Azərbaycan dünya mediasında
Diaspor

Azərbaycan dünya mediasında

"Anadolu Ajansı": Özbəkistan və Azərbaycan Müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalayıblar

"Anadolu Ajansı" yazır ki, avqustun 23-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalayıblar. Görüşün əsas məqsədi sənaye, infrastruktur və regionlararası inkişafa dair ətraflı yol xəritələrinə diqqət yetirməklə strateji tərəfdaşlığı artırmaq və çoxşaxəli əməkdaşlığı genişləndirmək olub. Daha sonra mətbuat konfransı zamanı Şavkat Mirziyoyev cənab İlham Əliyevin dövlət səfərindən böyük məmnunluq duyduğunu bildirib və bunu iki ölkə arasında çoxillik dostluq münasibətlərində "tarixi mərhələ" kimi dəyərləndirib.

"Yeni Şafak": Azərbaycan Ermənistanı noyabrda keçiriləcək BMT-nin iqlim dəyişikliyi konfransına dəvət edib

Türkiyənin "Yeni Şafak" xəbər saytı Azərbaycanın Ermənistanı COP29-a dəvət etməsi barədə məlumat yayımlayıb. Məlumatda qeyd olunub ki, rəsmi Bakı konfransda iştirak etmək üçün dünyanın bütün dövlət başçılarına dəvət göndərib. Bu barədə Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov Türkiyə mediasına müsahibəsində deyib. O bildirib ki, 50-dən çox dövlət və hökumət başçısı COP29-da iştirak edəcəyini təsdiqləyib. "Bu rəqəmin artacağını gözləyirik. Ermənistan da dəvət olunub".

"Viet Nam News": Vitse-prezident Azərbaycan Prezidentinin xüsusi nümayəndəsini qəbul edib

Vitse-prezident Vo Txi An Xuan Hanoy şəhərində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyovu qəbul edib.

"Viet Nam News" xəbər verir ki, görüşdə Xuan ikitərəfli əlaqələrin müsbət trayektoriyasından məmnunluğunu ifadə edərək, müxtəlif səviyyələrdə nümayəndə heyətlərinin mübadiləsini, çoxtərəfli forumlarda qarşılıqlı dəstəyi və iqtisadi-ticarət əməkdaşlığında güclü addımları qeyd edib.

Onun sözlərinə görə, əməkdaşlığın diqqətəlayiq sahələrindən biri təhsildir və Azərbaycan vyetnamlı kadrların neft-qaz, rabitə və donanma sahələrində hazırlanmasında mühüm rol oynayır.

Xuan xüsusən də mədəni, regional və Birləşmiş Millətlər Təşkilatının çoxtərəfli forumlarında qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Vyetnam Azərbaycanın Cənub-Şərqi Asiyada Dostluq və Əməkdaşlıq Müqaviləsinə (TAC) üzvlük namizədliyini dəstəkləməyə hazırdır və Azərbaycan İqtisadi-Kommersiya və Elmi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komitə tezliklə nəzərdən keçirməlidir.

E.Əmirbəyov neft-qaz sahəsində bütün səviyyəli səfərlərin və əməkdaşlığın asanlaşdırılmasını da təklif edib.

Hər iki tərəf mina və partlamamış hərbi sursatların təmizlənməsi üzrə təcrübə və metodların mübadiləsi üzrə istiqamətlər barədə razılığa gəliblər.

"Anadolu Agentliyi": Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşması üçün danışıqlar aparılır

"Anadolu Agentliyi" xəbər verir ki, məlumat Kremlin rəsmi saytında yerləşdirilib. "Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırması məsələlərinin, eləcə də Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqları nəzərə alınaraq davam etdirilməsi müzakirə olunub.

Rusiya tərəfindən gələcəkdə də Ermənistan və Azərbaycan sülh müqaviləsinin hazırlanması, delimitasiya və demarkasiya prosesinin aparılması, eləcə də nəqliyyat-logistika əlaqələrinin bərpası məsələsində kömək etməyə hazır olduğu təsdiqlənib".

"Respublika".