"Tonkosti.ru": Azərbaycan getdikcə daha məşhur məkana çevrilir
Rusiyalı turistlərin Azərbaycana marağı artıb.
"Tonkosti.ru" turizm saytı yazır ki, Azərbaycan Moskvada ölkənin tamhüquqlu rəsmi turizm ofisini açmağa hazırlaşır. Bu, turizm müəssisələri arasında qarşılıqlı əlaqə yaratmağa kömək edəcək və səyahət edənlər Azərbaycan, onun mədəniyyəti, adət-ənənələri və maraqlı yerləri haqqında daha çox məlumat əldə edəcəklər.
Turizm sənayesi üzrə ekspertlər qeyd edirlər ki, ölkələr arasında hər gün onlarla reys həyata keçirilir, Rusiyadan gələn turistlər üçün viza tələb olunmur. Təkcə 2024-cü ilin birinci rübündə Rusiyadan Azərbaycana turist axını ötən illə müqayisədə 40 faiz artıb və 6 ayın yekunlarına görə "Odlar Yurdu"nu ziyarət edən rusiyalıların sayı 430 min nəfərə çatıb.
"BelTA": Azərbaycan Belarusun quraşdırma evlərinin alınmasında maraqlıdır
Belarus quraşdırma (prefabrik) evlərinin nümunəsi Azərbaycana göndəriləcək.
"BelTA" yazır ki, Belarusun "Bellesbumprom" taxta, ağac emalı, sellüloz-kağız sənayesi konserninin sədri Aleksandr Pşenninin rəhbərlik etdiyi nümayəndə heyətinin, Meşə Təsərrüfatı Nazirliyinin, Şklovda yerləşən "Zavod Qazetnoy Bumaqi"nin və "BelTA" agentliyinin nümayəndələrinin videokonfrans formatında keçirilən görüşündə tərəflər Azərbaycana prefabrik evin göndərilməsi və belaruslu mütəxəssislərin köməyi ilə yığılması məsələlərini müzakirə ediblər.
Həmçinin Azərbaycanda turizm zonaları üçün Belarus evlərinin satışının mümkünlüyünə də toxunulub.
"Telekampaniya MİR": Külək turbinlərinin ilk komponentləri Azərbaycana çatdırılıb
Səudiyyə Ərəbistanı şirkəti tərəfindən Azərbaycana gətirilən yeni nəsil külək turbinlərinin ilk komponentləri Bakı Gəmiqayırma Zavoduna çatdırılıb.
Külək turbinlərinin komponentləri zavodun müvəqqəti anbar ərazisinə boşaldılıb, daha sonra 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasına quraşdırılma üçün tədarük olunacaq.
"Xızı-Abşeron" KES-in təməlqoyma mərasimi 13 yanvar 2022-ci ildə baş tutub. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Külək elektrik stansiyasının 2025-ci ildə istismara verilməsi planlaşdırılır.
"53 NOVOSTİ": Novqorod sahibkarlarına Azərbaycanda tərəfdaşlar tapmağa köməklik göstəriləcək
Novqorod biznesi üçün "Rusiyanın Azərbaycandakı Ticarət nümayəndəsi ilə bir saat" mövzusunda videokonfrans keçirilib. Regionun sahibkarları Rusiya Federasiyasının Azərbaycandakı Ticarət nümayəndəsi Ruslan Mirsayapovla danışıqlar aparıblar.
Azərbaycana ixracın xüsusiyyətlərindən danışan Ticarət nümayəndəsi vurğulayıb ki, 30 ildən artıqdır ki, Rusiya ilə Azərbaycan arasında azad ticarət haqqında saziş qüvvədədir. Bundan əlavə, hər iki ölkədə dövlət standartlarının və sertifikatların qarşılıqlı tətbiqi həyata keçirilir. Respublikada nəqliyyat dəhlizlərinin inkişafına diqqət ayrılır. Məhsulların Azərbaycana çatdırılmasında problem yaranmır, ödənişlərdə çətinlik yoxdur. Ötən ilin hesablaşmalarında milli valyutaların payı 60 faiz, 2024-cü ilin birinci yarısının nəticələrinə görə isə 75 faiz təşkil edib.
"Vestnik Kavkaza": Azərbaycanın amfibiya təyyarəsi ilə Türkiyədəki meşə yanğınlarına qarşı mübarizə davam etdirilir
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş təyyarə bu ölkənin şimal-qərbində yanğınsöndürmə əməliyyatında iştirak edir. Hazırda təyyarə Balıkesir əyalətində meşədəki yanğınla mübarizə tədbirləri həyata keçirir.
Bildirilir ki, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
"Respublika".