DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

LAVROV: TÜRKİYƏ ORDUSUNU SURİYADAN ÇIXARMAĞI MÜZAKİRƏ ETMƏYƏ HAZIRDIR

Türkiyə tərəfi qoşunlarının Suriyadan çıxarılmasını müzakirə etməyə hazırdır, lakin hələlik bu prosesin konkret parametrləri ilə bağlı razılığa gəlmək mümkün olmayıb. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib.

“Türklər buna hazırdır, lakin hələlik konkret parametrlər razılaşdırılmayıb. Söhbət qaçqınların geri qaytarılmasından, Türkiyə hərbçilərinin mövcudluğunu lüzumsuz edəcək terror təhlükəsinin qarşısının alınması üçün zəruri tədbirlərdən gedir”, - deyə Lavrov bildirib.

Rusiyalı diplomatın sözlərinə görə, Suriya hökuməti hesab edir ki, rəsmi Ankara ilə münasibətləri normallaşdırmaq üçün Türkiyə kontingentinin Suriyadan yekun olaraq çıxarılması prosedurunu dəqiq müəyyənləşdirmək lazımdır.

Eyni zamanda, nazir əlavə edib ki, Rusiya, Türkiyə, Suriya və İran yaxın gələcəkdə Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşdırılmasını müzakirə etmək üçün növbəti görüş keçirəcək.

İBRAHİM RƏİSİNİN HƏLAK OLDUĞU QƏZANIN YEKUN HESABATI AÇIQLANIB

İran prezidenti İbrahim Rəisinin helikopteri ölkənin Şərqi Azərbaycan əyalətində sıx duman səbəbindən dağla toqquşaraq qəzaya uğrayıb. “Trend” agentliyinin xəbərinə görə, bu barədə İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Helikopterin qəzaya uğramasının əsas səbəbi yaz aylarında bölgənin çətin iqlim şəraiti, yüksəkliyə qalxarkən qəfil qatı dumanın əmələ gəlməsi və helikopterin dağla toqquşması olub”, - deyə qurumun yekun hesabatında vurğulanır.

Eyni zamanda, hesabatda o da qeyd edilir ki, qəzaya uğrayan helikopterin texniki, mühəndislik, elektron və naviqasiya şəraiti diqqətlə ekspertizadan keçirilib və nəticə alınıb. Son 4 ildə helikopterin təmiri ilə bağlı sənədlərə də ekspertlər tərəfindən baxılıb və görülən işlər zamanı heç bir problem müşahidə olunmayıb. Helikopterin hissələri və sistemləri ekspert tərəfindən yoxlanılıb, hissə və sistemlərdə təxribat əlamətləri aşkar edilməyib.

Qeyd edək ki, göyərtəsində İbrahim Rəisi və digər rəsmi şəxslərin olduğu helikopter bu il mayın 19-da İran ərazisində qəzaya uğrayıb. Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs qəzada həlak olub.

QƏRB RUSİYANIN DÖZÜMLÜLÜYÜNDƏN DƏHŞƏTƏ GƏLİB

Rusiya Qərbin genişmiqyaslı təzyiqlərinə baxmayaraq, öz xarakterini, hərbi, sənaye və iqtisadi davamlılığını nümayiş etdirib. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə irlandiyalı jurnalist Çey Bouz “X” sosial şəbəkəsində qeyd edib.

“Qərbi ən çox dəhşətə gətirən odur ki, onların Rusiyanı məhv etmək üçün bütün səyləri onu əksinə gücləndirib”, - deyə jurnalist vurğulayıb.

Jurnalistin sözlərinə görə, son bir neçə ildə rəsmi Moskva bütün dünyaya öz hərbi, sənaye və mədəni davamlılığını nümayiş etdirir.

Xatırladaq ki, bir müddət öncə NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer Şimali Atlantika Alyansına üzv olan ölkələrin baş qərargah rəislərinin görüşündən sonra açıq şəkildə bəyan edib ki, NATO qüvvələri Rusiya ilə münaqişəyə hazırlaşmağa başlamalıdır.

İSVEÇ RƏSMİSİNDƏN MÜSƏLMANLARI HƏDƏF ALAN BƏYANAT

İsveç baş nazirinin müavini Ebba Buş televiziya kanalına müsahibəsində İslam və müsəlmanları hədəf alan bəyanatla çıxış edib. “Teleqraf.com”un xəbərinə görə, ölkə rəsmisi şəriəti dəstəkləyənlərin İsveç və Avropaya gəlməməli olduqlarını bildirib.

“Şəriət qanununun yaxşı bir fikir olduğunu düşünürsənsə, İsveçdə xoş qarşılanmayacaqsan. Əgər şəriət qanununun yaxşı bir fikir olduğunu düşünürsənsə, İsveç və Avropaya gəlməyə çalışmamalısan”, - deyə Ebba Buş vurğulayıb.

Bununla yanaşı, baş nazirin müavini qeyd edib ki, şəriət məsələsi gələcək üçün dəyərlər savaşıdır.

“İslam mədəniyyətimizə uyğunlaşmalıdır. Bunu edə bilməyən müsəlmanlar İsveçi tərk etməlidirlər. Burada şəriət qanunlarına yer yoxdur”, - deyə Ebba Buş əlavə edib.

TERRORÇULARIN ŞƏT-N SAMMİTİNİ POZMAQ İSTƏDİYİ MƏLUM OLUB

Pakistanda terrorçu “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının 2024-cü il oktyabrın 15-16-da keçirilməsi planlaşdırılan sammitini pozmaq istəyi üzə çıxıb. “Report” agentliyinin xəbərinə görə, bu barədə “The Express Tribune” qəzeti Pakistanın daxili işlər nziri Möhsin Nəqvinin Senatdakı çıxışına istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, bir neçə qrup Bəlucistandakı hücumlarda iştirak edib və əvvəlcədən bəzi terror aktları planlaşdırıblar. O, həmçinin ölkə hakimiyyətinin radikalların yaratdığı təhlükəni aradan qaldırmaq əzmində olduğunu vurğulayıb.

Qeyd edək ki, avqustun 27-də axşam saatlarında Bəlucistanda silsilə terror aktları baş verib. Radikalların hədəfləri orduya çağırış məntəqələri, polis məntəqələri və vilayətin nəqliyyat infrastrukturu olub.

Gün ərzində Mastunq, Kalat, Pasni, Suntsar, Sibi, Pəncqur, Turbat, Bela, Kvetta, eləcə də Qvadar şəhərlərində terror aktları qeydə alınıb. Hücumlara görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” qruplaşması üzərinə götürüb.

TRAMP SEÇİLƏCƏYİ TƏQDİRDƏ EDAM CƏZASINI bƏrpa etmƏk NİYYƏTİNDƏDİR

Donald Tramp ABŞ-da prezident seçkilərində qalib gələcəyi təqdirdə, vəzifədə olduğu ilk gündə Ədliyyə Nazirliyinin edamlara dair moratoriumunu ləğv edəcəyini və qanunun bütün gücünü iri narkotacirləri və hüquq-mühafizə orqanlarının qatillərini təqib etmək üçün istifadə edəcəyini bəyan edib. “Sputnik” informasiya agentliyi bu barədə sabiq prezidentin sözlərinə istinadən xəbər verib.

Eyni zamanda, Donald Tramp Meksika ilə sərhəddə kartellərin və qaçaqmalçıların vurduğu ziyandan danışıb. Onun sözlərinə görə, “ABŞ-a insanları namərdcəsinə və vəhşicəsinə öldürən, eləcə də onları zibil qutularına dolduran başkəsənlər və miqrantlar gəlir”.

Siyasətçi iddia edib ki, yüzlərlə insanın ölümündə narkotik satıcılarının günahı var: “Orta hesabla bir narkotacir yaşadığı həyat boyu 500 adamın ölümünə səbəb olur. Əgər narkotik epidemiyasını dayandırmaq istəyirsinizsə, edam cəzası tətbiq edilməlidir.

Xatırladaq ki, Donald Tramp administrasiyası 2019-cu ildə federal edam cəzasının tətbiqini bərpa edib. Nəticədə 13 federal məhbus edam olunub, lakin 2021-ci ilin iyul ayında baş prokuror Merrik Qarland bu qanunun ləğv olunduğunu açıqlayıb.

PERUDA YADPLANETLİLƏRİN MUMİYALARI AŞKAR EDİLİB

Perudan olan bir qrup məzar araşdırmaçısı respublika ərazisində çox sayda yeni yadplanetli mumiyaları aşkar ediblər. Bu barədə “Daily Mail” qəzeti məlumat yayıb.

Qəzetin təqdim etdiyi görüntülərdə iki mumiya və bədəndən ayrılmış kəllə sümüyünün təsviri əks olunub. Mumiyaların hündürlüyü, təxminən 152,4 sm təşkil edib.

Bildirilir ki, tapıntılar əvvəlki qazıntılarda aşkar edilmiş mumiyalara bənzər fosilləşmiş yosunlardan ibarət ağ tozla örtülüblər. Bundan əlavə, dəfn yerində daha bir neçə mumiyanın qaldığı qeyd olunub.

Alimlər mumiyalanmış canlıların ya tridaktil (üç barmaqlı) humanoidlər, ya da böyük cidd-cəhdlə hazırlanmış mistifikasiyanın bir hissəsi ola biləcəyinə əmindirlər.

Mistifikasiya versiyası ona əsaslanır ki, əvvəllər Peru hökumətinin nəzdində olan məhkəmə arxeoloqları belə bir nəticəyə gəliblər - ölkədə tapılan yadplanetli cəsədlərinin bir hissəsi müasir sintetik yapışqanlardan istifadə edilərək heyvan sümüklərindən hazırlanmış eybəcər kuklalardır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.