Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər
Kobe Liman Qülləsi
Yaponiyanın Kobe limanında hiperbola şəklində inşa olunan qüllə "Nikken Sekkei" memarlıq və tikinti şirkətinin memarı Takeo Naka tərəfindən layihələndirilib. Marikan parkında ucaldılan Kobe Liman Qülləsi məşhur rus mühəndisi V.Q.Şuxovun 1896-cı ildə tikdiyi "Hiperbola" qülləsi şəklində dizayn edilib. Qüllənin tikintisi 1963-cü ildə tamamlanıb. 1995-ci ildə Yaponiyada baş verən dağıdıcı zəlzələ zamanı heç bir zərər görməyən Kobe Liman Qülləsi möhkəm təməl üzərində tikilib. Unikal və eyni zamanda praktik qüllə Yaponiya Memarlıq İnstitutunun mükafatına layiq görülüb. 2023-cü ildə təmir-bərpa işləri aparılıb və qüllə yenidən istifadəyə verilib.
Poladdan hazırlanan qüllənin hündürlüyü 108 metrdir. 90 metr hündürlükdə isə müşahidə göyərtəsi yerləşir. Ənənəvi yapon qum saatını xatırladan binanın fasadına quraşdırılan minlərlə qırmızı LED lampalar sayəsində axşamlar tikili şəhərin ən maraqlı və görməli attraksionlarından birinə çevrilir. Kobe Liman Qülləsi hər il təxminən 3000 turist qəbul edir. Yaponiyanın məşhur fırlanan restoranı da məhz burada fəaliyyət göstərir.
Tədqiqat laboratoriyası
Qroningen Universitetinin Tibb Mərkəzinin Tədqiqat laboratoriyası Ben van Berkelin rəhbərlik etdiyi Hollandiyanın "UN Studio" bürosu tərəfindən hazırlanıb. Memar binanın interyer və eksteryerini eyni şəkildə dizayn edib. Parametrik memarlığın unikal əsərlərindən olan Tədqiqat laboratoriyası şəhərin ən görkəmli yerində inşa olunub.
Tünd alüminium panellərlə bəzədilmiş sadə bina əslində mürəkkəb memarlıq nümunəsidir. Belə ki, bükülmüş alüminium lövhələr binanın fasadında optik effekt yaradır və baxış bucağından asılı olaraq dəyişir. Parlaq rəngli elementlər isə binanın fasadını canlandırır və işıq effekti yaradır. Kompleksin aşağı hissəsindəki açıq sarı rəng binanın yuxarı hissəsinə doğru tədricən yaşıl rəngə keçir. Elmi laboratoriyada təbii işıqdan istifadə olunmadığı üçün binaya günəş işığının daxil olmasının qarşısı alınır. Burada yalnız iki şüşə boşluq var. Bu iki şaquli boşluq, kəsilmiş konusların asimmetrik formasına malikdir və bir-birini şaquli olaraq əks etdirir. Maraqlı odur ki, bu boşluqlar kənardan baxanda görünmür, yalnız daxili fasad kimi fəaliyyət göstərir. Şüşə boşluqların içərisində laboratoriyalara aparan spiral pilləkənlər yerləşir.
"Mapungubve" Tərcümə Mərkəzi
"Mapungubve" Tərcümə Mərkəzi Cənubi Afrika Respublikasının Musina bölgəsində Botsvana və Zimbabve ilə sərhəddə yaradılıb. Mərkəzin layihəsini Yohannesburq şəhərindən olan Peter Riç hazırlayıb. O, Cənubi Afrika Milli Parkları Assosiasiyasının elan etdiyi müsabiqənin qalibi olub. Afrika xalqının adət və ənənələrini yaşadan heyrətamiz mədəniyyət mərkəzinin tikintisi yerli ustalar tərəfindən həyata keçirilib. Tikintiyə nəzarət edən mühəndislər isə Henrix Kammeyer və Frans Prinslu olub. Memarın bu işi 2009-cu ildə Ümumdünya Memarlıq Festivalında "İlin binası" elan edilib.
2750 kvadratmetr ərazidə tikilən mərkəzin ümumi sahəsi 1130 kvadratmetrdir. Sərgi və tədris binasının hündürlüyü 14,5 metrdir. Aparılan arxeoloji kəşflərə və mənzərəsinə görə Ümumdünya İrs Siyahısına daxil edilən abidənin ərazisində tapılan artefaktlar və qəbirlər bu ərazinin Misir, İran, Hindistan, Malayziya və çinli tacirlər tərəfindən işğal edildiyini göstərir. Flora və faunanın müxtəlifliyi və zənginliyi ilə tanınan Musina bölgəsində min illik baobab ağacları bitir. Burada həmçinin 400-ə yaxın unikal quş növləri yaşayır. Elə bu səbəbdən, ətraf mühitə ziyan verməmək üçün kompleksin tikintisində yalnız yerli materiallardan istifadə olunub. Tikilinin bionik forması isə mənzərə ilə mükəmməl ahəng yaradıb.
Hazırladı:
Arzu ASİFQIZI,
"Respublika".