Son illər ölkəmizdə bütün sahələrdə köklü dəyişikliklər baş verir, islahatlar, abadlıq-quruculuq şəhərlərimizin görkəmini dəyişir. Paytaxt Bakıda vətəndaşların sosial problemləri - su, qaz, işıq kimi layihələr demək olar ki, başa çatdırılır. Xüsusən də yol infrastrukturunda uğurlu inkişaf əldə olunub. Bütün bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyevin rolu danılmazdır. Ölkə başçısının tikinti-quruculuq və abadlığın zövqlə, günün tələbləri səviyyəsində aparılmasına dair göstəriş və tövsiyələri təsərrüfat subyektlərinin üzərinə böyük məsuliyyət qoyur.
Prezident İlham Əliyevin vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi müvafiq sərəncam və tapşırıqlara əsasən kompleks tədbirlər həyata keçirilir. Bu tədbirlər çərçivəsində paytaxt Bakı şəhərinin bir çox ərazilərində, həmçinin respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə cari il ərzində bir neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılıb və bu istiqamətdə işlər davam etdirilir.
AAYDA-nın məlumatına görə, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı-Mərdəkan-Zuğulba avtomobil yolunun 8-ci kilometrində, Ziya Bünyadov prospektinin X.R.Ulutürk küçəsi ilə kəsişməsində yerüstü piyada keçidlərinin tikintisi yekunlaşıb, Beynəlxalq Hava Limanı-Mərdəkan avtomobil yolunun 3-cü kilometrində yerüstü piyada keçidinin tikintisi isə davam edir.
Respublika əhəmiyyətli avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissələrində də işlər başa çatıb. Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 72-ci kilometrində, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 262,5-ci kilometrində yerüstü piyada keçidlərinin tikintisi yekunlaşıb. Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 69-cu, həmin avtomobil yolunun 266,6-cı, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 26,5-ci kilometrdə yerüstü, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35,6-cı kilometrində, Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 43-cü kilometrində, Sabirabad rayonu ərazisində yerləşən piyada keçidinin, Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü kilometrində Ağcabədi rayonu ərazisində yerüstü piyada keçidinin tikintisi başa çatır.
Odur ki, Azərbaycan yol infrastrukturuna görə regionun ən inkişaf etmiş ölkəsi hesab olunur.
M.MİRZƏ,
"Respublika".