işğaldan azad olunan Füzuli şəhərində 75, 76, 77 və 78 saylı seçki məntəqələri fəaliyyət göstərir. Beynəlxalq müşahidəçilər işğaldan azad olunan Füzuli şəhərində Milli Məclisə keçirilən növbədənkənar seçkiləri izləyiblər. Beynəlxalq müşahidəçilər qrupunun tərkibində olan Britaniya Lordlar Palatasının üzvü Qurban Huseyni səsvermə prosesini Şuşada izlədikdən sonra Füzuli şəhərində olub. O, ölkəmizdə keçirilən seçkilərin Britaniyadakı seçkilərlə oxşarlıq təşkil etdiyini vurğulayaraq, prosesi izlədiklərini diqqətə çatdırıb. 84 saylı Füzuli Seçki Dairəsi Dairə Seçki Komissiyasından verilən məlumata görə, sözügedən dairə üzrə 78 seçki məntəqəsi var, 4 seçki məntəqəsi işğaldan azad olunan Füzuli şəhərində yerləşir. Dairə üzrə ümumilikdə 54246 seçici qeydə alınıb ki, onlardan da ilk dəfə səsvermədə iştirak etmək hüququ olanların sayı 583 nəfərdir. Bütün seçki məntəqələrində seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün lazımi şərait yaradılıb. Məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst şəkildə bildirmələri üçün kabinələr qoyulub. Dairə üzrə 8 nəfərin namizədliyi qeydə alınıb. Seçkilərin gedişatını izləmək üçün 1253 nəfər müşahidəçi qeydiyyatdan keçib. Füzuli şəhərində yerləşən məntəqələrdə seçkilər mütəşəkkilliklə başa çatıb. Seçicilər istədikləri namizədə səs veriblər. Seçkidə seçicilərin böyük əksəriyyəti iştirak edib.
"Respublika".